“Ermənistan aprel döyüşlərindən nəticə çıxarmayıbsa, müharibənin başlanması ehtimalı artacaq” Siyasət

“Ermənistan aprel döyüşlərindən nəticə çıxarmayıbsa, müharibənin başlanması ehtimalı artacaq”

Elxan Şahinoğlu: "Ermənistan cəmiyyəti onu da yaxşı anlayır ki, müharibənin nəticələri onlar üçün xeyirli olmayacaq"

Qabil Hüseynli: "Münaqişənin müəyyən həll variantları masa üzərindədir"

Elman Nəsirov: "Artıq Azərbaycanın haqlı mövqeyi daha çox müdafiə olunmağa başlanıb"

Son günlər Dağlıq Qarabağ probleminin həlli istiqamətində əsaslı addım atılacağı ilə bağlı müxtəlif versiyalar səslənsə də, hələ ki real nəticə yoxdur. Xüsusən az öncə müşahidə edilən diplomatik aktivlik ictimaiyyətdi ümidləndirmişdi. Hazırda durum nə yerdədir və real nəticəyə ümid etmək olarmı?
"Atlas" araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildiirb ki, aprel döyüşlərindən sonra danışıqların atmosferi dəyişib: "Çünki 20 illik atəşkəsdən sonra Azərbaycan ordusu gücünü göstərdi və bir sıra mövqelərimiz geri qaytarıldı. Həm Ermənistan, həm də dünya ictimaiyyətinə aydın oldu ki, əgər danışıqlar masasında Ermənistan Qarabağ ətrafındakı torpaqları qaytarmasa, Azərbaycan ordusu yenə də hərəkətə keçəcək. Ermənistanın özündə də Qarabağla bağlı müzakirələr gedir. Sadəcə, sayla bağlı müxtəlif fikirlər səslənir. 2, 3, 5, hətta 7 rayonun geri qaytarılması barədə fikirlər səsləndirənlər var. Özləri də o müzakirəni aparmaqla anlayırlar ki, Qarabağ ətrafındakı torpaqlar boşaldılmadan münaqişənin həllində irəliləyiş olmayacaq. Azərbaycan status məsələsini sonraya saxlayıb. Düşünürəm ki, Ermənistanda böyük ixtilafın yaranması bununla bağlıdır ki, nə qədər rayon qaytarılacaq və qaytarıldığı təqdirdə nə baş verəcək?!"
Ekspertin sözlərinə görə, Ermənistanın Qarabağ məsələsində güzəştə getmək istəməməsi ölkə daxilində mövcud olan münaqişələrlə də bağlıdır: "Burda bir məqama diqqət çəkmək lazımdır. Bu gün Ermənistanda hakimiyyət uğrunda mübarizə gedir. Konstitusiya dəyişir və əsas səlahiyyət sahibi parlament, parlamentin seçəcəyi baş nazir olacaq. Prezidentin səlahiyyətləri azalacaq. Sarkisyan da öz partiyası ilə parlament seçkilərində daha çox yer almağa çalışmaq istəyəcək ki, baş nazir səlahiyyətlərini ələ keçirsin. Ona görə də müxalifət Qarabağ kartından Sarkisyana qarşı istifadə edir. Hər yerdə belə informasiyalar yayırlar ki, Sarkisyan Qarabağı satıb və Qarabağ ətrafındakı rayonları boşaldacaq. Halbuki, hazırda Sarkisyanın belə bir addım atmaq fikri yoxdur. Qarabağ mövzusu Ermənistan daxilində hakimiyyət uğrunda mübarizə predmetinə çevrilib. Amma hər iki tərəf, həm Ermənistan hakimiyyəti, həm də müxalifəti başa düşür ki, əgər ilin sonuna qədər Ermənistan hər hansı addım atmazsa və aprel döyüşlərindən nəticə çıxarmayıbsa, müharibənin başlanması ehtimalı yenə də artacaq. Ermənistan cəmiyyəti onu da yaxşı anlayır ki, müharibənin nəticələri onlar üçün xeyirli olmayacaq. Digər tərəfdən aprel döyüşlərində Azərbaycan şəhid övladlarını qürurla dəfn edirdi. Ermənistanda isə bu, gizli şəkildə həyata keçirildi. Çünki onlar başqa bir dövlətin ərazisində ölüblər. Bunun özü də Azərbaycanın psixoloji üstünlüyüdür. Həmçinin, Qarabağda doğulanlarla Ermənistanda doğlulanlar arasında da nifaq var. Bu nifaq get-gedə dərinləşir".
Politoloq Qabil Hüseynli isə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə diqqət çəkib. Politoloq əlavə edib ki, görüş müəyyən qədər gecikə bilər, lakin bütövlükdə gecikməyəcək. O qeyd edib ki, ilk növbədə XİN rəhbərlərinin, sonra isə prezidentlərin görüşü baş tuta bilər. Bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair hansısa irəliləyişin olub-olmayacağı barədə sualı cavablandıran Q. Hüseynli bildirib ki, mətbuata inansaq, münaqişənin müəyyən həll variantları artıq masa üzərindədir: "Bu həll variantları az qala razılaşdırılıb. Amma hər halda Azərbaycanı qane etməyən tərəfləri də var. Bu Dağlıq Qarabağın statusu məsələsidir".
Politoloq hesab edir ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılması mərhələli şəkildə mümkün ola bilər: "Bunun müqabilində Dağlıq Qarabağın statusu məsələsi gündəmə gəlir. Ziddiyyətlər çoxdur, konsensus tapılmalıdır. Belə fikirlər də var ki, Qarabağ Azərbaycanın tərkibində qala bilər, amma bölgədə rus qoşunları yerləşdirilməsi də mümkündür. Azərbaycan bəlkə də buna razı olar. Bu tam dəqiq deyil, amma bu barədə fikirlər yayılıb". Politoloq vurğulayıb ki, müxtəlif həll variantları var. Öncə bu variantlar ətrafında XİN rəhbərləri görüşməlidir, sonra da prezidentlər görüşəcək. Q. Hüseynli güman edir ki, payızda prezidentlərin görüşü baş tutacaq.
Millət vəkili, politoloq Elman Nəsirov da hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində bu ilin aprel döyüşlərindən sonra keyfiyyətcə yeni mərhələ başlanıb. Millət vəkilinin sözlərinə görə, bu yeni mərhələ hələ ki, ilk növbədə, özünü diplomatik səylərdə göstərməkdədir: "Son danışıqlardan sonra çox inamlıyıq və ümid edirik ki, bu diplomatik səylər, xüsusilə də, münaqişənin həllində böyük potensiala malik Rusiyanın dövlət başçısının Azərbaycana səfəri, üçtərəfli format çərçivəsində aparılan danışıqlar, İran və Rusiya dövlət başçılarının münaqişənin həllinin beynəlxalq hüquq prinsipləri çərçivəsində tənzimlənməsi ilə bağlı fikirlər səsləndirmələri çox önəmlidir. Əslində, bunlar diplomatik yanaşmalardır. Ancaq görəndə ki, Bakıda Rusiya və İran dövlətlərinin prezidentləri açıq şəkildə qeyd edirlər ki, bu münaqişə beynəlxalq hüquq prinsipləri çərçivəsində həllini tapmalıdır - beynəlxalq hüquq deyəndə, təbii ki, BMT-nin Nizamnaməsi, ATƏT-in yekun sənədləri və digər mühüm sənədlər nəzərdə tutulur. Yəni, söhbət dövlətlərin ərazi bütövlüyü prinsipləri çərçivəsində həllindən gedir". Elman Nəsirovun qənaətincə, aprel döyüşlərinin ən mühüm nəticələrindən biri də ondan ibarətdir ki, bizim təkcə hərbi vətənpərvərlik ruhumuz artmayıb: "Biz təkcə 2 min hektar ərazini geri qaytarmamışıq, eyni zamanda, işğal altında olan ərazilərimizin tamamilə geri alınması üçün çox gözəl platforma əldə etmişik. Artıq Azərbaycanın haqlı mövqeyi daha çox müdafiə olunmağa başlanıb. Qeyd etdiyim kimi, Rusiya Prezidentinin Azərbaycana səfərinin ardınca Turkiyə Prezidentinin Sankt-Peterburqa, Ermənistan prezidentinin Moskvaya səfərləri zamanı aparılan danışıqlarda da münaqişənin həlli ilə bağlı məsələnin diqqət mərkəzində saxlanılması belə bir qənaətə gəlməyə əsas verir ki, münaqişənin nizamlanmasında müsbət nəticələrin şahidi olacağıq. Hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri də cidd-cəhdlə çalışırlar ki, prezidentlər səviyyəsində görüş olsun. Düşünürəm ki, həmin görüşdə İran və Rusiya prezidentlərinin son bəyanatları böyük əhəmiyyət kəsb edəcək. Hesab edirəm ki, Ermənistan prezidentinin Moskvaya son səfərindən sonra da müəyyən dəyişikliklərin və irəliləyişlərin şahidi olacağıq. Bunun üçün hazırda əlverişli şərait yaranıb. Elə bir şərait ki, bu vaxta qədər heç zaman müşahidə olunmayıb. Aprel döyüşləri Ermənistana elə bir dərs oldu ki, daha bundan sonra işğalçı dövlətin prezidenti danışıqlar naminə danışıqlara qatılmayacaq. Ona görə də fikrimcə, son hadisələr də təsdiqləyir ki, münaqişənin həllində keyfiyyətcə yeni mərhələnin əsası artıq özünü büruzə verir". Millət vəkili hesab edir ki, bir müddət əvvəl Bakıda keçirilən Azərbaycan-Rusiya-İran prezidentlərinin görüşü də bu mənada müsbət tendensiya kimi hesab edilə bilər: "Ölkəmizin bu siyasəti və Prezidentimizin bu addımları qarşı tərəfdə - Rusiya və İranda müsbət dəyərləndirilib. Üçtərəfli Bakı Zirvə görüşünün sonunda imzalanmış yekun sənəddə-Bəyannamədə beynəlxalq terrorizmə qarşı mübarizə məsələlərində hər üç dövlətin birgə əlaqələndirilmiş məsələləri ön plana keçib. Bu məsələlərdə fikir söyləmək, mövqe bildirmək bir şeydir, amma dediyin sözlə əməlinin üst-üstə düşməsi başqa bir şeydir. Cənab Prezidentin dediyi kimi, Azərbaycan dövləti, əslində, dünya miqyasında böyük dövlət olmasa da, bizim sözümüzün çəkisi və mənası böyükdür. Yəni biz bir mövqe bildiririksə, fikir söyləyiriksə, o, mütləq əməli işdə öz təsdiqini tapır və buna qiymət də verilir. Məsələn, Rusiya Prezidenti Azərbaycan Prezidenti ilə görüşmək üçün Bakıya gəldi, çox mühüm məsələlər müzakirə edildi, zəruri Bəyanat qəbul edildi. Təbii ki, təyyarə ilə cəmisi 40-45 dəqiqə vaxt aparan qonşu Ermənistana gedib bu ölkənin başçısı Serj Sərkisyanla Yerevanda da görüşə bilərdi. Ancaq O, Moskvaya qayıtdı və Ermənistan prezidentini öz yanına çağırdı və dedi ki, Azərbaycan iqtisadi cəhətdən güclü, müstəqil bir dövlətdir və kimdən istəsə, lazım olduğu qədər silah ala bilər. Bu, Ermənistan rəsmilərinin "Rusiya Azərbaycana silah satır" iradına verilən tutarlı cavab oldu".