Milli siyasətin süpürümləri Siyasət

Milli siyasətin süpürümləri

Elə adamlar var ki, adlarını yazmaq üçün barmaqlarını klaviaturanın düyməsinə doğru aparanda, eyni anda ikiqat müqavimətlə qarşılaşırsan. Düymələr də, barmaqlar da əməllərindən çirkab, xəyanət süzülən məlum zümrənin milli damarları, onurğaları (z)Əli(l) təmsilçilərinin kimliklərini ifadə edən sözcükləri ekrana, yadaşa köçirməkdən imtina edir. Məcbur olursan, döyəcləyəsən... Döyəcləyirsən və taqqıltı səsi ətrafı bürüyür. Sanki üstü nazik taxta parçası ilə örtülmüş nəhayətsiz bir boşluqdan səs sıçrayır qulaqlarına - heç bir məna kəsb etməyən, anlamı olmayan, pafoslu söz yığınından, bəsit, ucuzvari ritorikadan ibarət, paslanmış araba təkəri, yaxud qapı cəftəsi kimi cırıltısı-zarıltısı baş aparan səs...
...Bütün dövrlərin məğlubu Əli Kərimlinin kumiri Nikol Paşinyanın Brüsselə səfəri ərəfəsində Qərbdən gələn zəng və mesajlarla, açıq və qapalı təlimatlarla “beşinci kolon”un klassik nümayəndələrinin də hərəkətə gələcəyi gözlənilən idi... Yeni qrant layihələri açıqlanıb axı... Bu o deməkdir ki, təkcə Nikol üçün yox, həm də onun Azərbaycandakı pərəstişkarları üçün də “fit” çalınıb, ətək göstərilib. Nümunə üçün yazıram: Kərimli və ətrafının uzun illərdən bəri “kölgəsinə sığındığı” NED-in (National Endowment for Democracy – Milli Demokratiya Fondu) Direktorlar Şurarasının sonuncu iclası martın 22-də keçirilib və sözügedən cəsus şəbəkəsi əlaqələndiricisinin Azərbaycanlı “tərəfdaşları”nın “layihə”lərinə ayıracağı vəsaitlərin miqyası da müəyyənləşib. Beləliklə, 2016-cı ildən üzü bəri adları açıqlanmayan, hüquqi statusları və hansı sahələr üzrə ixtisaslaşmaları bəlli olmayan (azərbaycanlı) subyektlərə, yaxud transsubyektlərə 1,5 milyon ABŞ dollarından çox vəsait ayrılıb. Sizcə bu vəsaitlər hansı sitiqamətləri əhatə edir? “Universal demokratik hüquqlar” çərçivəsində “ümumi siyasi hüquqlar və sərbəst toplaşmaq azadlığının monitorinqi”ni... Zənnimcə, Əli Kərimlinin Nokol Paşinyanın Brüsselə səfərindən dərhal sonra mitinqlərə çağırışının siyasi sifarişçisi kimi maliyyə mənbəyi də bəlli oldu... Yoxsa yazının ilk sətirlərindən narahat olmağa başlamışdım. Düşünürdüm, görəsən uzun illərdən bəri çeşidli qütblərin muzdlu nüfuz müvəkkilliyi missiyasına peşəkarcasına sahiblənmiş bu “biçarə”lər nə ilə YALlı” gedəcəklər...
...Əslində ssenari də klassikdir, dəyişməyib. Deməli, bölgəyə yenə də Ermənistan üzərindən müdaxilə etməyə çalışan qüvvələr, hələ də Azərbaycanın bir neçə kəndini işğal altında saxlayan yeni qütbə tranfer olunmuş forpostun ətrafında “demokratiyanın inkişafı və islahatlar” üçün ayırdıqları vəsaitlərin qarşılığında yeni “azadlıq adası” mifini formalaşdıracaq, Azərbaycanda isə hərəkətə gətirdikləri nüfuz müvəkkilləri vasitəsilə, onlara verilən təlimatlara uyğun olaraq, qarşıdurma yaratmağa cəhd göstərəcək, sonra isə öncədən quruluş verdikləri səhnəciklərin video-foto görüntülərini, kəsəsi yaradılan süni bəhanələri sosial şəbəkələrin, qlobal medianın trendinə daşıyacaqlar. Bundan sonra isə marığda gözləyən “hüquq-müdafiə təşkilatları”nın illərdən bəri məzmunu dəyişilməyən “hesabatları”, açıqlama və bəyanatları işə düşəcək və nəhayət “fitin sahibləri” Avropa Parlamentində, Konqresdə, Senatda və mümkün olan hər yerdə səs-səsə verəcəklər...
Qənaətimə görə, bu yazıda bəzi cizgilərinə toxunduğum obrazların ölkənin siyasi ekspozisiyasında sərgilənən “portretləri” prosesləri izləyən hər kəsə yaxşı tanışdır. Bu səbəbdən, təfərrüata varmayacağam.
Amma məsələnin digər tərəfləri də var və hələ də baş verənlərin fərqində olmayan, bu gün sosial şəbəkələr üzərindən üzərimizə yürüyən pafoslu boşboğazlıqların nədən, haradan qaynaqlandığını bilməyənlər üçün bəzi məqamlara yenidən diqqət çəkməyi özümə borc bilirəm:
Son 32-33 il ərzində bu ölkədə bir qrup insanin dünyagörüşündə heç bir dəyişiklik baş verməyib. Hər dəfə hansısa bir ölkədə iğtişaş baş verəndə emosiyalarını "şahə qaldırıblar", ortaya faciəli nəticələr çıxdıqdan sonra isə "endiriblər". Beləcə "rəngli inqilab" ssenarilərinə uyğun "köynəklərini", "bayraqlarını", siyasi orientasiyalarını dəyişiblər, amma dünyagörüşlərini dəyişə bilməyiblər. Bu baxımdan da hər dəfə yanılıblar. Bir vaxtlar narıncı köynək və bayraqlarla poz verənlər, təəssüf ki, bu gün narıncı rəngin qanqırmızı rənglə əvəz olunduğunun fərqində deyillər. Bəlkə də fərqindədirlər. Əgər belə olmasaydı, heç olmasa "Ərəb baharı"ndan geridə qalan cəhənnəmdən dərs götürərdilər.
Təəssüf ki, bəzən vaxtımızın bir hissəsini bu fəlakət dəllallarının əllaməçiliyinə sərf etməli oluruq...
Təsəvvür edin, bir vaxtlar ezamiyyətdə olduğu Qarabağda bir neçə dəqiqəliyə “borca götürdüyü” ov tüfəngi ilə poz verib şəkil çəkdirən və bunu hər yerdə nümayiş etdirən birisi Azərbaycan torpaqlarını işğaldan azad edənlərə, separatizmə son qoyanlara və ana südü kimi halal haqqımıza ən müxtəlif istiqamətlərdən savaş açanlara qarşı milli iradəmizi ən yüksək səviyyədə sərgiləyənlərə dərs keçməyə çalışır...
İndi nə edək ki, vaxtilə yurd yerlərimizin qəsbini legitimləşdirmək, xalqımızı təslimçü sülhlə barışdırmaq istəyənlər, işğala son qoyulduqdan sonra isə dövlət və millət olaraq, Zəfərimizlə, qururlu duruşumuzla, qətiyyətimizlə barışmaq istəməyənlərlə yanaşı, Vətən sevgisindən qısır nakəslərlə də mübarizə aparmaq, onların ifşa olunmaqdan aşınmış gerçək simalarını təkrar-təkrar göz önünə sərgiləmək məcburiyyətində qalmışıq.
Bitiblər, tükəniblər, amma yenə də siyasi çarəsizliklərini, ümidsizliklərini toz basmış qrammafon valı kimi “yerində sayan” ritorika ilə pərdələməyə çalışırlar. İşğalçının darmadağın edilməsi ilə nəticələnən 44 günlük müharibədən, sepratizmin kökünün kəsilməsiylə sonuclanan antiterror tədbirlərindən öncə və sonra Zəfərimizə qənim kəsilənlərin yanında yer alan, Ordumuzun keçirdiyi hər uğurlu əməliyyatdan sonra ictimai rəyə şübhə toxumu səpməyə çalışanların indi “mitinq-mitinq” deyib dingildəməkləri də yaz(l) havasındadır, yəqin... “Cücərəcəklərini” düşünürlər. Amma unudurlar ki, kökü, yəni siyasi keçmişi olmayanların gələcəyi də olmur. Köksüz süpürümlər isə, bir qayda olaraq Bakı küləklərinin sevimli “oyuncağına” çevrilir...

Elçin Mirzəbəyli