“Qarabağ planı”na agentlər daxil oldu Siyasət

“Qarabağ planı”na agentlər daxil oldu

Politoloq İlqar Vəlizadə: "İrəvan növbəti görüşdə artıq mövqeyini ortaya qoymalıdır"

Politoloq Qabil Hüseynli: "Rusiya müəyyən reveranslar etsə də, bunların hamısı heç də səmimi deyil"

Rusiya prezidentinin administrasiyası xüsusi xidmət orqanlarından "Qarabağ layihəsi" haqqında öz rəylərini verməyi tələb edib. Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü layihənin həyata keçməsi üçün bütün variantlar üzərində düşünür. Xüsusi xidmət orqanlarına verilən tapşırıq da bunun bir hissəsidir.
Məlumata görə, Rusiya xarici kəşfiyyat idarəsinin rəhbərləri administrasiyaya təqdim etdikləri hesabatda təkliflərin və mövqelərin bir-biri ilə uyğunlaşdırılmasını məsləhət görürlər. Həmçinin, onlar münaqişənin həllinə razılığın əldə olunması üçün Ermənistan və Azərbaycanda qarşılaşa biləcəkləri çətinlikləri araşdırıblar.
Qeyd edək ki, Putinin irəli sürdüyü "Qarabağ layihəsi" işğal olunmuş rayonların (5+2) qaytarılmasını, bölgəyə sülhməramlıların yerləşdirilməsini, daha sonra Qarabağın statusunun müəyyən edilməsini nəzərdə tutur.
Politoloq İlqar Vəlizadə deyib ki, Ermənistanın mövqeyi hələ məlum deyil və İrəvan özünü çox qeyri-ciddi aparır. Ekspert İrəvana verilən vaxtın artıq tükəndiyini bildirib: "İrəvan növbəti görüşdə artıq mövqeyini ortaya qoymalıdır. Hazırkı proses tərəflərə verilən vaxtın nə dərəcədə səmərəli istifadə edilib-edilməməsindən asılıdır. Həm Azərbaycan, həm də Ermənistan tərəfi sözügedən görüşə hazırlıq görür. Minsk Qrupu bu yöndə işləyir, proses bu və ya digər şəkildə gedir. Gündəmdə olan əsas məsələ rayonların boşaldılması və bunun qarşılığında Ermənistanın blokadadan çıxarılmasıdır. Hər iki tərəf prosesin reallaşması üçün müəyyən addımlar atmalıdır. Bu addımların arasında təhlükəsizlik məsələləri ilə bağlı proqramın hazırlanması da yer alır. Ermənistanda bu məsələlər diskussiya olunsa da, iqtidar əks görüntü yaradır, vəziyyəti ötən illərdəki kimi təqdim edir. Son zamanlar qondarma rejimin 25 illiyi və Şuşada yataqxana kompleksinin açılışı bu qəbildən olan gülünc hərəkətlərdir. İrəvan ictimaiyyəti məhz bu yolla aldadır".
Politoloq bildirib ki, Azərbaycan müharibə ehtimalını heç də kənara qoymayıb: "Bu ərəfələrdə Azərbaycanın müdafiə naziri tərəfindən cəbhə xəttinin möhkəmləndirilməsi, ələ keçirilən mövqelərdə müəyyən bərkitmə işlərinin aparılması və yeni qurğuların qurulmasına dair göstərişlər verilib. Bu o deməkdir ki, Azərbaycan müharibə ehtimalını heç də kənara qoymayıb. Payızda prezidentlərin növbəti görüşü baş tutacaq. Azərbaycanın mövqeyi bəllidir, görüşə hazırlıq gedir, şərtləri dəyişmir və hər an torpaqlarını hərb yolu ilə azad etmək iqtidarındadır. Maraqlıdır, Ermənistan tərəfinin görüşdə deməyə sözü olacaqmı? Çünki İrəvanın mövqeyi hələ də məlum deyil. Bütün hallarda növbəti görüşdə hər şey aydın olacaq. İrəvan ya masadakı təkliflərlə razılaşacaq, ya da verilən vaxtdan qeyri-ciddi istifadə etdiyinə görə mümkün yeni müharibənin tarixini gerçəkləşdirəcək".
Politoloq Qabil Hüseynli isə bildirib ki, bu gün Azərbaycan ordusu bütün Dağlıq Qarabağ ərazisini nəzarət altında saxlamağa imkan verən strateji yüksəkliklərə malikdir və bu, lazım gəldikdə uğurlu döyüş əməliyyatlarını aparmaq üçün istifadə ediləcək. Politoloqun sözlərinə görə, əhalisinin sayı günbəgün azalan, iqtisadiyyatı ölən Ermənistan Azərbaycan torpaqları hesabına çox yaşaya bilməz: "Açığı, görünür, ermənilərlə xoşluqla Azərbaycanın ərazi bütövlüyünü təmin edən nəticələrə nail ola bilməyəcəyik. Çünki o dərəcədə ağlasığmaz xəyallarla məst olublar ki, hətta cəsarət edib Ağdam, Füzulinin adını dəyişdirirlər. Bütün bunlar göstərir ki, kiçik xalq böyük arzularla yaşaya bilməz. Hərbidə belə bir söz var - barıtı hər zaman quru saxla. Reallıq ondan ibarətdir ki, ərazi bütövlüyümüzün bərpası prosesi elə də asan olmayacaq. Rusiya müəyyən reveranslar etsə də, bunların hamısı heç də səmimi deyil. Çünki Dördgünlük savaşdan sonra Sərsəng su anbarını almaq üzrəydik. Sərsəng su anbarı Azərbaycanın böyük bir ərazisinin suvarılması, aqrar sektorun inkişafı üçün tükənməz bir mənbədir".

Q.Hüseynli son günlər müdafiə nazirliyinin apreldə ələ keçirilən yüksəkliklərdə möhkəmləndirmə işləri ilə bağlı göstərişini qətiyyən təsadüfi saymır: "Lələtəpə, Talış yüksəkliyinin davamı olan və Tapqaraqoyunlu kəndinə qədər uzanan 14 yüksəkliyin hamısında ciddi texniki işlərin aparılması tələb olunur. Sözügedən yüksəkliklər kodlaşdırılmış şəkildə minalanıb və ciddi qoşun kontingenti yerləşdirilib. Vaxt gələcək, həmin yüksəkliklər Dağlıq Qarabağın daha uzaq nöqtələrini vurmaq üçün döyüş yüksəkliyi kimi istifadə ediləcək. O diplomatiya uğur qazanır ki, onun arxasında güclü ordu dayanır. Azərbaycan da məhz bu prinsiplə hərəkət edir".
Politoloq hazırda Ermənistanın hərəkətlərinin diqqətlə öyrənildiyini və buna uyğun nəticələr çıxarıldığını deyib: "Ermənilərin indiyəqədərki hərəkətlərinin heç biri uğurlu danışıqlar diplomatiyası üçün zəmin yaratmır və sülh üçün təminat vermir. Bu səbəbdən Azərbaycan bir tərəfdən payızda danışıqlara hazırlaşır, digər tərəfdən isə hərbi potensialını artırır. Çünki Azərbaycan, belə getsə, danışıqları sabotaj edən Ermənistanla hərbi dildə danışmaq məcburiyyəti qarşısında qalacaq".