“Referenduma çıxarılan dəyişikliklər vətəndaşların həyat tərzinin daha da yaxşılaşdırılmasına hesablanıb” Siyasət

“Referenduma çıxarılan dəyişikliklər vətəndaşların həyat tərzinin daha da yaxşılaşdırılmasına hesablanıb”

Azər Verdiyev: " Burada əsas məqam insan hüquq və azadlıqlarının ən ali səviyyədə qorunmasıdır"

Aqiyə Naxçıvanlı: "Konstitusiya islahatları həm də Azərbaycanın demokratik inkişafına xidmət edir"

Məlum olduğu kimi Azərbaycan növbəti mühüm siyasi proses ərəfəsindədi. Belə ki, sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçiriləcək. Məlumat üçün qeyd edək ki, 1995-ci il noyabrin 12-də keçirirlən ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən mütərəqqi əsas qanunlarından sayılır. Bununla belə zamanın tələbindən irəli gələrərək, eyni zamanda bir sıra mühüm hüquqi normalara konstitusion status vermək üçün 2002-ci il avqustun 24-də ümumxalq səsverməsi-referendum keçirilib, Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31 dəyişiklik və əlavələr edilib. 2009-cu il, martın 18-də ümumxalq səsverməsinə çıxarılan Referendum Aktının layihəsində isə 29 maddə üzrə 41 dəyişiklik və əlavənin edilməsi təklif olunmuşdu. Ötən konstitusiya islahatlarıından sonra Azərbaycanın ictimai-siyasi həyatında baş vermiş köklü dəyişikliklər növbəti dəfə ölkəmizin Əsas Qanuna bəzi əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirib. Məhz bu zərurəti nəzər alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 18 iyul tarixində "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Referendum Aktına görə, Konstitusiyanın 23 maddəsinə (9, 24, 25, 29, 32, 36, 47, 49, 53, 56, 57, 58, 59, 60, 68, 71, 85, 89, 100, 101, 105, 121, 126) əlavə və düzəlişlərin edilməsi, habelə yeni 6 maddənin (98, 103, 106, 108, 110, 146) əlavə edilməsi nəzərdə tutulur. Bəs görəsən, Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklər ölkəmiz üçün hansı üstünlüklər verəcək?
Politoloq Azər Verdiyev "tarixə nəzər salsaq görərik ki, hər bir sağlam dövlət zaman-zaman öz idarəçilik sistemlərini də təkmilləşdirir",- deyə bildirib: "Son 10 ildə isə ölkəmiz iqtisadi baxımdan daha da güclənib. Bu isə öz növbəsində daha çevik və daha effektiv idarəçilik sistemi tələb edirdi. Referenduma çıxarılan dəyişikliklərin hər biri birmənalı şəkildə vətəndaşların həyat tərzinin daha da yaxşılaşdırılmasına hesablanıb. Burada əsas məqam insan hüquq və azadlıqlarının ən ali səviyyədə qorunması, gənclərin idarəçilik proseslərinə cəlb edilməsindən ibarətdir. Bu sistemin tətbiqi Azərbaycan reallıqları baxımından daha əhəmiyyətli və daha önəmlidir. Bu gün siyasi və iqtisadi cəhətdən qüdrətli ölkəyə çevrilmişik. Belə olan təqdirdə idarəçilik sistemi də adekvat olaraq bu tələblərə cavab verməlidir".
Onun sözlərinə görə, ölkənin ən ciddi siyasi partiyaları və şəxsləri birmənalı şəkildə referenduma çıxarılan dəyişiklikləri dəstəkləyirlər: "Bir qrup insanlar isə bunu süngü ilə qarşılasalar da, lakin ona tutarlı arqumentlır gətirə bilmirlər. Bu da onu göstərir ki, bu tip mövqelər qərəzli və planlı şəkildə ortaya qoyulur. Biz demokratik ölkədə yaşayırıq. Səsvermə prosesi müdaxilə olmadan azad şəkildə keçirilir. Lakin mövcud ab-havanı nəzərə alsaq böyük əksəriyyətin referenduma "hə" deyəcəklərinə əminəm. Əslində fərqlilik hər zaman lazımdır. Bu dəyişikliklər ölkəmiz üçün yaxşı mənada dönüş ola bilər".
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı isə qeyd edib ki, 26 sentyabr tarixində ölkəmizdə baş tutacaq ümumxalq səsverməsi - referendum inkişafın ortaya çıxardığı reallıqlardan və zərurətdən qaynaqlanır: "Yəni Azərbaycan inkişaf etdikcə yeni reallıqlar və tələblər ortaya çıxır, bu zamana qədər həyata keçirilən islahatların müasir çağırışlara uyğun olaraq davam etdirilməsi zərurətə çevrilir. Sirr deyil ki, məqsədyönlü siyasi islahatlar nəticəsində Azərbaycan hərtərəfli inkişaf edir. Bu gün Azərbaycan yüksək inkişaf dinamikasına malik güclü dövlətdir. Həyata keçirilən hərtərəfli düşünülmüş, məqsədyönlü siyasət sayəsində Azərbaycan iqtisadiyyatı dünyada gedən proseslərdən asılı olmayaraq müstəqil şəkildə inkişaf edir. İqtisadiyyatda əldə olunan nailiyyətlər isə təbii olaraq əhalinin gəlirlərinin artması, sosial, mədəni, idman və digər sferalarda yüksək tərəqqi formasında özünü büruzə verir. Bu isə o deməkdir ki, Azərbaycan düzgün inkişaf istiqaməti seçib və bu yolda inamla irəliləyir: "Sözsüz ki, iqtisadi uğurların davamlı olmasında həyata keçirilən siyasi islahatlar çox mühüm əhəmiyyətə malikdir. çünki bazar iqtisadiyyatının, azad sahibkarlığın formalaşması üçün ilk növbədə, əlverişli siyasi şərait yaradılmalıdır. Ona görə də islahatlar kompleks xarakter daşımalıdır və biz bu gün məhz bunu müşahidə edirik. Konstitusiyaya təklif edilən dəyişikliklər və əlavələr də məhz sosial, siyasi, iqtisadi, hüquqi sahələrdə, o cümlədən idarəetmədə kompleks islahatları özündə ehtiva edir". Onun sözlərinə görə, indiyə qədər əldə edilən çoxsaylı nailiyyətlər təsadüfi xarakter daşımır və gələcək inkişafın, o cümlədən kompleks islahatların davamlı olmasını şərtləndirir: " Bu gün Azərbaycan Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu ilə irəliləyir. Ümummilli liderin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamız sosial-iqtisadi inkişafın bütün göstəriciləri üzrə irəliləyişə nail olub. Azərbaycanda həyata keçirilən daxili siyasət, ilk növbədə, əhalinin rifah halının yüksəldilməsinə, sosial təminatının yaxşılaşdırılmasına yönəldilib. Demək olar ki, bütün sahələrdə həyata keçirilən islahatların əsasında ölkənin vətəndaşlarının rahat və firavan yaşayışının təmin olunması məqsədi dayanır. Bu məsələ Ali Qanunda da öz əksini tapıb. Belə ki, sonuncu referendum ilə Konstitusiyaya edilən əlavə və dəyişikliklərə əsasən, 12-ci maddənin I bəndində "Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi" dövlətin ali məqsədləri içərisində göstərilib. Məhz Konstitusiyaya edilməsi təklif edilən bir sıra əlavə və dəyişikliklər də sırf sosial məzmunludur. Ümumiyyətlə, Azərbaycanda görülən işlərə nəzər saldıqda respublikada sosialyönümlü siyasətin həyata keçirilməsinin, dövlətin siyasətinin əsasında insan amilinin dayanmasının bir daha şahidi oluruq". Millət vəkili əlavə edib ki, Konstitusiya islahatları həm də Azərbaycanın demokratik inkişafına xidmət edir. Ümumxalq səsverməsinə çıxarılan məsələlər sırasında hüquqi dövlətin təməllərinin gücləndirilməsinə, idarəetmənin daha da təkmilləşdirilməsinə xidmət edən mühüm məsələlər yer alıb: "Ümumiyyətlə, ötən müddət ərzində Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu istiqamətində böyük uğurlar əldə edib. Bu inkişaf yolu hələ 1993-cü ildə Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bu strateji inkişaf xəttinin indiyədək davam etdirilməsi isə respublikamızın ən çətin dövrlərində olduğu kimi bu gün də öz bəhrəsini verməkdədir. Davamlı mütərəqqi islahatların nəticəsi olaraq Azərbaycanda fikir plüralizmi, söz və vicdan azadlığı, çoxpartiyalılıq, rəqabətli siyasi və iqtisadi mühit formalaşıb. Eyni zamanda, Azərbaycanda bütün sahələrdə reallaşdırılan demokratik islahatlar ölkəmizin öz milli maraqları olan müstəqil bir dövlət olduğunu bütün dünyaya nümayiş etdirib. Gənc müstəqil respublika olmasına baxmayaraq, ölkə rəhbərliyinin məqsədyönlü fəaliyyəti Azərbaycan xalqında dövlətin gücünə və gələcəyinə inam hissi, milli təfəkkürdə isə azərbaycançılıq ideyası əsasında müstəqil dövlətçilik təsəvvürləri formalaşdırıb. Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, siyasi sahədə də gerçəkləşdirilən islahatlar, əsaslı yeniliklər sayəsində respublikamız, sözün əsl mənasında, müstəqil, beynəlxalq aləmdə siyasi çəkiyə malik bir dövlətə çevrilib. İnanırıq ki, bu siyasi strateji inkişaf xəttinin qarşıdan gələn illərdə də uğurla davam etdirilməsi ilə Azərbaycan daha yüksək zirvələr fəth edəcək. Məhz Konsititusiya islahatları da bu prosesdə mühüm rol oynayacaq və Azərbaycanın demokratik imicinin möhkəmlənməsinə, tərəqqi, sabitlik və təhlükəsizliyə xüsusi töhfələr verəcək". Onun bildirdiyinə görə, Azərbaycan xalqı konstitusion islahatları dəstəkləyir: "Tam məsuliyyətimizlə deyə bilərik ki, Azərbaycan xalqı bu təşəbbüsü bəyənir və dəstəkləyir. Vətəndaşlarla keçirilən görüşlərin əhval ruhiyyəsindən, insanların siyasi fəallığından, dəyişikliklərlə bağlı kifayət qədər məlumatlı olmasından bizdə bu əminlik yaranır. Eyni zamanda, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursu daim dəstəkləyib. Bu günə qədər keçirilən bütün seçkilərin nəticələri də, xalqımızın möhtərəm Prezidentimizə olan böyük sevgisi və rəğbəti də bizə onu deməyə imkan verir ki, xalqımız cənab Prezidentin irəli sürdüyü bütün təşəbbüslərin məhz insanlarımızın daha yaxşı yaşamasına, dövlətmizin daha güclü olmasına xidmət etdiyini dərk edirlər. Ona görə də, şübhə yoxdur ki, bu referendumda da biz bu dəstəyi növbəti dəfə görəcəyik. Mən əminəm ki, 26 sentyabrda bütün seçicilər səsvermə məntəqələrinə gələrək referendum aktına, təklif olunan dəyişikliklərə "hə" deyəcəklər".