“Mitinqlər alınan pulların silinməsinə xidmət edir” Siyasət

“Mitinqlər alınan pulların silinməsinə xidmət edir”

Azər Badamov: "Dindən istifadə etməklə ölkədəki sabitliyi pozmaq istəyidir"

Fərəc Quliyev: "İnsanların dini etiqadlarından, onların duyğularından fərqli məqsədlər üçün istifadə etmək yolverilməzdir"

Milli Şuranın sentyabrın 11-də mitinq keşçirməsi və növbəti mitinqi ayın 17-nə təyin etməsi cəmiyyətdə birmənalı qarşılanmır. Siyasi ekspertlər isə bunun sosial sifariş əsasında baş vermədiyini deyirlər.
Millət vəkili Azər Badamov hesab edir ki, xalqın Milli Şuranın 11 sentyabr mitinqinə dəstək verməməsi Azərbaycan cəmiyyətinin konstitusiyaya əlavə və dəyişiklikləri təqdir etdiyini söyləməyə əsas verir. Azər Badamov bildirib ki, referendumöncəsi ölkədə ictimai-siyasi vəziyyət normaldır: "Atıq xalq başa düşüb ki, kim hara və nəyə xidmət edir. Milli Şuranın mitinqi xarici havadarların sifarişlərinin həyata keçirilməsinə hesablanmışdı. Yəni, aldıqları vəsaitlərinin xərcləndiyini göstərmək üçün təşkil olunmuşdu. Özlərini radikal müxalifət adlandıranlar da başa düşüblər ki, onların xalq arasında heç bir dayağı, dəstəyi yoxdur. Xalqın gözü tərəzidir və yaxşını pisdən ayird edə bilir. 23 il hakimiyyətdə olduğu dövrdə Azərbaycan hakimiyyəti xalqa layiqincə xidmət etmişdir və xalq da ölkədə keçirilən hər bir siyasi kampaniyada ölkə başçısının siyasi xəttini müdafiə edir. Məhz bunun göstəricisidir ki , müstəqilliyimiz qorunaraq güclü , iqtisadiyyatı inkişaf edən yeni Azərbaycan qura bilmişik. Milli Şura mitinq təşkil etməklə sadəcə özlərinin varlığını nümayiş etdirir ki, biz də varıq. Düşünürəm ki, radikal müxalifətin bütün cəhdləri əhəmiyyətsizdir. Çünki, xalqın içindən dəstək olmayanda bütün cəhtlər vaxtın boş-boşuna keçirilməsidir".
Onun sözlərinə görə, radikal müxalifət yaxşı bilir ki, ölkədə dövlətin fəaliyyətindən xalqın narazılığını yaratmaq mümkün deyil: "Ona görə insanların zəif nöqtələrinə toxunmaq və bundan istifadə etmək istəyirlər. Milli Şuranın mitinqində radikal dini şüarların səsləndirilməsi də dindən istifadə etməklə ölkədəki sabitliyi pozmaq istəyidir. Dini radikalizmdən savadsız cəmiyyətlərdə istifadə olunur və dünyada baş verən proseslər fonunda biz bunu görürük. Azərbaycanda isə sivil cəmiyyət mövcuddur və dini radikalizmdən uzaqdır. Köhnə zamanlarda olduğu kimi dini mövhumatçılıq və radikal dini cərəyanların cəmiyyətə təsiri sıfıra bərabərdir. Cəmiyyət savadlı olanda ayrı -ayrı ünsürlərin radikal addımları heç vaxt dəstəklənmir. Milli Şura konstitusiyaya təkilf olunan əlavə və dəyişikliklərin xalq tərəfindən dəstəkləndiyini bilir və onunla bağlı xalq arasında bir narazılıq yaratmaq mümkün olmadığına görə dini şüarlar vasitəsilə insanları ələ almaq istəyir. Kimdəsə xalqa qarşı bir fikiri ortaya atmaq istəyi varsa, o, heç vaxt xalq tərəfindən dəstəklənməyəcək".
Onun fikrincə, aksiyaya qədər də biz eşidirdik ki, radikal müxalifətin liderləri adlandırılan şəxslər Azərbaycanı istəməyən qüvvələrlə gizli görüşlər keçirib, müəyyən sifarişlər alıb: "İndi isə aksiyada özlərinin yararlandığı həmin ölkələrin bayraqlarını dalğalandırmaqda qeyri adilik görmürəm. Sifarişçi kimdirsə onun bayrağı da dalğalanır. Çox təəsüf ki, bəzi dairələr ərazicə balaca olmağına baxmayaraq qüdrəti və nüfuzu günü gündən artan müsəlman ölkəsi olan Azərbaycana qısqanclıqla baxırlar. Bu belədir. Çünki, onlar öyrəniblər ki, müsəlman ölkələrdə əsasən özbaşınalıqlar olsun və özləri bundan yararlansınlar. Düşünürəm ki, belə qüvvələrin ölkəmizə baxışları dəyişilməlidir. Ona görə ki, dünya inkişaf edir və Azərbaycanın da bu inkişafda kifayət qədər payı var.
Referendum qabağı ölkədəki ictimai-siyasi vəziyyət müsbətdir. Referenduma hazırlıqlar konstitusiyaya uyğun şəkildə çox yüksək səviyyədə təşkil olunmuşdur. Təbliğat-təşviqat qrupları Konstitusiyaya uyğun şəkildə təbliğat kompaniyasını həyata keçirirlər. Təşkil olunmuş görüşlərdə seçici fəalliğı hiss olunur. İnsanların səsləndirdiyi fikirlərdən və görüşlərdə iştirakın aktivliyindən görmək olur ki, seçkilər yüksək səviyyədə keçəcək. Xalq da cənab Prezdent tərəfindən təklif olunmuş konstitusiyaya əlavə və dəyişikliklərə hamılıqla hə deyəcək".
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib ki, Milli Şuranın keçirdiyi aksiya mənasız, uğursuz bir tədbir idi: "Belə tədbirləri nə qədər çox keçirsələr, özlərini bir o qədər çox biabır edəcəklər". Onun sözlərinə görə, mitinqlər alınan pulların silinməsinə xidmət edir: "Alınan pulların hesabatını vermək lazımdır, ya yox?! Bir insan işləmirsə, ancaq uşaqlarını xaricdə oxutdurursa, cangüdənlərlə gəzirsə, hardandır bu pullar?" Partiya sədri hesab edir ki, Konstitusiyaya əlavə və dəyişikliklər çox vacibdir: "Konstitusiya daş deyil və orada vaxtaşırı dəyişikliklər etmək lazımdır. Təklif edilən dəyişikliklər içərisində çox mühüm bəndlər var. Referendum keçirilməsi həyatın tələbidir. Məsələn, bizdə böyük torpaqlar istifadə olunmur. İndiyədək özəlləşdirilib istifadə olunmayan torpaqların dövriyyəyə buraxılması vacib məqamdır. Bundan başqa bir seçkidən sonra nəfəsimizi dərməmiş növbəti seçkilər gəlir. Dayanmadan seçki ilə məşğuluq, fasilə verib iş də görmək lazımdır. Əvvəllər yaş məhdudiyyəti olanda hamı bunu antidemokratik amil sayırdı, indi yaş məhdudiyyəti götürülüb qışqırırlar ki, bu, anti-demokratikdir. Yuxarı baxırsan bığ, aşağı baxırsan saqqaldır". A.Əlizadə Sosial Demokrat Partiyasının referendumu dəstəklədiyini və mitinqlərin əleyhinə olduğunu vurğulayıb.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev deyib ki, insanların dini etiqadlarından, onların duyğularından fərqli məqsədlər üçün istifadə etmək yolverilməzdir.
Fərəc Quliyev bildirib ki, hər bir təşkilat qanunlar çərçivəsində mitinq keçirə, hansısa məsələ ilə bağlı fikirlər səsləndirə bilər: "Amma orada səsləndirilən fikirlər və hədəflər müəyyən olunmalıdır. Mitinqdə məsələlərə şəxsi, müəyyən dairələrin mövqeyindən yanaşmaq fürsətdən istifadə etməkdir. Üstəlik din amilindən, insanların dini etiqadlarından, onların duyğularından fərqli məqsədlər üçün istifadə etmək olmaz. Azərbaycanda din siyasətə qarışmır, ikinci bir tərəfdən də bəzi ölkələr Azərbaycanda din amilindən istifadə edərək qarışıqlıq salmağa çalışırlar. Qanunlar çərçivəsində mitinqlərin keçirilməsinin əleyhinə deyiləm, amma məsələlərə mahiyyəti üzrə fikir bildirmək lazımdır, fürsətdən istifadə etmək doğru deyil. Çünki ölkənin mənafeyləri hər şeydən üstündür və təbii ki, bu məsələlərdə heç nədən, xüsusən də dindən istifadə etmək yolverilməzdir".
Fərəc Quliyev bildirib ki, hakimiyyət tolerant davranış nümayiş etdirdi, Milli Şuraya mitinq keçirmək üçün meydan verdi: "Amma mitinqdə dövlətçilik əleyhinə şüarlar səsləndirmək o deməkdir ki, onlar fürsətdən istifadə edərək başqa məsələləri, istəkləri ortaya qoymaq, həm də təkcə öz istəklərini yox, başqalarının da istəklərini ortaya qoymaq istəyirlər. Ölkə rəhbərliyi istəsəydi, bu mitinqə icazə verməzdi, ancaq verdi. Yəni hər kəs deyir ki, buyurun, sivil qaydada mübarizə aparın, fikirlərinizi paylaşın. Amma çox təəssüflər olsun ki, guya siyasət ilə məşğul olan bu adamlar hər addımda ölkə əleyhinə kəmfürsətlik edirlər və bu da təbii ki, heç zaman cəmiyyət tərəfindən qəbul edilmir".
Əli Kərimlinin Müsavat Partiyasından bir gün öncəyə mitinq təyin etməsi məsələsinə gəlincə isə, Fərəc Quliyev bildirib ki, baş verənlər heç də təəccüblü deyil: "Başqa dövlət tərəfindən formalaşdırılmış bəzi qurumlar öz aralarında məsələləri bu cür araşdırırsa, bunun heç Azərbaycan cəmiyyətinə aidiyyatı yoxdur. Hər halda bu "mehriban dostlar"ın münasibətləri həmişə ortada olub, bir ara birləşiblər, sonra bir-birilərini ən ağır formada ittiham ediblər. Ona görə də, baş verənlər təccüblü deyil. Ölkənin taleyi, xalqın mənafeyi bunlar üçün ikinci dərəcəli məsələlərdir, sadəcə gündəmdə qalmaq, ayaq üstə qalmaq üçün bu məsələlərdən istifadə etmək, ən yaxın "dostlar"ını rəqib sifətində əzmək belə bunlar üçün adi bir qaydadır. Mən bütün baş verənlərdən təəccüblənmədim".
Politoloq Ramiz Alıyev isə "sentyabrın 11-də Milli Şura və AXCP-nın birgə təşkil etdiyi mitinqin video və foto görüntülərinə diqqətlə baxdım. Oradakı mitinq iştirakçılarının əksəriyyətinin radikal dindarlar, Azərbaycan dövlətçiliyi əleyhinə çıxış edən Taleh Bağırzadə və digərlərinin tərəfdarları olduğunu gördüm",- deyə bildirib. O bildirib ki, müxtəlif təriqətlərə xidmət edən radikal dindarların müəyyən şüarlar səsləndirməsi və dövlətçilik əleyhinə fikirlər bildirməsi diqqət çəkdi. Mitinq təşkilatçıları isə radikal dindarların və digər mitinq iştirakçılarının şüarlarını müsbət qarşıladıqlarını dedilər və onlar dəstək verdilər.
Politoloq bildirib ki, görün Azərbaycan radikal müxalifəti nə günə qalıb ki, radikal dindarların dəstəyinə sığınıb. Ramiz Alıyevin fikrincə, buna qeyri-adi məsələ kimi baxmaq lazım deyil, ona görə ki, həm radikal dindarların, həm də radikal müxalifətin maliyyə qaynaqları eynidir: "Onların birlikdə hərəkət etməsi cəmiyyət və dövlətçi insanlar üçün qeyri-adi qarşılana bilər. Ancaq onların fəaliyyətinə bələd olan şəxslər bilir ki, həm radikal müxalifət, həm də radikal dindarların arxasında kimlər dayanır, onların maliyyəsi haradan gəlir".
Politoloq xatırladıb ki, Nardaranda hüquq-mühafizə orqanları əməkdaşlarının şəhid olmasına səbəb olan hadisələr zamanı Əli Kərimli və onun tərəfdaşları bu məsələyə münasibət bildirməkdən qaçaraq radikal dindarları dəstəklədiklərini bildirdilər: "Başqa cür ola da bilməzdi. Həm radikal müxalifətin, həm də radikal dindarların maliyyə qaynağı bir yerdəndir. Dövlət onlardan birini zərərsizləşdirməyə çalışanda, cəmiyyət onların anti-dövlət fəaliyyətini qınayanda digər qrup onu müdafiə etməyə başlayır. Onlara siqnal xaricdən gəlir, idarə olunurlar".
Politoloq qeyd edib ki, din siyasətdən ayrıdır, bunu hər kəs bilir. Bütün dünya ölkələrində bu belədir: "Dindarlar dini fəaliyyətlə məşğul olmalıdır, siyasətçilər də siyasətlə. Azərbaycanda dindarların siyasətlə məşğul olmağa cəhd etməsi, Əli Kərimlinin bir vasitə kimi istifadə olunması, Əli Kərimlinin onlardan bir vasitə kimi istifadə edərək özünə divident qazanmaq cəhdi puça çıxacaq. Hüquq-mühafizə orqanları bu məsələləri diqqətlə izləyir ki, gələcəkdə Azərbaycan dövlətinə qarşı atılacaq mənfi addımların qarşısını alsınlar".