“Fransa Azərbaycanla münasibətləri özü gərginləşdirib” Siyasət

“Fransa Azərbaycanla münasibətləri özü gərginləşdirib”

Tural İsmayılov: “Türkiyə və Azərbaycana qarşı xüsusilə Makronun hakimiyyəti dövründə qəbuledilməz siyasət yürüdüb”

Fransanın Azərbaycana qarşı heç bir çərçivəyə sığmayan siyasəti davam edir. Azərbaycanın Fransanın hərəkətlərinə adekvat münasibət sərgiləməsi Parisin hikkədən doğan və özünə ziyan verən səhvlərə yol verməsinə səbəb olur. Səfirin geri çağırılması bu siyasətin tərkib hissəsidir.

Politoloq Tural İsmayılov “Xalq Cəbhəsi”nə bildirib ki, Fransanın son aylarda Azərbaycanla münasibətlərdə atdığı addımlar iki ölkə arasında məlum gərginliklər yaradıb: “Bu gün öz səfirini məsləhətləşmələr üçün geri çağırması artıq münasibətlərin pik həddi olduğunu göstərir. Fransa konkret olaraq Azərbaycan əleyhinə birmənalı şəkildə beynəlxalq hüququn bütün normalarının üzərindən xətt çəkən bir ölkədir. Əvvəlcə Fransa senatında Azərbaycan əleyhinə qətnamələr qəbul edildi. Ardınca Fransa tərəfindən həm Avropa Parlamenti, həm də Qərbin bir sıra institutlarında Azərbaycan əleyhinə bir anda qərəzli siyasi addımlar atıldı”.

Onun sözlərinə görə, ümumiyyətlə Fransanın heç vaxt ədalət və bərabərlik meyarlarına əsas tuta bilməməsi və nəticədə Azərbaycana qarşı tamamilə ermənipərəst bir mövqe tutması, bu gün də Fransanın Ermənistanı silahlandırması və bölgə ilə bağlı boğazdan yuxarı qəbuledilməz bəyanatlar verməsi Azərbaycan-Fransa münasibətlərində Fransanın ucbatından yaranmış dərin çatları özündə ehtiva edir: “Fransa əgər öz səfirini geri çağırırsa, Azərbaycan da belə bir addımı ata bilər. Azərbaycan Fransa münasibətlərinin gələcəyi baxımından ortada çox ciddi olan yaralar var. Və bunların düzəlməsi çətin görünür. Hər halda Fransa Azərbaycanla münasibətləri özü gərginləşdirib. Fransa həmişə Türkiyə və Azərbaycana qarşı, xüsusilə Makronun hakimiyyəti dövründə qəbuledilməz siyas yürüdüb. Bu da nəticədə ölkələrarası münasibətlərə onsuz da sağalmaz və böyük bir zərbə vurub. Hər halda bundan sonra Azərbaycan Fransa münasibətlərinin köklü şəkildə yaxşılığa doğru dəyişməsi bir qədər çətin görünür”.

Politoloq Aydın Quliyev diqqətə çatdırıb ki, Fransa hökuməti Azərbaycandakı səfirini geri çağırmaqla ölkəmizə münasibətdə düşmənçilik siyasətini davam etdirəcəyini bir daha nümayiş etdirdi: “Fransa Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı məlumatda aşkar şəkildə reallığın ziddinə olan qeyri-səmimi və ikiüzlü mülahizələrə ayrıca münasibət göstərmək lazımdır. Fransa hökumətinin Azərbaycanın ərazi bütövlüyünə və süverenliyinə guya hörmətlə yanaşdığını dair fikri adi ikiüzlülükdən başqa bir şey deyil. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək hara, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsinə bu qədər düşməncəsinə yanaşmaq hara! Azərbaycanın yaratdığı yeni reallıqlara qarşı iqnoredici və təxribatçı siyasət Azərbaycanın ərazi bütövlüyünün səmimi şəkildə dəstəklənməsi niyyətindən çox-çox uzaqdır. Ermənistanın sülh sazişinə təşfiq edilməməsi, onun silahlandırılması əslində Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik əlamətidir. Azərbaycana hörmət edən ölkə burada cəsus şəbəkəsi saxlamaz”.

O, əlavə edib ki, Fransa hökumətinin, şəxsən Makronun “Azərbaycanın öz niyyətlərinə aydınlıq gətirməsini arzu etməsinin” adi riyakarlıq nümunəsi olmasına heç söz yoxdur: “Azərbaycanın burada aydınlaşmağa ehtiyac duyulan hansı niyyəti var ki? Azərbaycan aylar, illər boyu təmkin göstərdi, hər şeyi açıq ifadə etdi, Fransanın birtərəfli və qərəzli siyasətdən, bölgəmizdə sülhü təhdid edən məqsədyönlü addımlardan geri çəkilməsini gözlədi. Əvəzində gördüklərimizin təkcə birini qeyd etməklə Fransanın nə qədər irticaçı mövqe tutduğuna əmin olmaq olar. Makron açıq dedi ki, biz Ermənistanı tək buraxmayacağıq. Həm də bunu elə vaxtlarda deyib ki, Ermənistan işğal etdiyi ərazilərdən öz xoşu ilə çıxıb getmək niyyətində deyildi. Əslində aydınlaşdırılması və etiraf edilməsi çox vacib olan məhz Fransanın özünün niyyətləridir”. A.Quliyev diqqətə çatdırıb ki, sülh sazişi imzalamaqdan qaçan Ermənistanı silahlandlrmaqda məqsədin nə olduğu bizə aydındır: “Makron Azərbaycandakı səfirini ölkəsinə çağırmaqla Azərbaycana barışmaz düşmənçiliyini bir daha göstərdi. Bu addım onun ifadəsidir ki, Fransa hakimiyyəti Azərbaycana qarşı apardığı düşmən siyasətin qarşısında münasibətlərin bir daha normallaşacağına özü inanmır.Bir daha göstərilir ki, Makron Azərbaycanla bağlı ,bütünlüklə bölgə ilə bağlı siyasətinin yanlışlığını başa düşmək və nəticə çıxarmaq istəmir .Artıq heç bir şübhə yeri qalmır ki, Azərbaycana qarşı aparılan revanş siyasətinin mərkəzi İrəvandan çox, Paris imiş. Əslində bu siyasətlə Makron Fransanın Cənubi Qafqazda iştirak perspektivini tam qapatdı .

Fransa səfirinin Azərbaycandan getməsi nə böyük hadisədir ki?! Oturub bunun "yasını tutası " deyilik ki? Faktın tarixi əhəmiyyəti budur ki, Fransa hökuməti Azərbaycan üçün kim olduğunu qəti şəkildə göstərdi...”.

Politoloq Elxan Şahinoğlu isə deyib ki, Fransanın Azərbaycandakı səfiri Ann Buayonun məsləhətləşmələr üçün ölkəsinə geri çağrılmasını Parisin anti-Azərbaycan siyasətinin tərkib hissəsi kimi qiymətləndirmək olar: “Səfirin Fransa prezidenti Emmanuel Makron tərəfindən qəbul edilməsi bunun əlamətidir. Başda Fransa prezidenti olmaqla bu ölkənin siyasi mərkəzlərinin anti-Azərbaycan siyasəti Fransanın Azərbaycandakı səfirliyinin fəaliyyətini də çətinləşdirmişdi. Başqa cür olması da çətindir. Fransa səfirinin nümayişkənarə şəkildə Parisə çağrılması rəsmi Bakını da adekvat addıma məcbur edə bilər, yəni Azərbaycanın da Fransadakı səfiri məsləhətləşmələr üçün geri çağrılacaq”.

Əli