“Çalışmalıyıq ki, beynəlxalq aləmdə tanınan mətbuat orqanlarında Xocalı həqiqətləri yayınlansın” Siyasət

“Çalışmalıyıq ki, beynəlxalq aləmdə tanınan mətbuat orqanlarında Xocalı həqiqətləri yayınlansın”

"Xocalı soyqırımı ilə bağlı Azərbaycan dövləti, qurumlar, aidiyyatı orqanlar lazımi formada fəaliyyət göstərir. Xarici mətbuatda, beynəlxalq aləmin anlamaq istədiyi dildə tədbirlər görülməsi üçün düşünülür və addımlar atılır". Bu fikri açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
O qeyd edib ki, əsrin faciəsi ilə bağlı erməni diasporunun güclü olduğu və erməni yalanının daha çox yayıldığı ölkələrdə tədbirləri görməyə ehtiyac var: "İstər Xocalı soyqırımı, istərsə də 31 Mart Azərbaycanlıların Soyqırımı ilə bağlı tədbirlər görülür. Avropa Şurası və Avropa Birliyinə aid olan deputatların e-mail ünvanlarına Xocalı haqda materialları göndəririk".
Politoloq bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın "Xocalıya Ədalət" kampaniyasının örnək ola biləcəyini qeyd edib: "Bu təşəbbüsə dəstək olaraq yeni addımlar atmaq, yeni tanıtım etmək olar. Bu kampaniya tək Rusiya ilə kifayətlənmir, dünyanın bir çox ölkələrində, Şimali və Cənubi Amerikada, Asiyada bu materiallar təqdim edilir".
R.Alıyev hesab edir ki, Azərbaycan gəncləri virtual aləmdə, sosial şəbəkələrdə tək 26 fevralda yox, il ərzində soyqırımın tanıdılması təşəbbüsü ilə çıxış etməlidirlər: "Xarici ölkələrin mətbuat orqanlarında Xocalı soyqırımı haqqında məlumatların yer almasına xüsusi diqqət yetirmək lazımdır. Yaxşı olar ki, həmin ölkələrin tanınmış ziyalıları, politoloqları Xocalı soyqırımının tanıdılmasına dəstək versin, fikirlərini bölüşsün. Bunun üçün bizim xaricdə yaşayan dostlarımızdan yararlana bilərik".
Politoloq hesab edir ki, Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən deputatlar da səfərlər zamanı Xocalı soyqırımı ilə bağlı materialları aparmalı və həmin ölkələrin parlamentarilərinə təqdim etməlidir: "Azərbaycan prezidentinin də qeyd etdiyi kimi, biz yalnız soyqırımın anım tarixinin yaxınlaşdığı günlərdə deyil, il ərzində öz fəaliyyətimizlə Xocalı ilə bağlı məlumatları mütləq çatdırmalıyıq. Çalışmalıyıq ki, beynəlxalq aləmdə tanınan mətbuat orqanlarında Xocalı həqiqətləri yayınlansın".