“Son həbslər milli təhlükəsizlik məsələləri ilə bağlıdır” Siyasət

“Son həbslər milli təhlükəsizlik məsələləri ilə bağlıdır”

"Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) üzvü olan 12 deputatın həbsi milli təhlükəsizlik məsələləri ilə bağlıdır".
Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı, politoloq Hikmət Babaoğlu belə deyib.
YAP-çı deputat deyib ki, hər bir dövlətin beynəlxalq hüquq tərəfindən tanınmış sərhədləri daxilində öz milli maraqlarını və təhlükəsizliyini təmin etmək hüququ var: "Təəssüf ki,Türkiyə Cümhuriyyəti uzun illərdir terrordan əziyyət çəkir. Ona görə də indiki kritik tarixi mərhələdə daha qətiyyətli addımlar atmağa məcburdur. Hamıya bəllidir ki, coğrafi mövqe etibarilə qardaş Türkiyə Cümhuriyyəti nə qədər əlverişli regionda yerləşsə də, bir o qədər də təhlükəli və xaosun yaşandığı bir regiondadır".
Hikmət Babaoğlu qeyd edib ki, Türkiyə olduqca düşünülmüş, ağıllı və cəsarətli qərarlar qəbul etməyə məhkumdur: "Əks təqdirdə, Yaxın Şərq kimi mürəkkəb bir geostrateji rayonda mövcudluğunu qoruması çox çətin ola bilər. Ona görə də bu ölkənin müvafiq güc strukturları ən müxtəlif təhlükəsizlik tədbirləri həyata keçirirlər. Görünür, bu həbslər də milli təhlükəsizlik məsələləri ilə bağlıdır və Türkiyənin daxili işidir. Ona görə də Qərbin məsələyə münasibəti düşünürəm ki , anlaşılan deyil. Çünki Qərb ölkələri də terror məsələsində olduqca həssasdırlar və öz təhlükəsizlikləri naminə ən radikal qərarlar qəbul etməkdən çəkinmirlər".