“Azərbaycanda dinlərarası münasibətlərdə harmoniya var” Siyasət

“Azərbaycanda dinlərarası münasibətlərdə harmoniya var”

ABŞ-ın nüfuzlu yəhudi təşkilatı olan Amerika Yəhudi Komitəsinin (AYK) və "Beverli Hils Emanuel Məbədi" sinaqoqunun birgə təşkilatçılığı ilə noyabrın 3-də Azərbaycana dair geniş təqdimat keçirilib. Tədbirdə sözügedən təşkilatların dəvəti ilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edib.
Azərbaycanın Los Ancelesdəki Konsulluğundan Trend-ə verilən məlumata görə, AYK-nin Los Anceles üzrə regional nümayəndəliyinin vitse-prezidenti Culi Bram və "Beverli Hils Emanuel Məbədi"-nin dini rəhbəri Ravvin Sara Bassin açılış nitqi ilə tədbirin önəmindən danışıblar. AYK-nin Azərbaycan ilə münasibətlərə böyük önəm verdiyini vurğulayan C.Bram Azərbaycanın nümayiş etdirdiyi multikulturalizm və tolerantlıq modelinin beynəlxalq aləm tərəfindən alqışlandığını və bütün dünyaya gözəl bir örnək olduğunu bildirib. Ravvin S.Bassin isə rəhbərlik etdiyi icmanın Azərbaycan ilə bağlı daha geniş bilgilərin əldə edilməsinə böyük marağının olduğunu, bu günkü tədbirin də məhz bu məqsədlə təşkil olunduğunu qeyd edib.
Ravvin S.Bassinin aparıcılıq etdiyi tədbirdə baş konsul N.Ağayev, Azərbaycanın yerləşdiyi siyasi-coğrafi məkan barədə məlumat verərək, ölkəmizin qədim dövlətçilik ənənələrindən bəhs edib, Azərbaycan xalqının hələ 1918-ci ildə müsəlman dünyasında ilk demokratik respublika təsis edərək və 1919-cu ildə qadınlara ilk dəfə səsvermə hüququ verərək, dünya xalqlarının mütərəqqi tarixində öz layiqli yerini tutduğunu bildrib. 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa edən ölkəmizin ilkin illərdə üzləşdiyi siyasi-iqtisadi çətinlikləri qeyd edən baş konsul, bu çətinliklərə mətanətlə sinə gərən Azərbaycanın müstəqil dövlət kimi inkişafından və çağdaş bir dövlətə çevrilməsindən danışıb.
Azərbaycanın qədim dini tolerantlıq və multikulturalizm ənənələrindən bəhs edən N.Ağayev, ölkəmizdə tarixən müsəlmanlar, xristianlar və yəhudilərin dinc və qarşılıqlı ehtiram şəraitində yaşadıqlarını, dinlərarası münasibətlərdə olduğu kimi, şiə-sünni münasibətlərində də yüksək harmoniyanın mövcud olduğunu və bu harmoniyanın dövlət tərəfindən hərtərəfli şəkildə təşviq olunduğunu diqqətə çatdırıb. Baş konsul bildirib ki, multikulturalizm və tolerantlıq Azərbaycan rəhbərliyinin xüsusi diqqəti və dəstəyi nəticəsində, dövlət siyasətinə çevrilib.
N.Ağayev, həmçinin, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. Bu səpkidə Xocalı və yəhudi soyqırımları (Holokost) arasında güclü oxşarlıqlar olduğunu, hər iki soyqırımında bir tərəfin qarşı tərəfi tamamilə yox etmək niyyətilə qeyri-insani vəhşiliklər törətdiyini vurğulayıb. Diplomat, həmçinin, İsrail prezidenti R.Rivlinin ötən il BMT-də etdiyi çıxışında Holokostdan sonra törədilmiş soyqırımları kontekstində Xocalı soyqırımını ayrıca vurğulamasının Azərbaycanda rəğbətlə qarşılandığını diqqətə çatdırıb.
Çıxışdan sonra baş konsul tədbir iştirakçılarını maraqlandıran müxtəlif sualları cavablandırıb.