Xəzərdə etimadsızlıq yaradan faktorlar Siyasət

Xəzərdə etimadsızlıq yaradan faktorlar

Rusiya və İranın Xəzəri militarist siyasətin mərkəzinə çevirmələri ziddiyyətləri daha da artırır

Cavid

Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin aprelin 22-si Moskvada keçirilən konfransında iştirak edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, dövlət başçılarının Həştərxan zirvə görüşündə qəbul ediləcək yekun sənədin razılaşdırılması ilə bağlı bir çox prinsipial məsələlərdə konsensus əldə edilib.
Onun sözlərinə görə, Həştərxan zirvə görüşünədək xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun Tehranda və Həştərxanda daha iki görüşünün keçirilməsi planlaşdırılır: "Böyük ehtimal var ki, bu görüşlər çərçivəsində gündəliyə çıxarılacaq bütün məsələlər üzrə razılaşma əldə olunacaq. Söhbət ilk növbədə dövlət başçılarının zirvə görüşünün yekunlarına dair qəbul edəcəkləri sənəddən gedir. Zirvə görüşünün nəticələrini əks etdirən kommünikenin qəbul edilməsi məsələsi də razılaşdırılacaq. Hidrometeorologiya, nərə balıqlarının ovlanmasına moratorium qoyulması sahələrində razılaşmalar, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin razılaşdırılması üzərində işlərin başa çatdırılması nəzərdə tutulub. Ekspertlər zirvə görüşünədək bütün sənədlərin razılaşdırılmasını başa çatdırmalıdır".
Xarici işlər nazirinin müavini qeyd edib ki, dövlət başçılarının zirvə görüşündə imzalanması nəzərdə tutulan sənədlərin əsas müddəaları üzərində iş başa çatmaq üzrədir.
Adı çəkilməyən Xəzəryanı ölkənin xarici işlər nazirliyindən Rusiyanın "Kommersant" qəzetinə bildiriblər ki, Moskva görüşündə Rusiya təkid edib və inandırıb ki, regiondan kənar ölkələr Xəzər dənizilə bağlı məsələlərə təsir göstərə bilməz, o cümlədən Xəzərdə 3-cü ölkələrin, məsələn, ABŞ-ın hərbi qüvvələri yerləşdirilə bilməz.
"Kommersant" yazır ki, yekun sənədə düzəlişlər son ana qədər davam edib. Mübahisəli məsələlər də qalmaqdadır. Məsələn, Xəzərdə sərbəst gəmiçilik məsələsi həll olunmayıb.
Heç kimə sirr deyil ki, statusla bağlı 5 Xəzəryanı dövlət arasında fikir ayrılıqları qalmaqdadır. Bunlar Xəzərin dibindəki ehtiyatların, akvatoriyanın və şelfin bölünməsi ilə bağlı problemlərdir. Xəzərin dibi ilə kəmər çəkilməsi də problemlidir. Moskva Türkmənistandan Azərbaycana Xəzərin dibi ilə kəmər çəkilməsinin əleyhinədir.
"RusEnergy" şirkətindən Mixail Krutikşin deyir ki, nazirlər sazişə razılaşsa və İran, Azərbaycan, Türkmənistan Xəzərin dibini bölə bilsə, ərazi mübahisələri aradan qalxacaq. O cümlədən Türkmənistanla Azərbaycanın mübahisəli yatağı olan Kəpəz ətrafında problem həll olunacaq.
Moskvaya indiyədək TransXəzər kəmərinin qarşısını almaq üçün Xəzərin statusunun müəyyən olunmamasını əsas gətirirdi. Krutukşin deyir ki, status müəyyən olunsa, belə qadağaya daha əsas olmaycaq. O əlavə edir ki, Moskva bununla belə, Xəzərin dibinin istismarı və infrastruktur tikintisi ilə bağlı məsələlər 5 Xəzəryanı dövlətin hamısı ilə razılaşdırılmalı olduğu barədə bəndi konvensiyaya əlavə etmək istəyir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, rəsmi Bakı Azərbaycanla Türkmənistan arasında Xəzər hüquqi statusu ilə bağlı bağlı problemlərin olduğunu hesab etmir. Nazirin sözlərinə görə, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Xəzər əməkdaşlıq və təhlükəsizlik dənizinə çevrilsin.
Politoloq Qabil Hüseynli isə bildirib ki, Xəzərdə anlaşmaya əsas mane olan tərəf İrandır. Rusiya bu məsələlərdə əvvəllər sanki razılığa gəlmişdi. Son zamanlar isə Rusiya Xəzərin hüquqi statusu məsələsini bu bölgədəki arqumentlərindən birinə çevirib. 2008-ci ildə Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzərin dibinin bölünməsi ilə bağlı müqavilə imzalanıb. Bu müqavilədə Xəzərin səthi və hər kəsə aid olan akvatoriyası qəbul edilib: "Söhbət Xəzərin sahil xətləri üzrə bərabər bölünməsindən gedir. Rusiya buna birinci müqavilədə öz razılığını versə də, hazırda Xəzərin ekologiyası məsələsini problem olaraq qaldırır. Və göstərir ki, beş dövlətin icazəsi olmadan ekoloji problemlər yarada biləcək məsələləri yalnız bu ölkələrin razılığı əsasında həyata keçirmək olar. İran isə ümumiyətlə, Xəzərin statusunun müəyyənləşdirilməsi və hər dövlətə nə qədər sahənin düşməsi haqqında tamamilə absurd bir ideya yayıb. İran göstərir ki, Xəzərin suları beş dövlət arasında hamıya 20 faiz olmaqla bərabər sürətdə bölünmür".
Onun sözlərinə görə, belə olan təqdirdə Lənkərana qədər olan sahə də İrana aid olur: "Yəni dünya praktikasında ən ədalətli bölgü hər bir dövlətin sahilindən çıxan xətlərlə ortasından keçən xəttin birləşdirici nöqtələri bu dövlətin hesab olunur. İran bununla razılaşmır. Belə olan təqdirdə İrana Xəzərin 10-14 faizi düşür. Fikrimcə, bu məsələdə günahkar heç kim deyil, problem sadəcə, İranın tam Xəzər dövləti olmaması ilə bağlıdır".
Status məsələsində uzun müddət qeyri-konstruktiv mövqe tutan ölkənin İran olduğunu bildirən politoloq qeyd etdi ki, Rusiya əvvəllər razılıq nümayiş etdirirdi, Türkmənistan İranın mövqeyini müdafiə edirdi. Türkmənbaşı vəfat etdikdən sonra onun yerinə gələn Qurbanqulu Berdiməhəmmədov daha dəqiq və praqmatik siyasət izləməyə başlayıb: "Artıq Türkmənbaşı dövründə qaldırılan iddiaların bəzilərindən imtina edilib. Məsələn, Aşqabadda "Günəşli" yatağından birgə istifadə barədə Azərbaycanın təklifini araşdırdıqlarını və bu məsələdə razılığa gələ biləcəklərini ifadə ediblər. Yəni göründüyü kimi, Türkmənistan, Qazaxıstan və Azərbaycan bu məsələdə ortaq mövqe nümayiş etdirirlər. Rusiya əvvəllər bu məsələdə Azərbaycan və Qazaxıstanın mövqeyi ilə razılaşsa da, son dövrlərdə İran ətrafında baş verən hadisələrlə bağlı öz mövqeyini dəyişib. Politoloq hesab edir ki, bütün bunlara baxmayaraq, danışıqlar prosesi hələ də gedir və mərhələ-mərhələ hər bir ölkənin paytaxtında keçirilir. Bu məsələylə bağlı əvvəlki danışıqlar Azərbaycanda keçirilmişdi. Növbəti danışıqların isə İranda keçirilməsi nəzərdə tutulur. Danışıqlarda hələ ki, ciddi bir irəliləyiş yoxdur. Rusiyanın da mövqe dəyişikliyinə əsas səbəb ilk növbədə Türkmənistan qazını Avropaya ötürəcək Transxəzərqaz boru kəmərinin çəkilişi ilə əlaqədardır. Avropa İttifaqı bu məsələdə Türkmənistanı dəstəkləyir".
Qabil Hüseynli bildirib ki, ruslar vəziyyəti mürəkkəbləşdirməyə çalışırlar: "İrəliləyiş yoxdur, üstəlik bu məsələni mürəkkəbləşdirəcək yeni məqamlar ortaya çıxıb. Amma bu məqamlar subyektiv xarakter daşıyır. Bu, Rusiya və İranın subyektiv maraqlarından irəli gəlir. Amma bununla belə beynəlxalq konvensiyalara uyğun gəlmir. Məsələn, Rusiya belə bir arqument irəli sürür ki, dənizlər və okeanlar üçün nəzərdə tutulan beynəlxalq konvensiyalar bura tətbiq edilə bilməz, çünki Xəzər daxili göldür. Amma bu arqumentlər əsassızdır. Zənnimcə, beynəlxalq normaların Xəzərə də tətbiq edilməsi məcburidir".
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq instutunun mütəxəssisi Aleksandr Kinyazov isə deyib ki, Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirmək regiondan kənar güclərin müdaxiləsi olduğu təqdirdə imkansızdır: "Avrasiya Birliyinin güclənməsilə regional inteqrasiya prosesində dəyişiklik ehtimalı və beynəlxalq strukturlarda baş vereən dəyişikliklər Xəzər hövzəsi münasibətlərdə, əcnəbilərin müdaxiləsi olmaması zərurətini yaradır".
Onun iddiasına görə Xəzər dənizinin hüquqi statusu müəyyənləşmədən və 5 sahilyani ölkələr tərəfindən təsdiqlənmədən xarici ölkələrin iştirakı ilə hər hansı layihəni həyata keçirmək üçün səylər Xəzər dənizinin hüquqi vəziyyətini daha da mürəkkəbləşdirə bilər.
Amma Rusiya və İranın ekspertləri hər nə qədər Xəzərdə Azərbaycan və Qazaxıstanın həyata keçirdiyi enerji layihələrində Qərb şirkətlərinin iştirakını qabartmağa çalışsalar da, öz dövlətlərinin yürütdüyü açıq militarist siyasəti görməzdən gəlirlər. Halbuki Rusiya və İranın Xəzərdə hərbi dəniz qüvvələrini israrla artırması, akvatoriyanı militarist siyasətin mərkəzinə çevirmələri ziddiyyətləri daha da artırır və nəticə etibarilə sahilyanı dövlətlər arasında etimadsızlığı daha da dərinləşdirir.