“Minsk qrupu nədənsə bölgədəki gərginliklə bağlı kifayət qədər diqqət göstərmir” Siyasət

“Minsk qrupu nədənsə bölgədəki gərginliklə bağlı kifayət qədər diqqət göstərmir”

Fatih Öztarsu: "Bu səbəbdən məsələnin Minsk qrupundan kənarda ələ alınması daha məntiqlidir"

Ramiz Alıyev: "Bu qurum Ermənistanı təxribatçı hərəkətlərdən çəkindirməyə nail ola bilməyib"

Elxan Mehdiyev: "3 həmsədr ölkə bu məsələni tamamilə monopoliyaya alıb"

ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri başa çatdı. Həmsədrlər yenə də ənənələrinə sadiq qaldılar. Növbəti nəticəsiz səfərdən sonra lazımsız açıqlamalarla kifayətləndilər. Qeyd edək ki, iyirmi ildən artıqdır, eyni vəziyyət davam edir. Həmsədrlər artıq Azərbaycan ictimaiyyətində qıcıq yaradır. Regiona hər səfərdən sonra əhəmiyyətsiz bəyanatlar ölkədə mənası bir iş kimi qarşılanır. Əksər hallarda bəyanatlar bir-birinin təkrarı olur. Cəmiyyətdə haqlı olaraq həmsdərlərdən imtina olunması ilə bağlı fikir formalaşır.
Türkiyənin "Strategic Outlook" Analitik Mərkəzinin vitse-rəhbəri, Cənubi Qafqaz üzrə ekspert Mehmet Fatih Öztarsu deyib ki, hazırda Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil: "Yerevan və Bakı arasında 2016-cı ilin aprelindəki kimi qarşıdurma baş verməsi ehtimalı var". O qeyd edib ki, Yerevanın təxribat xarakterli manevrləri Bakını dünyaya təcavüzkar kimi göstərmək cəhdidir. Ekspert hesab edir ki, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupu münaqişəni həll edə bilməyən qrup halına gəlib çıxıb: "İndiyə qədər reallaşdırdığı görüşlərdə Yerevan və Bakının xoş niyyətli mesajlarını dünyaya çatdıran Minsk qrupu nədənsə bölgədəki gərginliklə bağlı kifayət qədər diqqət göstərmir. Bu səbəbdən məsələnin Minsk qrupundan kənarda ələ alınması daha məntiqlidir. Çünki hazırda Yerevan belə bölgədə status-kvonun dəyişməsi üçün çalışır".
Öztarsu bildirib ki, 2016-cı ilin aprelində olduğu kimi Qarabağda yeni döyüş başlayacaq. Bu Yerevanın qazanmaq istəyinə yönələn savaşa çevrilə bilər: "Yəni məqsəd apreldə məğlubiyyətə uğrayan Sarkisyan və erməni ordusunun prestij qazanması və bölgədə Azərbaycanın hərbi cəhətdən gücsüz olduğunu göstərməkdir".
Ekspert əlavə edib ki, bununla yanaşı Yerevan Dağlıq Qarabağdakı seperatçı rejim üzərində gücünü artırmaq istəyir: "Çünki son zamanlar Ermənistan və Qarabağı idarə edənlər arasında gərginlik artır".
Politoloq Ramiz Alıyev isə deyib ki, nə ATƏT-in Minsk qrupu, nə də beynəlxalq təşkilatlar Ermənistanı təxribatçı hərəkətlərdən çəkindirməyə nail ola bilməyiblər: "Ermənistan bu cür addımlarla beynəlxalq hüquq normalarını, təşkilatların qərarlarını qəbul etmədiyini təsdiqləyib". O qeyd edib ki, BMT TŞ-nin Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı qəbul etdiyi 4 qətnamə reallaşlmayıb, Ermənistan adekvat addım atmayıb: "Dünya birliyi isə buna göz yummaqda davam edir. Bu da ikili standarların nəticəsidir. Azərbaycan hərbi qüvvələri erməni təxtribatının qarşısını alır və lazımi cavab verir". Politoloq bildirib ki, Ermənistan tərəfi çalışır ki, bu cür addımlar atmaqla aprel hadisələrinin təkrarı olsun: "Ermənistan çalışır dünyaya bəyan etsin ki, Azərbaycan ordusu bizi məhv etdi. Buna imkan verməyin. Bu da əbəs yerə deyil. Hazırda Ermənistanın daxlində gərgin proseslər gedir. Ermənistan çalışır ki, atəşkəsi pozmaqla, müharibə vəziyyətinə gətirib çıxarmaqla öz daxilində olanları ört-basdır etsin". R.Alıyevin sözlərinə görə, Ermənistanın siyasi arenası və hakimiyyət daxilində gərgin mübarizə gedir və buna görə də atəşkəsi pozmaqla baş qatmağa çalışırlar: "Azərbaycanın Müdafiə Nazirliyi öz bəyanatlarında haqlıdır. Azərbaycan ordusu erməni tərəfinin təxribatlarına lazımi cavab verəcək. Hesab edirəm ki, aprel döyüşlərindən daha da böyük maşstabda müharibə ola bilər".
Politoloq bildirib ki, 4 günlük aprel müharibəsini Ermənistan orudusu başlatmışdı. Azərbaycan isə Rusiya və digər dövlətlərin vasitəçiliyi ilə müharibəni dayandırmışdı: "Lakin hesab edirəm ki, Azərbaycan bu dəfə heç bir vasitəçi dövlətlərin tövsiyyəsinə baxmayacaq. Bu hallar davam edərsə, Azərbaycan layiqli cavab verib erməni tərəfini bu addımı atmağına görə peşman edəcək. Azərbaycan beynəlxalq hüquq normalarından kənara çıxmır, ərazi bütövlüyünü təmin etmək üçün dövlətimizin hərbi yolu seçmək hüququ var. Lakin biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq".
Politoloq əlavə edib ki, Azərbaycan öz hüququndan istifadə edərsə, Azərbaycan xalqı öz dövlətinin və ordusunun yanında olacaq: "Bu da Azərbaycanın Ermənistandan ən böyük fərqidir. Ermənistanda isə əksinə xalq ordunun attdığı addımların arxasında deyil. Ermənistan hərbi birləşmələri haqlı deyil, ona görə də xalq onların yanında deyil".
Politoloq Elxan Mehdiyev isə diqqətə çatdırıb ki, münaqişənin həlli ilə bağlı daha çox 3 ölkədən danışırıq: "Digərlərinin bu işə qarışmağa faktiki olaraq, ixtiyarı yoxdur. 3 həmsədr ölkə bu məsələni tamamilə monopoliyaya alıb. Nə bu işə qoşulmaq istəyən beynəlxalq təşkilatlara, nə də dövlətlərə imkan vermirlər. Ona görə də konkret şəkildə münaqişənin onların monopoliyasında olduğunu deyə bilirik. Onların işi tərəfləri atəşkəsə çağırmaqdır. Amma tərəfin biri, yəni Azərbaycan 20 ildən çoxdur işğala məruz qalıb. Düşünürəm ki, dövlət özü sözünü deməlidir. Çünki xaricilər yalnız sülhə çağırmaqla kifayətlənirlər. Kimin torpağının işğalda qaldığı onları maraqlandırmır. Kimə qarşı genosid törədildiyi, insanların qaçqın həyatı yaşaması və s. ilə maraqlanmırlar. İşğalçı tərəfə rəğbət göstərdikləri məlum məsələdir. Apreldə ölkəmiz qəhrəmanlıqla vuruşurdu. Ermənilər güclü olduqları haqda bütün dünyada mif yaratmışdılar. Ölkəmiz bunu dağıtmağı bacarmışdı. Aprel ayında ermənilər panikada idilər. Əhali də, ordu da qaçıb gizlənirdi. 3 gün ərzində ordumuz həmin templə davam etsəydi, daha böyük əraziləri geri qaytara bilərdik. Ona görə də deyirəm ki, münaqişənin həlli həmsədrlərin yox, Azərbaycan dövlətinin işidir".
Onun sözlərinə görə, torpaqlarımızı işğaldan azad etmək ölkə Konstitusiyasında da əksini tapıb və bu, Azərbaycanın tam hüququdur: "Beynəlxalq güclərin Azərbaycan üçün torpaq qaytarmaq fikri yoxdur. Bunu heç planlaşdırmırlar da. Ancaq onunla maraqlanırlar ki, tərəflər danışıb razılığa gəlsinlər. Tərəfin biri işğalçıdır. Azərbaycanın torpaqlarını tutub tələblərini, şərtlərini irəli sürür, qəbul olunacağı halda sülhə razılıq verəcəyini bəyan edir. Ölkəmiz işğala məruz qalmaqda davam edir. 20 ildən çoxdur ki, ermənilərin – işğalçının başını sığallamaqla, Azərbaycanı isə təsir və təzyiq altında saxlamaqla məsələni uzadırlar. Ermənilər heç bir cəzaya, sanksiyalara məruz qalmırlar. Onlara güldən ağır söz deyilmir. Ona görə də işğal etdikləri əraziləri özlərininkiləşdirməyə çalışırlar. Əvvəllər Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxmağa etiraz etmirdilərsə, indi bütün rayonları Ermənistana birləşdirmək üçün mübarizə aparırlar. Bu cür vəziyyətdə düşməni dinc yolla işğal etdiyi ərazilərdən çıxarmaq olarmı? Beynəlxalq güclərin gündəmində onları həmin ərazilərdən çıxarmaq planı yoxdur. Rusiya tərəfi də düşünür ki, Azərbaycan statusa razı olmalıdır. Dağlıq Qarabağı Azərbaycandan ayırmaq istəyirlər".
Əli