“Həmsədrlər bizimlə görüşə bilərlər” Siyasət

“Həmsədrlər bizimlə görüşə bilərlər”

"ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfəri hamanı "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi ilə görüş keçirmələri istisna deyil ".
Bunu "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyib.
Səfərin dəqiq tarixinin məlum olmadığını qeyd edən B. Səfərov bildirib ki, bölgəyə səfər zamanı adətən proqrama "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi ilə görüş daxil edilir.

B. Səfərov Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün isə yaxın vaxtlarda gözlənilmədiyini açıqlayıb: "Çünki Ermənistandakı hazırkı əli qana batmış cinayətkar rejim və erməni lobbisi Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsini istəmirlər. Bunun da səbəbi aydındır. Bilirlər ki, belə görüşlər keçirilsə, erməni icmasının ağıllı, ziyalı insanları Azərbaycanın tərkibində yaşamağa hazır olduqlarının bildirəcəklər. Çünki ermənilər iki əsrə yaxın Qarabağda azərbaycanlılarla mehriban qonşuluq şəraitində yaşayıblar. Münaqişə dövründə də məhz Ermənistan rəhbərliyinin və lobbinin bu münaqişəni alovlandırdığını bildiriblər".