“Minsk qrupu prezidentlərin görüşünün növbəti mərhələsini hazırlayır” Siyasət

“Minsk qrupu prezidentlərin görüşünün növbəti mərhələsini hazırlayır”

Məhəmməd Əsədullazadə: "Bu görüşdə Rusiyanın verdiyi şərtlər müzakirə olunaraq tərəflərə təqdim ediləcək"

Elxan Mehdiyev: "Gözləntilər daha çox Putinin vasitəçilik missiyasından olmalıdır"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib. Rusiya XİN-dən verilən məlumata görə, S.Lavrov həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin aktual məsələlərini müzakirə edib. Həmsədrlər rusiyalı İqor Popov, amerikalı Ceyms Uorlik və fransalı Pyer Andryu, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kasprşik nazirlə mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sammitlərdə əldə edilən razılaşmaların reallaşdırılmasının gedişatı daxil olmaqla, Dağlıq Qarabağ məsələsini müzakirə ediblər. Tərəflər, həmçinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki cari vəziyyəti müzakirə ediblər.
Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, bir ay fasilədən sonra Minsk qrupunun Moskvada toplanması Rusiyanın münaqişədə baş rolda olmasını göstəricisidir və müzakirələr əsasən Rusiyanın verəcəyi təkliflər əsasında olacaq: "Rusiyanın münaqişədə öz təklifləri var və bu təkliflərlə bağlı müəyyən zamanda konfidensial danışıqlar aparılıb. Prinsipial nöqteyi nəzərdən isə ortada razılaşma yoxdur. Detallar ictimaiyyətə açıqlanmır". Politoloqun szlərinə görə, Minsk qrupu prezidentlərin görüşünün növbəti mərhələsini hazırlayırlar: "Bu görüşdə Rusiyanın verdiyi şərtlər müzakirə olunaraq tərəflərə təqdim ediləcək. Rusiyanın təklifləri nədən ibarətdir bu, prezidentlərin görüşündən sonra ortaya çıxacaq ". Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycanın hərbi uğuru Ermənistanda siyasi gərginliyə səbəb olub. Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sərkisyan artıq erməni siyasi-ictimaiyyətinin hədəfindədir: "Sarkisyannın bütün cəhdləri danışıqları yubatmaq, mümkün dərəcədə Rusiyadan asılılığı davam etdirməkdir". Politoloq hesab edir ki, bütün bunlarla yanaşı regionun geosiyasi mənzərəsi dəyişməkdədir: "Serj Sərkisyan Rusiyaya arxayın olub rmünaqişəni uzadacaqsa regiona yeni beynəlxalq qüvvələr gələcək. NATO artıq, regionda Gürcüstana tam dəstəyini ifadə edibd. Və bu, Gürcüstanı Rusiyadan qorumaq siyasətinin tərkib hissəsidir. Rusiya öz maraq dairəsi hesab etdiyi Cənubi Qafqazda regional problem olan Dağlıq Qarabağ münaqişəsini dondurmaq siyasətini davam etdirsə, regionda yenidən müharibə riski qaçılmaz olacaq. NATO neçə illərdir ki, Azərbaycan ərazisində öz qoşunlarını yerləşdirmək istəyir. Görünür proseslər belə situasiyada davam edərsə NATO ölkımizə gələ bilər. Azərbaycan isə hələlik Rusiya amilinə görə buna getmir". Məhəmməd Əsədullazadənin qənaətincə, Rusiya yenidən Qarabağ münaqişəsində imitasiya xarakterli gedişlər edərsə, Azərbaycanın seçimi müharibə olacaq: "Görünən budur ki, Ermənistan torpaqları boşaltmayacaq. Azərbaycanla 23-il ərzində keçirdiyi danışıqlarda yalnız Qarabağın müstəqilliyini önə çəkib və tələbini geri götürmür. Yalnız hərbi güclə davamlı olaraq Ermənistanı bu istəyindən vaz keçirmək olar. Ermənistan ciddi şəkildə Rusiyanın himayəsi ilə danışıqları pozacaq. Onu da qeyd edək ki, artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik Ermənistana keçir və Ermənistan Azərbaycana qarşı bundan maksimum yararlanmaq siyasəti aparacaq. Hazırda cəbhə xəttində atəşkəs davamlı olaraq pozulmaqdadır. Region yeni müharibəyə hazır vəziyyətdədir. Bunu qoruyub,saxlamaq çox çətin olacaq. Aprel əməliyyatları test idi və ugurlu əməliyyatların görünür davamı gözlənilir".
Politoloq Elxan Mehdiyev isə hesab edir ki, həmsədrlərin Minsk Qrupunun üzvləri ilə görüşmələri əslində onların işsizliyinin göstəricisidir: "Guya bunlar məsləhətləşmələr aparır. Onlardan heç nə gözləməyin. Məncə, gözləntilər daha çox Putinin vasitəçilik missiyasından olmalıdır. Hazırda bu istiqamətdə pauza var. Erməni tərəfi Kollektiv Təhlükəsizliyik Müqaviləsi Təşkilatının İrəvanda keçiriləcək toplantısına hazırlaşır. Prezident Putin də bu toplantıda iştirak edəcək. Odur ki, hələlik vasitəçilik missiyasında müəyyən qədər fasilə var. Fikrimcə, bu işin nəticəsi daha çox prezident Putinin nə dərəcədə qərarlı və səmimi olmasından asılı olacaq".