“Roma Papası Fransiskin Azərbaycana səfərinin böyük əhəmiyyəti var” Siyasət

“Roma Papası Fransiskin Azərbaycana səfərinin böyük əhəmiyyəti var”

Asim Mollazadə: "Papanın söylədiyi sözlər dünyada təbii olaraq hamının diqqətini cəlb edir"

Mübariz Əhmədoğlu: "Onun ölkəmizlə münasibətlərə yüksək önəm verməsi müsbət dəyərləndirilməlidir"

Hacı Şahin Həsənli: "Bu dinlərin yaxınlaşması baxımından olduqca mühüm addımdır"

Zərdüşt Əlziadə: "Roma papası dünyada olan 1milyard 500 milyon xristianın diqqətlə izlədiyi bir şəxsdir"

Elxan Şahinoğlu: "Birinci mesaj Azərbaycan prezidentinin yürütdüyü siyasətin Vatikan tərəfindən dəstəyini tərənnüm etdirir"

Roma Papası Fransiskin Azərbaycana rəsmi səfəri başa çatıb. Roma Papasını hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar. Ümumiyyətlə bu səfərin əhəmiyyəti nədən ibarətdir?
Millət vəkili Asim Mollazadə dildirib ki, Roma Papası Fransiskin Azərbaycana səfərinin böyük əhəmiyyəti var: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi sivilizasiyalararası dialoq davam edir. Ölkəmiz bu istiqamətdə aparıcı dövlətlərdən biridir". Onun sözlərinə görə, Roma Papasının Bakıya səfəri də məhz bu dialoqun həyata keçirilməsi deməkdir: "Azərbaycan tarixən sivilizasiyalararası nəinki dialoq, əməkdaşlıq təcrübəsinə malik olan ölkədir. Minillərlə Azərbaycanda fərqli dinlərin etnik mənsubiyyətinə malik olan xalqlar qardaşlıq, əməkdaşlıq şəraitində yaşayıb. Bu gün bu dəyərimizin dünya üçün böyük önəmi var. Roma Papası öz çıxışında bunu xüsusi vurğulayıb. Mənə elə gəlir ki, Papanın söylədiyi bu sözlər dünyada təbii olaraq hamının diqqətini cəlb edir. Azərbaycan öz dəyərlərini dünya ilə bölüşərək əslində çox mühüm bir missiyanı öz üzərinə götürür. Ötən gün Papanın çıxışında sülhə çağırış çox önəmli idi. O, Cənubi Qafqazda sülh üçün hamını birgə dəstək verməyə çağırdı. Təbii ki, Azərbaycanın da ən böyük istəyi tezlikə sülhə nail olmaq və bölgədə əməkdaşlığını genişləndirməkdən ibarətdir".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib ki, son onillikdə Roma Papası Fransiskinin Azərbaycana səfəri ən vacibi idi: "Bu səfər zamanı heç bir müqavilə imzalanmadı və imzalanmamalı idi. Amma bütünlükdə bu mühüm xarici səfərin böyük strateji əhəmiyyəti vardı".
Onun sözlərinə görə, hazırda dünyada sivilizasiyalar (Avropa, Qərb və Şərq) arasında toqquşma gedir: "İş də belə gətirib ki, Azərbaycan hazırda bu sivilizasiyalar mübarizənin ortasındadır. Azərbaycan hesab edir ki, onun gücü çatacaq ki, bu sivilizasiyaları barışdırsın. Azərbaycan dünyada yeganə ölkədir ki, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Yəni, ölkə prezidenti dəfələrlə vurğulayıb. Bu mənada Roma Papasının səfəri vacibdir. Çünki dünyanın böyük əksəriyyəti yəni dünyanın taleyini həll edənlər xristianlardır. Bu gün dünyada aləm bir-birinə qarışıb. Bir sözlə gərgin vəziyyət hökm sürür. Bu baxımdan Roma Papasının Azərbaycanda görünməsi və ölkəmizlə münasibətlərə yüksək önəm verməsi müsbət dəyərləndirilməlidir".
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli vurğulayıb ki, Roma Papası katoliklərin lideridir və Azərbaycana səfər etməsi mühüm bir hadisədir: "Roma Papasının Azərbaycana səfəri ölkəmizdə dinlərə, tolerantlığa, mədəniyyətlərə diqqətin göstəricisidir. Roma Papası və şeyxülislam arasında olan görüşlərə mən də qatıldım. Görüşdə Azərbaycanda multikultiralizm, çox mədəniyyətliliyin olması vurğulandı. Bir çox məsələlərdə olduğu kimi multikultiralizm məsələsində də Azərbyacanın dünyaya nümunə olacaq ölkə olduğu fikirləri söylənildi. Roma Papasının Azərbaycana səfəri, müxtəlif dinlərə Azərbaycanın hörmətinin təzahürüdür və əlamətdar bir tarixi hadisə sayılır. Məzhəblər arası toqquşmaların qızışdığı bir dönəmdə dinlərin və məzhəblərin yaxınlaşmasına ciddi ehtiyac var. Bütün din xadimləri, liderlər bu istiqamətdə addımlar atmalıdırlar.

Din xadimlərinin Azərbaycana gəlməsi dinlərin yaxınlaşması baxımından olduqca mühüm addımdır. Roma papasının səfəri də dinlər arası yaxınlaşmanı göstərir. Din xadimləri ilə dövlət xadimlərinin görüşməsi sülhün, əmin-amanlığın bərqərar olmasına yardım göstərə bilər".
Politoloq Zərdüşt Əlizadə bildirib ki, Roma Papasının Azərbaycana səfəri mənəvi və mədəni cəhətdən çox önəmlidir: "Roma papası dünyada olan 1milyard 500 milyon xristianın diqqətlə izlədiyi bir şəxsdir. Papa Fransisk çox mötəbər bir şəxsdir. O, çox təmiz, zəkalı, sadə bir insandır. Onun Vatikandakı çirkli işlərlə heç bir əlaqəsi olmayıb. Azərbaycanda kiçik katolik icması var. Roma Papası bütün dünyanı gəzərək barış çağırışları edir. Problemlərin güzəştli həllərini axtarır. Onun Azərbaycana gəlməsi həm azlıq xristianlar üçün, həm də ağıllı müsəlmanlar üçün xoş hadisədir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu diqqətə çatdırıb ki, Roma Papası Fransisk Azərbaycana birgünlük səfərə Gürcüstandan gəldi, 24 iyunda isə o Ermənistanda səfərdə olmuşdu: "Roma Papası Ermənistana səfəri zamanı İrəvandakı "soyqırım" abidəsini ziyarət etməklə yanaşı "erməni soyqırımı olub" ifadəsini işlətmişdi. Bu açıqlama Türkiyədə narazılıqla qarşılandı. Vatikan "erməni soyqırımını" əvvəlki illərdə tanıyıb. Roma Papasının İrəvandakı çıxışı zamanı işlətdiyi bir ifadə isə Azərbaycanda narazılıqla qarşılanmışdı. Vatikan başçısı bu cümləni işlətmişdi: "Azərbaycana gedərkən orada Ermənistanda gördüyüm həqiqətlər barədə danışacağam və deyəcəyəm ki, kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur".
O əlavə edib ki, Roma Papası ermənilərə verdiyi vədi yerinə yetirmədi: "Çünki, o Bakıdakı çıxışların heç birində "kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur" ifadəsini işlətmədi. Əskinə Roma Papası Bakıdakı çıxışlarında iman, sülh və ədalətdən danışdı. Roma Papasının Bakıda Heydər Əliyev Mərkəzindəki çıxışını iki hissəyə bölmək olar.
Birinci hissədəki mesajı: "Azərbaycan təkkonfesiyalı ölkə deyil. Azərbaycanda dini azadlıqlar tam təmin edilib".
İkinci hissədəki mesajı: "Azərbaycanda ilk dəqiqələrindən anladım ki, nə qədər insan qanlı münaqişədən əziyyət çəkir. Arzu edirəm ki, beynəlxalq ictimaiyyət bunu daimi diqqətdə saxlasın və yardım göstərsin. İstərdim ki, bölgədə sülh bərqərar olsun. Arzu edirəm ki, həll variantı tapılsın, Tanrının yardımı ilə dialoq və danışıqlar vasitəsi ilə Qafqaz regionunda münaqişələr həllini tapsın. Qərblə Qərbin qovşağında sülh bərqərar olsun. İstərdik ki, bu qapı hər zaman sülhün üzünə açıq olsun".
Birinci mesaj Azərbaycan prezidentinin yürütdüyü siyasətin Vatikan tərəfindən dəstəyini tərənnüm etdirir. İlham Əliyevin multikulturalizmə söykənən – dini dözümlülük siyasəti Roma Papasının da diqqətini çəkib".
Ekspert hesab edir ki, ikinci mesajda isə Roma papası Dağlıq Qarabağ münaqişəsindən ümumi sözlərlə danışır: "Ondan əvvəl danışan İlham Əliyev diqqəti Azərbaycan torpaqlarının işğalı faktına yönəldir. Ancaq Roma papası çıxışında "Dağlıq Qarabağ" və "ərazi bütövlüyü" ifadələrini işlətmir. Bununla Vatikan başçısı Azərbaycanla Ermənistan arasındakı qarşıdurmada kimsənin tərəfini tutmaq istəmədiyini göstərir və fikrini ümumi sözlərlə ifadə edir. Bu isə Azərbaycan ictimaiyyətində müsbət qarşılana bilməz.
Buna baxmayaraq, rəsmi Bakı Vatikanla münasibətlərə əhəmiyyət verir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra bu Vatikan başçısının Azərbaycana ikinci səfəridir. Birinci səfər 2002-ci ildə reallaşmışdı. Vatikan başçıları adətən əhalisinin əksəriyyəti müsəlman olan ölkələrə səfərlər etmirlər. Azərbaycan istisnadır.
Azərbaycanda katoliklərin sayı bir neçə yüz nəfərdir. Buna baxmayaraq, Roma Papasının müsəlman Azərbaycana səfəri Azərbaycanın dini və etnik toleratanlıq nümunəsi olduğunu göstərir. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu Vatikanın bəzi muzeylərinin təmirinə maliyyə ayırır. Bu isə Roma Papası tərəfindən yüksək qiymətləndirilir. Azərbaycandan başqa hansısa digər müsəlman ölkəsinin Vatikanın müzeylərinin təmirinə maliyyə yardımı ayırması nümunəsi yoxdur.
Bu dəstəkdə rəsmi Bakının siyasi məqsədi də var. Bu yardımla rəsmi Bakı həm Azərbaycanın dini tolerant ölkə olduğunu nümayiş etdirir, həm də dünyada böyük nüfuza malik olan Vatikanın ərazi bütövlüyü prinsipinə diqqət ayırmasına çalışır...".
Millət vəkili Aydın Mirzəzadə vurğulayıb ki, Roma katolik kilsəsi son dövrlərdə bütün dünyayla əlaqələrini genişləndirməyə çalışır: "Bu həm ənənəvi katolik xristian dininə xidmət edənlər, eyni zamanda digər dünya dövlətləri ilə bir humanitar körpü salmaqdır. Bu, Roma Papasının Azərbaycana ikinci səfəridir. Təxminən 15 il əvvəl Roma Papası II İohan Pavel Azərbaycana səfər etmişdi. Ümumiyyətlə, Azərbaycan müsəlman ölkəsidir, ənənəvi İslam ölkəsi kimi xristian aləminin hər zaman diqqətini cəlb edir. Azərbaycanda bir tolerantlıq var. Ölkəmiz yeganə İslam dövlətidir ki, XX əsrdə Azərbaycanda katolik kilsəsi tikilib. Roma Papasının Azərbaycana səfəri eyni zamanda kilsə ilə Azərbaycan dövləti arasında münasibətləri möhkəmləndirmək, Azərbaycanı yaxından tanımaq və ölkəmizi Roma Papasının özünün kəşf etməsindən ibarətdir. Hesab edirəm ki, onun Azərbaycana səfəri şəxsən Roma Papasının özü üçün yeniliklərlə zəngin olacaq. O, qarşısında müasir, inkişaf edən, özünü sivil dünyanın bir hissəsi hesab edən və bütün dünyaya açıq münasibətdə olan bir ölkə görəcək. Dini sahədə isə onun prezidentlə tanışlığı əlbəttə ki, onu və onun komandasını sözün əsl mənasında şoka salacaq. Azərbaycanda dini fəaliyyət üçün şərait var, burada müxtəlif dinlər yanaşı fəaliyyət göstərirlər. Ölkəmizdə bu gün sivil cəmiyyətin bütün elementləri var. İstənilən halda, bu səfər hər iki ölkə arasındakı münasibətlərin daha sıx olmasına, Azərbaycan həqiqətlərinin Vatikan tərəfindən eşidilməsinə, Dağlıq Qarabağ məsələsi barədə Vatikana birinci ünvandan məlumat verilməsi olacaq".

Əli