“Xalq onları dəstəkləmir” Siyasət

“Xalq onları dəstəkləmir”

"Müsavatın mitinq keçirməyə nə gücü, nə də qüvvəsi var"
Bunu Müsavat Partiyasının Qadınlar Birliyinin sabiq sədri, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Ellada Məmmədli partyanın sentyabrın 18-ə təyin etdiyi mitinqə münasibət bildirərkən deyib.
O, qeyd edib ki, ADR üzvləri Müsavatdan ayrılmamışdan öncə də partiyanın keçirdiyi mitinqlərə heç kim gəlmirdi: "Bu reallıqdır. Biz orada olarkən keçirdiyimiz sonuncu mitinqdə 300-dən çox adam yox idi. İndi təsəvvür edin, biz orada olanda Müsavatın mitinqinə 300 adam gəlirdisə, indi neçə adam gələcək? Doğrudur, bir sıra siyasi qüvvələrlə sövdələşmə aparırlar ki, mitinqdə onlar da iştirak etsin. Ancaq, bu olsa belə onların təşkil edəcəyi mitinqə heç kim gəlməyəcək. Bir sözlə, illərlə birgə addımladığı əqidədaşlarını partiyadan uzaqlaşdıran Arif Hacılıdan xalq heç nə gözləmir".
Ellada Məmmədli vurğulayıb ki, Müsavat və Milli Şura xalqdan dəstək almır: "Mitinqlərin ardıcıl keçirilə biləcəyinə inanmıram. Xalq onları dəstəkləmir. Xalqı mitinqin keçirildiyi əraziyə aparmaq mümkün deyil. Orada ancaq siyasilər, KİV nümayəndələri olur. Ona görə də Milli Şuranın və Müsavatın güclü mitinq keçirəcəyinə inanmıram".
ADR sədrinin müavini hesab edir ki, mitinqlərin bir gün ara ilə keçirilməsinə qərar verilməsi Milli Şura və Müsavatın bir-birinə qarşı rəqabətdə olması, barışmaz mövqeyi ilə əlaqədardır: "Bu, çox acınacaqlı durumdur. İki qüvvə bir-birilə savaşdadır. Onlar mitinqləri dalbadal keçirməklə bir-birilərinə demək istəyirlər ki, "yerim dardır oynaya bilmirəm"".