Rusiya sülhməramlılarının gedişi: hazırki nəticə riskli görünən planın uğurla həyata keçirildiyini təsdiq edir Siyasət

Rusiya sülhməramlılarının gedişi: hazırki nəticə riskli görünən planın uğurla həyata keçirildiyini təsdiq edir

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması başlayıb. Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında sülhməramlıların Azərbaycandan çıxarılmasını təsdiqləyib.

Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, rus əsgərlərinin Azərbaycandan çıxması bir neçə tarixi ilklə yadda qalacaq:

“1. İlk dəfə ölkəmizdə bütöv torpaqlarında parlament seçkiləri keçiriləcək.

2. Rusiya sülhməramlıları ilk dəfə xidmət ərazilərini insidentsiz tərk edirlər.

3. Ruslar bu hadisəyə qədər olduqları coğrafiyada işğal tərəfi kimi qalmaqda idilər.

4. Rusiya ilə müqavilə bağlayıb, diplomatik qalibiyyət əldə edən tək lider İlham Əliyevdir.

5. Kremlin ritorikasında bir tarixi ilkdir ki, rəsmi şəxsin mətnində hərbi hədə yox, xidmətin bitib, tərk etməsi faktı yer alır.

6. İndi daha çox insan gördü ki, ağıl, səbr və düzgün zaman istənilən pafosdan, şoudan və zamansız bağırtıdan, qaraçılıqdan üstündür.

7. Rusiya hər tarixinin 70 ən vacib mərhələsinin 71-ci sayını Azərbaycandan çıxması təşkil edəcək.

8. Dünyanın sülhə ehtiyacı var. Sülhməramlı qüvvələrin gedişi bunun bir başlanğıcı oldu ümidinə qayıdırıq.

9. Eyni gündə, eyni coğrafiyada bir ölkə rəhbəri yad qoşunlarını ölkədən çıxarır-digər ölkə rəhbəri öz kəndlilərini bizə aid kəndlərdən çıxarmağa razı salmağa çalışır.

10. Nadir halda, qalibiyyətlərin ard-arda gəldiyi tarixi anları yaşayırıq, qalibiyyət yoluxucudur”.

Siyasi şərhçi Asif Nərimanlı isə diqqətə çtdırıb ki, 2023-cü ilin 20 sentyabrında Qarabağda separatizmin ləğvi və ermənilərin Ermənistana qayıtmasından sonra sülhməramlıların missiyası de-fakto bitmişdi: “Lakin rəsmi Bakı Rusiya ilə münasibətlərə görə bu məsələdə israr etmədi, prosesin 10 noyabr razılaşmasına uyğun irəliləməsindən yana oldu. Bu razılaşmaya görə, sülhməramlılar 2025-ci ildə Qarabağdan çıxmalı idilər, hərçənd, prosesin vaxtından əvvəl başlamasının mümkün səbəbləri ola bilər:

- Moskvada anlayırlar ki, sülhməramlıların Qarabağda işi bitib, bir il daha qalmaq özləri üçün də əlavə yükdür;

- Ukrayna müharibəsi fonunda hərbi qüvvə çatışmazlığı yaşayan Rusiyanın bu qoşunlara ehtiyacı var;

Nəticə etibarilə, rus qoşunlarının Azərbaycan ərazisində qalması təhlükəsi də aradan qalxır. Və bunu 44 günlük müharibədən sonra Azərbaycanın daha bir qələbəsi hesab etmək olar.

Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi haqlı olaraq ictimai narazılıq yaratmışdı, lakin burada rəsmi Bakının çoxtərəfli siyasi planı var. Bu haqda hələ 10 noyabr razılaşmasından sonra yazmışdıq.

- Bakının rus qoşunlarının Qarabağa gəlişinə razılıq verməsi, münaqişənin bitməsi, qələbənin rəsmiləşdirilməsi gedişi idi, əks təqdirdə, müharibə bitsə belə münaqişə bitməyəcəkdi;

- Bakı Rusiyadan Qarabağ məsələsində digər maraqlı tərəfləri – ABŞ və Fransanın müdaxiləsinin qarşısını almaq üçün istifadə etdi;

- Türkiyəni bölgəyə gətirməklə Rusiya qarşısında qalxan yaratdı: Ağdamdakı monitorinq mərkəzi heç bir iş görməsə belə, mövcud olması Rusiya qarşısında Azərbaycanın əlini gücləndirən faktor idi;

Rusiya qoşunlarını bölgədə saxlamaq üçün çox çalışdı, lakin Bakı hər bir cəhdə qarşı öz həmləsini edirdi. Hazırki nəticə riskli görünən bu planın uğurla həyata keçirildiyini təsdiq edir”.