“Venesiya Komissiyasının rəyi qərəzli niyyətdən xəbər verir” Siyasət

“Venesiya Komissiyasının rəyi qərəzli niyyətdən xəbər verir”

Tahir Mirkişili: "Nədənsə Venesiya Komissiyası qarşılıqlı etimad yaradan təcrübədən istifadə etmədi"

Sahib Alıyev: "Venesiya Komissiyasının verdiyi rəy sifarişlə yazılıb və bu, ölkəmizə təzyiq məqsədilə edilib"

Aydın Mizrəzadə: "Bu qurumun tələsik rəy hazırlaması onun siyasi sifariş yerinə yetirdiyini göstərir"

Son zamanlar maraqlı proseslər baş verir. Referendum ərəfəsində Birləşmiş Ştatlarda Azərbaycanla bağlı dinləmələr keçirildi. Bundan sonra isə Avropa Parlamenti münasibətləri düzəltmək üçün Azərbaycana nümayəndə heyəti göndərdi. Daha sonra isə Venesiya Komissiyası Referendum Aktı ilə bağlı birtərəfli qaydada ilkin rəy hazırladı.
Bütün bunlar təsüdüfi görünmür. Xüsusən referendum ərəfəsində bu tipli diplomatik oyunlar maraq doğurur.
Millət vəkili Tahir Mirkişili də hesab edir ki, müntəzəm olaraq müəyyən təşkilat və qurumlar tərəfindən Azərbaycana qarşı qərəzli yanaşma olur. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi Azərbaycanı istəməyən qüvvələri belə qərəzli bəyanatlar verməyə sövq edir. O əlavə edib ki, Venesiya Komissiyası konsultativ orqandır: "Əsas məqsədi Avropa Şurasına üzv ölkələrə hüquqi məsələlər üzrə məsləhət verməklə onlarla əməkdaşlıq etməkdir. Bu məqsədlə üzv ölkələrlə görüşlər keçirilir, məsləhətləşmələr aparılır. Ancaq referendum aktı ilə bağlı komissiyanın qısa bir zamanda, məsləhətləşmələr aparmadan, dərin təhlil etmədən birtərəfli qaydada rəyin açıqlanması qərəzli niyyətdən xəbər verir. Təbii ki, hər hansı məsələ ilə bağlı fikir müxtəlifliyi ola bilər. Amma bu müxtəliflik beynəlxalq təcrübədə qarşılıqlı məsləhətləşmələr, dialoq vasitəsilə aradan qaldırılır. Nədənsə Venesiya Komissiyası qarşılıqlı etimad yaradan bu təcrübədən istifadə etmədi. Vitse-prezidentlik institutu prezident üsul idarəsinin tətbiq olunduğu bir çox ölkələrdə var və uğurla tətbiq olunur. Birləşmiş Ştatlarda da bu post 200 ildən artıqdır ki, təsis olunub, Həmçinin İsveçrədə uğurla tətbiq olunur. Əsas məqsəd fövqəladə hallarda ölkənin siyasi sabitliyini qoruyub saxlamaq və iş prosesində Prezidentə yardım etməkdir. Burda hər hansı bir etiraz məntiqə sığmır. Nəzərə alsaq ki, vitse-prezidentləri xalqın seçdiyi Prezidentin təyin etməsi nəzərdə tutulur, bu siyasi etimad pillələrinin dayanıqlı qurulması anlamına gəlir".
O əlavə edib ki, bəzi Avropa ölkələrində də prezidentlik müddətinin 7 il olması təsbit edilib: "Müddətlərin fərqli olması o ölkənin qarşısında duran çağırışlardan asılıdır. Azərbaycanın qarşısında duran çağırışlar bu müddətin 7 il olmasını labüd edir. Buna irad tutmaq məntiqdən çox uzaqdır və siyasi demaqoqiyadır. Əslində belə qərəzli fikirlər hər zaman olub. Azərbaycan gücləndikcə, müstəqilliyini daha da möhkəmləndirdikcə bəzi xarici dairələr bundan narahat olur. Xüsusilə Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi Azərbaycanı istəməyən qüvvələri belə qərəzli bəyanatlar verməyə sövq edir. Amma bu qüvvələr də elə bəyanatlardan o tərəfə gedə bilmirlər. Digər tərəfdən çoxsaylı beynəlxalq ekspertlər, müşahidəçilər tərəfindən referendum aktı ilə nəzərdə tutulmuş dəyişikliklərin beynəlxalq standartlara tam cavam verdiyi təsbit edilmişdir. Ancaq əsas olan xalqın fikridir".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev deyib ki, son zamanlar bəzi beynəlxalq qurumların bəlli çevrələrin diktəsi altında Azərbaycana qarşı sifarişlər yerinə yetirdiklərini, Azərbaycanın imicinə xələl gətirən hərəkətlərə yol verdiklərini dəfələrlə görmüşük: "Elə bu ərəfələrdə prezident İlham Əliyevin ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Azərbaycanla dostluq qrupu təmsilçiləri ilə görüşündə söylədikləri və elə bu səfərin özü açıq şəkildə göstərdi ki, o qurumlar ki bəlli çevrələrin təsiri altında olur, gec-tez öz səhvlərini anlayır və daha sonra özləri Azərbaycanın ayağına gəlirlər". Millət vəkili qeyd edib ki, Azərbaycanın Konstitusiyaya dəyişikliklərlə bağlı Avropa Şurası Venesiya Komissiyasının mütləq rəyinə ehtiyacı yoxdur: "Çünki əgər söhbət Venesiya Komissiyasından gedirsə, Komissiyanın nizamnaməsinə görə, Azərbaycan onun rəyini öyrənə də, öyrənməyə də bilər. Rəsmi Bakı isə Komissiyaya bununla bağlı müraciət etməyib. Müraciət Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu tərəfindən olunub. Bu zaman Venesiya Komissiyası təkcə müraciət edən tərəfin deyil, həm də haqqında müraciət edilən tərəfin də fikrini öyrənməli idi. Yalnız ondan sonra öz ilkin rəyini bildirməli idi. Amma görürük ki, prosedur qaydaları kobud şəkildə pozulub. Ümumiyyətlə, Venesiya Komissiyasının məhz birtərəfli, qərəzli və bəzən də diktə altında işləməsinin nəticəsidir ki, Azərbaycan heç bu Komissiyaya müraciət etməyə ehtiyac duymayıb. Bu referendumu Azərbaycan xalqı, dövləti keçirir və məhz Azərbaycan xalqı da bu referendumun onun xeyrinə, yoxsa zərərinə olduğunu müəyyənləşdirəcək, ona uyğun da səsini verəcək". S.Alıyevin fikrincə, Venesiya Komissiyasının verdiyi rəy sifarişlə yazılıb və bu, ölkəmizə təzyiq məqsədilə edilib: "Prezident Administrasiyasının şöbə müdiri Şahin Əliyev də vurğuladı ki, o, ziddiyyətlərlə doludur. Onun qərəzliliyi elə ilk baxışdanca nəzərə çarpır. Azərbaycan konstitusiyasının 158 maddədən ibarət olduğunu hamımız bilirik. Venesiya Komissiyası isə 159-cu maddəyə istinad edərək referendum haqqında öz mənfi rəyini bildirir. Bundan da açıq şəkildə görünür ki, bu rəy tələm-tələsik, qərəzli şəkildə hazırlanıb və bir sifarişdir. Mənə belə gəlir ki, ümumiyyətlə, o Konstitusiyaya edilən dəyişikliklərin hamısı keçəcək. Çünki bir dəyişiklik ki, dövlətin gücləndirilməsinə, idarəçiliyin təkmilləşdirilməsinə, insan haqlarının daha da genişləndirilməsinə xidmət edir, yetkin, savadlı xalq ona "hə" deyəcək".
Millət vəkili Aydın Mizrəzadə diqqətə çatdırıb ki, Venesiya Komissiyasının AŞPA prezidentinin müraciəti əsasında Azərbaycanda keçiriləcək referendumla bağlı iki həftə ərzində tələsik bir rəy hazırlaması onun siyasi sifariş yerinə yetirdiyini göstərir. A.Mirzəzadə bildirib ki, Avropa Şurasına və digər beynəlxaq təşkilatlara üzv olsa da Azərbaycan müstəqil bir dövlətdir: "Azərbaycan daxili və xarici siyasətini, o cümlədən öz hüquqi mövqeyini tərəfdar çıxdığı beynəlxaq konvensiyaların ruhuna uyğun olaraq ozü müəyyən edir". Deputat qeyd edib ki, Venesiya Komissiyasının referendumla bağlı rəyi tamamilə qərəzlidir: "Konstitusiyamızda 158-ci maddə olduğu halda, Venesiya Komissiyasının Konstitusiyanın 159-cu maddəsinə istinad etməsi onların bu məsələyə barmaqarası baxdıqları və nə olursa-olsun referendumla bağlı mənfi bir mövqe bildirmək cəhdi hiss edilir. Birincisi, vitse-pirezidentlik institutu ilə bağlı rəydə bildirilir ki, o seckili deyil. Hansı ki, dünyanın heç bir yerində vitse-prezidentlik institutu seçkili olmur. Azərbaycanda vitse-prezidentlik institutu prezidentə əlavə səlahiyyətlər vermir, Nazirlər Kabinetinin səlahiyyətlərinin bir hissəsini vitse-prezidentlərə verməklə idarəçilik mexanizmini təkmilləşdirir və Azərbaycan dövləti qarşısında duran problemləri tezliklə həll edə bilir". A.Mirzəzadə deyib ki, parlamentin buraxılması ilə bağlı Konstitusiyaya təklif edilən dəyişikliyə Venesiya Komissiyasının irad bildirməsi heç bir çərçivəyə sığmır: "Çünki burada prezidentə ancaq konkret hallarda parlamenti buraxmaq səlahiyyəti verilir. O da o hallarda ki, "pat vəziyyəti" yaranır və vəziyyətdən çıxış yolu kimi parlament seçkilərinin keçirilməsi göstərilir. Eyni zamanda qeyd etmək istəyirəm ki, Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ABŞ və Avropa ölkələrinin konstitusiyasına edilən dəyişiklərdən daha demokratik mexanizmə malikdir. Belə ki, onlarda konstitusiyaya dəyişikliklər parlament vasitəsi ilə edilir. Yəni hər hansı bir partiya səs çoxluğu qazanarsa, konstitusiyaya dəyişiklik edə bilir. Azərbaycanda isə konstitusiyaya dəyişiklik ancaq və ancaq referendum vasitəsilə mümkün olur və cəmiyyətin rəyinin öyrənilməsinin daha prioritet olduğu bildirilir. Digər tərəfdən, Venesiya Komissiyası nədənsə insan hüquq və azadlıqlarının qorunması ilə bağlı məsələlərin indiki referendumda geniş əks olunmasını nəzərdən qaçırır. Hansı ki, referendumun əsas məqsədi bir tərəfdən dövlətçiliyi möhkəmləndirməkdirsə, digər tərəfdən vətəndaşların hüquq və azadlıqlarını daha təminatlı, etibarlı etməkdir. Ancaq bu məsələlərə rəy bildirməməklə Venesiya Komissiyası Azərbaycan dövlətinin öz vətəndaşının hüququna hörmətlə yanaşdığı faktorunu kölgə altına salmış olur. Konstitusiyaya edilən dəyişikliklər Azərbaycanın milli maraqlarına, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların mahiyyətinə cavab verir".