Milli Məclisin iclası keçirilib Siyasət

Milli Məclisin iclası keçirilib

Fazil Mustafa: "Millət vəkilləri həmkarımız Elxan Süleymanovun Sərsənglə bağlı təşəbbüsünə dəstək verməlidirlər"
Zahid Oruc: "Bir dəfə görmüsünüz ki, Barak Obama Qarabağa görə Putinə telefon açsın?"
Vahid Əhmədov: "Qlobal səviyyədə şəbəkələşmiş gizli bir gücün hakimiyyət strukturlarına sızması Azərbaycan dövlətçiliyi üçün təhlükəlidir"

Dünən Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçrildi. Parlament sədrinin 1-ci müavini Ziyafət Əsgərovun sədrliyi ilə başlayan iclasda əvvəlcə cari məsələlərə yer verilib.
Öncə millət vəkili Zahid Oruc çıxış edərək beynəlxalq təşkilatların və böyük dövlətlərin ikili standartlardan danışıb: "Nə üçün Ermənistan bu günə kimi sanksiyalara məruz qalmayıb? Ona görə ki, Azərbaycanın əhəmiyyəti Ukraynadan aşağıdır? Ona görə ki, Xəzər dənizi resursları Qara dənizinki kimi əhəmiyyət kəsb etmir? Baxın, Barak Obama Ukrayna hadisələrinə görə artıq 8-ci dəfədir ki, Putinə telefon açır. Avropa ölkələrinin rəhbərləri ilə danışıqlar aparır. Buna bir sözümüz yoxdur. Dünyanın güc mərkəzləridir. Bir dəfə görmüsünüz ki, Barak Obama Qarabağa görə Putinə telefon açsın? Hətta bu o qədər baş verməyib ki, tribunadan bunun səsləndirilməsi bir qədər ritorik səslənmir, insanları da inandırmır".
Millət vəkili Qənirə Paşayeva isə ön cəbhədə baş verənlərdən danışıb. Sərhəd kəndlərdə yaşayan insanların qəhrəman olduqlarını qeyd edən millət vəkili bildirib ki, ermənilər snayperlə qadın-uşaq demədən evləri atəşə tuturlar. Qənirə Paşayeva düşmən gülləsi altında evlərini tərk etməyən kəndlərdə yaşayan insanlara bir sıra güzəştlər olunmasını təklif edib: "Təklif edirəm ki, ön cəbhədə yerləşən kəndlərdən ali məktəblərə daxil olan gənclər ödənişli təhsildən azad olunsunlar. Hər halda o cür gərginlik altında yaşayan gənclərlə digər rayonların sakinləri arasında ciddi fərq var. Kommunal xidmətlərdə güzəştlərin tətbiqi də həmin kəndlərin sakinlərinə böyük dəstək olardı".
Belə kəndlərə sərmayə qoyuluşunun az olduğunu diqqətə çatdıran Qənirə Paşayeva həmin ərazilərdə iş quran adamların vergidən azad olunması təklifini də irəli sürüb. O bildirib ki, bu, həmin yerlərdə yeni iş yerlərinin açılmasına təsir edərdi: "Sosial yardımların təyin edilməsində də müəyyən dəstək göstərilməsi yaxşı olardı. Digər tərəfdən, o kəndlərdə dağıdılmış evlərin bərpasının daha sürətli aparılmasına ehtiyac var. Birbaşa düşmənin hədəfi altında olan evlərin ətrafında müdafiə divarlarının çəkilməsi də vacib addımlardandır. Elə evlər var ki, tam hədəfə alına bilər, evlərin içi görünür. Ona görə də belə evlərin ətrafına hasar çəkilməlidir".
Millət vəkili Fazil Mustafa isə Sərsəng su anbarında yaranmış təhlükə ilə bağlı həmkarı, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun AŞ PA-da uğurlu fəaliyyətindən danışıb və parlamentariləri də dəstək olmağa çağırıb: "Həmkarım Elxan Süleymanovun təşəbbüsü ilə çox ciddi müzakirə sənədi qəbul olunub. Bu sənəd Azərbaycanın milli maraqlarına təsir edən bir məsələdir. Xahiş edirəm, Yevlax, Bərdə Ağdam və Tərtərin millət vəkilləri də bu məsələdə ciddi həssaslıq göstərsinlər. Çünki iyulun 12-də Nikosiyada bu məsələ ilə bağlı məruzəçi təyin olunacaq. Həmin məruzəçinin materiallarla təmin olunması vacibdir. Sərsəng su anbarının hündürlüyü 128 metrdir. Ermənilər hər hansı təxribat törətməsələr belə hər hansı bir qəza baş verərsə, 400 min Azərbaycan vətəndaşı bir saat ərzində məhv olma təhlükəsi qarşısındadır. Odur ki, məruzəçinin gəlişi ərəfəsində onun materiallarla təmin olunmasına ehtiyac var. Təhlükəni önləmək üçün hamının vacib addımlar atması lazımdır".
Bundan sonra deputat "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunun müzakirəsinə ehtiyac olduğunu deyib: "Çox vaxt istintaqın gəldiyi nəticələr özünü təsdiq etməyəndə insanlar əsassız olaraq daha çox həbs yerlərində saxlanılırlar. Təklif edirəm ki, bu məsələni təklif kimi nəzərə alsınlar".
Deputa Musa Qasımlı isə diqqəti Azərbaycanda turizmin zəif inkişaf etməsinə yönəltdi: "Əgər bizdə turizm imkanları Mədəniyyət və Turizm Nazirliyinin bildirdiyi kimidirsə, nə üçün insanlar istirahət etmək üçün xaricə üz tuturlar? Mədəniyyət və Turizm Nazirliyi əhali arasında sorğu keçirməlidir, bunun səbəbini aydınlaşdırmalıdır. Bölgələrdə turizmin inkişafı üçün işlər görülməlidir".
Deputat Mədəniyyət və Turizm Nazirliyinə təkliflərini də ünvanlayıb. Bildirib ki, səfirliklərimizdə mədəniyyət və turizm şöbələrinin açılmasına ehtiyac var.
Deputat Vahid Əhmədov isə Ukraynadakı duruma toxunaraq deyib ki, bu ölkə ətrafında baş verən proseslərdən ruhlanan bəzi qüvvələr tələskənliyə yol verib: "Onlar bununla həqiqi iç üzlərini ortaya qoydular. Təəssüf ki bu cür qüvvələr hakimiyyət strukturlarına da sıza bilir. Qlobal səviyyədə şəbəkələşmiş gizli bir gücün hakimiyyət strukturlarına sızması Azərbaycan dövlətçiliyi üçün təhlükəlidir. Belə bir gücün hakimiyyət strukturlarına sızması gələcəkdə dövlət içində dövlətin yaranmasına gətirib çıxara bilər. Bu da gələcəkdə Azərbaycanın müstəqil şəkildə və heç bir qüvvədən asılı olmayan siyasət yürütməsinə məhdudiyyətlər yaradar.
Əgər onların qarşısı indi alınmasa, bu təhlükə reallaşacaq. Hamı bilməlidir ki, Azərbaycanda bütün fəaliyyət millətin və dövlətin təhlükəsizliyi və rifahı üçündür. Müstəqilliyimiz hər şeydən əzizdir və dövlətin toxunulmazlığı qırmızı xətdir".
Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə vurğulayıb ki, Azərbaycanda dövlət xaricə müalicəyə gedənlərlə bağlı məsələləri öz əlində cəmləyə bilər: "Xarici ölkələrə müalicəyə gedənlər bəzən fırıldaqla üzləşir və bunun qarşısını almaq üçün Azərbaycanda səhiyyə turizmi şöbəsi yaradılmalı, dövlət bu işi öz üzərinə götürməlidir. İnsanlarımız xaricə müalicəyə dövlət xətti ilə getsə, artıq xərcə düşməkdən, lazımsız müayinələrə cəlb olunmaqdan xilas ola bilərlər, müalicə daha effektiv və zəmanətli olar".
Deputat İqbal Ağazadə çıxışında Respublika günü ilə bağlı amnistiya təklif edib: "Azərbaycanda heç bir cinayət törətmədiyi halda siyasi motivlərlə həbs olunmuş xeyli insan var. "Nida"çı gənclərin məhkəməsində prokuror onlara iş istəyib. Onlara 6, 8 il həbs istənilməsi absurd məsələdir. Nə vaxta qədər ölkədə bu cür məhkəmə prosesləri davam edəcək? Qarşıdan əlamətdar bayram günləri gəlir, təklif edirəm ki, Milli Məclis amnistiya aktı qəbul etsin və siyasi motivlərlə həbs olunanlar azadlığa buraxılsın".
İclası aparan Ziyafət Əsgərov deputata cavab olaraq deyib ki, Azərbaycanda siyasi məhbus yoxdur: "Konkret cinayət əməlinə görə həbs edilmiş insanlar var, vəssalam!"
YAP-çı deputat Siyavuş Novruzov isə qeyd edib ki, gənclərin məhkəməyə düşməsinə görə onları öyrədənlər məsuliyyət daşıyır: "Bunu uşaqları öyrədib əlinə "Molotov kokteyli" verib polisə hücum edən insanlardan soruşun. Niyə xalqın uşaqlarını bədbəxt edirsiz? Azərbaycanda siyasi məhkəmə yoxdur. Bu termin haradan çıxdı? Hələ çıxmamış qərarın üstünə kölgə salmaq olmaz. Hüquq müstəvisində çıxarılan qərardan narazı olanlar digər instansiyalara müraciət edə, Avropa Məhkəməsinə üz tuta bilər. Ölkədə dəfələrlə əfv fərmanları verilib. Ona görə yox ki, kim siyasi partiyanın üzvdürsə, əfvə düşəcək. Kimin maddəsi bura düşürsə, o azad oluna bilər. Hər kəs qanun qarşısında cavabdehdir".
CAVAHŞİR