"Azərbaycana qarşı təzyiq və qarayaxma kampaniyası qərəz və ikili standartların açıq təzahürüdür"-Səməd Seyidov Siyasət

"Azərbaycana qarşı təzyiq və qarayaxma kampaniyası qərəz və ikili standartların açıq təzahürüdür"-Səməd Seyidov

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Xorvatiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matuşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xalqcəbhəsi.az xəbər verir ki, Səməd Seyidov Azərbaycanın Xorvatiya ilə əlaqələrə böyük önəm verdiyini bildirib və ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin rolunu vurğulayıb.
Azərbaycanın torpaqlarını Ermənistanın işğalından azad etməsindən və suverenliyini tam bərpa etməsindən söz açan Səməd Seyidov regiondakı mövcud vəziyyət, Azərbaycanın bölgədə uzunmüddətli sülh və sabitliyin təmin olunmasına yönələn səyləri, aparılan sülh danışıqları haqqında qonaqlara məlumat verib.
Komitə sədri Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasını Cənubi Qafqazda sülhün əldə olunmasını istəməyən qüvvələrin Azərbaycana qarşı apardığı təzyiq və qarayaxma kampaniyasının, qərəz və ikili standartların açıq təzahürü kimi dəyərləndirib. O, regionda stabilliyin və etimad mühitinin yaradılmasında beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa ölkələrinin rolundan danışıb.
Xorvatiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matuşiç ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirilib ki, Xorvatiya ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın qarşılaşdığı problemləri anlayır və bölgədə sülh quruculuğu proseslərini dəstəkləyir. Ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq üçün geniş imkanlar olduğunu söyləyən qonaq Xorvatiyanın Azərbaycanla əlaqələrin dərinləşməsində maraqlı olduğunu deyib.
Milli Məclisin Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva və işçi qrupunun üzvü Kamran Bayramov çıxış edərək hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir ediblər, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıblar, ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi barədə fikirlərini bölüşüblər.
Görüşdə Milli Məclisin Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü İltizam Yusifov, Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov, Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç və digər rəsmi şəxslər iştirak ediblər.