Bakı və Ankara türk dünyasının güc mərkəzlərinə çevrildi Siyasət

Bakı və Ankara türk dünyasının güc mərkəzlərinə çevrildi

Dünən Ankarada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Ölkəmizin dövlət başçısının açıqlamalarının leytmotivini təşkil edən fikirlər bunlardır:

1. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammiti 2024-cü ilin iyulunda Şuşada keçiriləcək.

2. İlham Əliyevin dəvəti ilə Şuşada keçiriləcək sammitdə Şimali Kipr Türk Respublikasının Prezidenti də iştirak edəcək.

3. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi 2024-cü ilin ortalarında başa çatacaq.

4. Türkiyə və Azərbaycanın müdafiə sənayesində birgə istehsalla bağlı konkret planları var.

5. Azərbaycan və Türkiyə orduları bir yumruqdur.

... Fevralın 7-də Azərbaycanda keçirilmiş növbədənkənar Prezident seçkilərindən sonra İlham Əliyevin ilk rəsmi səfəri məhz qardaş Türkiyəyə oldu. Beləcə, ənənə davam etdirildi.

Azərbaycan və Türkiyə arasındakı münasibətlərin təməli ötən illərdə, onillərdə yox, əsrlər əvvəl, ulu babalarımız, əcdadlarımız tərəfindən qoyulub.

İndi isə bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasındakı təmaslar, işbirliyi və əməkdaşlıq sadəcə bölgə üçün yox, bütün Avrasiya məkanı üçün yetərincə ciddi, xüsusi önəmə və çəkiyə malik amilə dönüb.

Azərbaycan Prezidenti dedi: "Hər dəfə Türkiyədə olarkən qardaş ölkədə gedən genişmiqyaslı inkişaf prosesini izləyirəm. Buna çox sevinirəm və bir daha görürəm ki, əziz Qardaşımın səyləri nəticəsində qardaş ölkə yeni zirvələri fəth edir.

Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən, hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Təbii ki, Azərbaycan Sizin uğurlarınıza öz uğurları kimi sevinir. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarında əziz Qardaşımın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik".

Azərbaycan qardaş Türkiyənin qardaşlıq dəstəyini heç zaman unutmayacaq.

Ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub.

Zaman keçdikcə ölkələrimiz və xalqlarımız arasındakı əlaqələr sürətlə inkişaf edir, ən müxtəlif sahələrdə işbirliyi aktivləşir.

Şuşa şəhərində imzalanmış Müttəfiqlik Bəyannaməsi ölkələrimizinbir müstəvidə, bir düşərgədə olduğunu göstərməklə yanaşı, qarşılıqlı əlaqələrin inkişafının çox ciddi potensiala və təkanverici şərtlərə malik olduğunu nümayiş etdirir.

Bakı-Ankara əlaqələrinin inikas etdiyi sahələr arasında Türk Dövlətləri Təşkilatı (TDT) əlahiddə yer tutur.

Qlobal geosiyasi mexanizmlərin yeniləndiyi, inkişaf etmiş dövlətlərlə inkişaf etməkdə olan ölkələr arasında əlaqələrin artması ilə yanaşı, bir sıra məsələlərdə qarşıdurmaların və rəqabətin müşahidə olunduğu müasir dünyada hərbi və ya siyasi bloklara qatılmağın, hansısa ittifaqa üzv olmağın mütləq şəkildə müstəqilliklə suverenliyin müəyyən qisminin güzəştə gedilməsinə çevrildiyi artıq faktdır.

Azərbaycanın NATO və ya Avropa İttifaqı ilə bağlı mücərrəd planları, illüziyalara əsaslanan istəkləri yoxdur. Bəllidir ki, postsovet məkanındakı bir para dövlətlərlə olduğu kimi, Azərbaycanla da Şimali Atlantika Alyansı vədlərlə təkliflərə əsaslanan ünsiyyət qurmaq niyyətindədir.

Praktika göstərir ki, təkliflər bir müddət sonra tələblərə çevrilsə də, iddialı ölkənin NATO-ya üzvlük məsələsi siyasi alverə, daha sonra təzyiqə və pressinqə çevrilir.

Ölkəmizin NATO üzvü olması Bakının maraqlarına cavab vermir: Azərbaycanın hansı coğrafiyada yerləşdiyi, şimalda Rusiyanın, cənubda İranın olması NATO ilə bağlı meyillərin olduqca təhlükəli situasiya yarada biləcəyi bəllidir.

Üstəlik, Ukrayna, Moldova, Gürcüstan və b. postsovet dövlətlərinin Brüssellə təmasları, aparılan danışıqların mahiyyəti, səsləndirilən tələblərin mahiyyəti həmin dövlətlərin NATO-da üzvlüklə bağlı arzularının reallaşmasına hələ çox qaldığını aydın nümayiş etdirir.

Azərbaycanınsa NATO-ya üzvlük arzusu yoxdur. Bu struktur, habelə Avropa İttifaqı ilə çox sıx, intensiv və maraqların qarşılıqlı şəkildə nəzərə alınması şərtilə əməkdaşlığın aktivləşdirilməsi mənafelərimizə cavab verir.

Bilavasitə üzvlük iddiaları isə ciddi çağırışlarla risklər yarada bilər.

Şərtlər postsovet məkanındakı digər türk dövlətləri üçün də keçərli olduğundan, TDT-nin perspektivləri, önəmi və çəkisi xüsusilə artır.

Bu ilin iyul ayında Şuşada TDT-nin qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinə qərar verilməsi və bu görüşə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin dəvət edilməsi türkdilli dövlətlərin, türk xalqlarının əməkdaşlığını, tərəfdaşlığını və işbirliyini keyfiyyətcə yeni səviyyəyə qaldıra biləcək nüanslar arasında yer alır.

Azərbaycanla Türkiyə arasında ticari dövriyyənin 7,5 milyard dollar təki rekord səviyyəyə çatması, ölkələrimizin nəqliyyat, energetika və loqistika sahəsindəki birgə layihələrin region sərhədlərindən kənardakı ölkələr üçün belə, ciddi əhəmiyyət kəsb etməsi perspektivlərin üfüqlərini genişləndirir.

Onu da unutmayaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir.

Məsələn, ötən il Azərbaycandan Türkiyəyə nəql edilmiş təbii qazın həcmi 9 milyard kubmetri keçib. Həmin həcmin daha da artırılması nəzərdə tutulub, çünki Avropa İttifaqı ilə Bakı arasında enerji daşıyıcıları nəqli ilə bağlı yeni layihələrin həyata keçirilməsi qaçılmazdır.

Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar nəticəsində Avropanın enerji təminatı marşrutlarının coğrafiyasının, sayının və istiqamətlərinin dəyişməsindən sonra Azərbaycan Aİ üçün müstəsna əhəmiyyət kəsb edən stabil və etibarlı tərəfdaş statusuna malikdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatında bir məqam xüsusi önəm kəsb edir:

“Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik. Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir.

Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik. Ailə məclisimiz olan Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da təsisatlanması və güclənməsi üçün çalışmaqda davam edirik.

İyul ayında Təşkilatımızın fövqəladə Zirvə görüşünün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi ilə əlaqədar xüsusilə məmnunluğumu bildirmək istəyirəm. Qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik”.

… Türkiyə və Azərbaycan arasındakı əlaqələr sadəcə iki ölkənin gələcəyini yox, bütün türk dünyasının perspektivlərini bəlirləyir.

Bu istiqamətdə fəaliyyətsə sürəkli şəkildə aktivləşməkdədir.