“Təzyiqlərin azaldılması üçün Ankara məsələyə qarışıb” Siyasət

“Təzyiqlərin azaldılması üçün Ankara məsələyə qarışıb”

Qafar Çaxmaqlı: " "Türkiyə əlindən gələni edir ki, bu prosesdə Azərbaycan təklənməsin"

"Azərbaycanın dövlət başçısı İlham Əliyev "Bağlı qapılar arxasında bizə təzyiqlər olur ki, Dağlıq Qarabağın müstəqilliyinə razılıq verək" deyəndə onu nəzərdə tutur ki, onlar son nəticədə bu bölgənin müstəqilləşməsini və istədikləri zaman Azərbaycandan ayrılma hüququ olan mexanizmlərini işləmək və buna indidən zəmin hazırlamq istəyirlər. Bu səbəbdən də Azərbaycan haqlı olarq Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində müxtariyyət verilməsi fikrini qabardır və bu bəyan olunur. Azərbaycan dövləti öz torpaqlarında ikinci erməni dövlətinin qurulması üçün zəmin hazırlanmasına qətiyyən yol verə bilməz". Bu fikirləri ermənişünas alim, professor Qafar Çaxmaqlı səsələndirib. Professor daha sonra bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla nizamlanması ilə bağlı həmsədr ölkələr regiona bu dəfəki səfərində də yenə özlərinin Sankt Peterburq və Vyanada razılaşdırılmış təkliflərlə gələcəklərini əvvəlcədən bilirdik. Həmsədr ölkələr problemin "paket" həlli prinsipini əldə əsas tutaraq Azərbaycana təzyiqlərini davam etdirəcəklər: "ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib ki, vasitəçilər bölgəyə bu yaxınlarda edəcəkləri səfər zamanı Vyana və Sankt-Peterburq görüşlərində əldə olunmuş razılaşmalara nə dərəcədə əməl olunduğunu öyrənəcəklər, çünki bu, münaqişə bölgəsində sabitliyin təmin edilməsi, hərbi vəziyyətin öyrənilməsi baxımından əhəmiyyətlidir. Əla! Qoy öyrənsinlər. Bunu Azərbaycan tərəfinin də mənafeyinə uyğun hesab etmək olar və təmas xəttində atəşkəsin pozulmasının qarşısını almaq üçün daimi fəaliyyət mexanizmlərinin tapılmasını həmsədrlərin də istəməsi qəbulediləndir. Azərbaycan öz torpaqlarında sülh olması üçün əlindən gələni edir".
Qafar Çaxmaqlı Dağlıq Qarabağa muxtariyyət verilməsi məsələsinin Ermənistanda müzakirəyə çıxarılmasına da aydınlıq gətirib: "İndi Ermənistanda Dağlıq Qarabağa dövlət başçısı səviyyəsində "muxtariyyət" verilə biləcəyi fikri qızğın müzakirə edilməkdədir. Onlar da, rusiyalı həmsədr də Dağlıq Qarabağ münaqişəsinin həllinin "bir paket" olması, ayrı-ayrı komponentlərin oradan çıxarılmasının düzgün olmadığı haqqında rəy formalaşdırmağa çalışırlar. Əsas məsələ qalıb bir tərəfdə, onuncu dərəcəli məsələlərin özərinə gedirlər. Rusiya da, digər həmsədr ölkələr də məsələnin Azərbaycanın ərazi bütünlüyü prinsipini sözdə qəbul edirlər. Amma əmələ gələndə deyirlər ki, Dağlıq Qarabağın statusu digər komponentləri – qaçqınların geri dönməsini, Dağlıq Qarabağı Ermənistana birləşdirəcək dəhlizin təhlükəsizliyinin təmini və digər məsələlərlə birlikdə tam tənzimlənməni nəzərdə tutur. Bir soruşan yoxdur ki, ilkin olaraq nədən 7 deyil, 5 rayonun geri qaytarılmasından söhbət gedir. Ermənistanda Kəlbəcər və Laçının heç bir halda Azərbaycana verilməyəcəyi fikri hakimdir, bu bölgələrdə artıq məskunlaşma aparılır, on minlərlə adam bu bölgələrdə yaşamaqdadır. Belə bir fikir olmasaydı, Ermənistan burada məskunlaşma proqramı həyata keçirərdimi? Bəli, Dağlıq Qarabağı Azərbaycandan almaq üçün təzyiq olunur, bunu isə ATƏT-in Minsk qrupu etməkdədir".
O son olaraq Türkiyə rəsmisinin 5 rayonun qaytarılması ilə bağlı verdiyi açıqlamaya da münasibət bildirib: "Mövlut Çavuşoğlunun 5 rayonun qaytarılması ilə bağlı səsləndirdiyi fikirlərə gəldikdə bunları deyə bilərəm. Popov özü də qeyd edir ki, Rusiya Xarici İşlər Nazirliyində bu məsələ Vyana və Sankt- Peterburq görüşlərində qəbul edilmiş qərarlara uyğun olaraq, bütün detalları ilə bir yerdə müzakirə edilib. Amerikalı və fransalı həmsədrlər də nizamlanma ilə bağlı ölkələrinin mövqeyini bir daha təsdiqləyib, başqa sözlə, "üçlük" kollektiv mövqeyini ortaya qoyub". Kollektiv mövqe isə dediyimiz təzyiqlərdir ki, bunların azaldılması üçün Türkiyə məsələyə qarışıb. "Erməni məsələsi" ilə bağlı onsuz da başı dərddə olan Türkiyə əlindən gələni edir ki, bu prosesdə Azərbaycan təklənməsin. Moskvanın "müstəqil səyləri" olduğunu da Rusiya rəsmisi təsdiqləyib. Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan yaxın günlərdə "5 rayonun qaytarılması ilə bağlı Rusiya ilə razılaşma vardır" fikri ortaya atılanda demişdi ki, Türkiyəni bu məsələyə yaxın buraxmaq olmaz. Çünki Ermənistanda də artıq arxayındırlar ki, "üçlük" məsələni onların xeyrinə həll etməyə çalışır. Bunu Azərbaycanda neçə illərdir ki, bilirik. Amma onların vasitəçilik missiyasından imtina etmirik.