
Soyqırıma hüquqi qiymət verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlayır
Qüdrət Həsənquliyev: "Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etməlidir"
Azərbaycanda Xocalı soyqırımına hüquqi qiymət verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanır.
Bu barədə Milli Məclisdə keçirilən "Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi" layihəsinin təqdimatında Milli Məclisin vitse spikeri Bahar Muradova bildirib.
Onun sözlərinə görə, Qarabağda bəzi cinayətlər törədən şəxslərin məsuliyyətə cəlb olunmasında məhdudiyyətlər mövcuddur və bu, aradan qalxmalıdır: "Qanun layihəsi Xocalı soyqırımın 25 illiyi ərəfəsində açıqlanacaq. Layihə Xocalı soyqırımına məruz qalanların hüquqlarının tapdalanmasına, bu cinayəti törədənlərin əməllərinə hüquqi qiymətin verilməsinə şərait yaradacaq".
Bahar Muradova bildirib ki, Azərbaycan Xocalı soyqırımına hüquqi qiymətin verilməsi ilə bağlı beynəlxalq hərbi tribunala müraciət edəcək.
O qeyd edib ki, soyqırımından 25 il keçməsinə baxmayaraq, bu cinayəti törədənlərdən hələ də heç kim cəzalandırılmayıb.
Bahar Muradovanın sözlərinə görə, "Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi" layihəsi hərbi tribunala müraciətlə bağlı araşdırma aparacaq, Xocalı ilə bağlı hazırlanacaq yeni qanun layihəsi isə buna hüquqi şərait yaradacaq.
MM Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bildirib ki, layihə MM tərəfindən 3 ay müddətinə hazırlanıb təqdim olunacaq: "Azərbaycanın qanunvericilik sistemində belə bir qanun mövcud deyil. Biz beynəlxalq təcrübəyə nəzər salmışıq. Bu qanunun fundamental bazası var. Bu da ilk növbədə inkişaf etmiş dövlətlərdə mövcud olan qanunların, beynəlxalq cinayət tribunallarının və məhkəmə presedentlərinin öyrənilməsindən ibarətdir. Beynəlxalq cinayət deyərkən təcavüz, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, soyqırımı və hələ beynəlxalq cinayət kimi heç bir sənəddə adı keçməyən etnik təmizləmədən bəhs olunur. Qanun layihəsində bunu təsbit edəcəyik".
Nizami Səfərovun sözlərinə görə, etnik təmizləmə cinayəti dünyanın heç bir ölkəsinin qanunvericiliyində əksini tapmayıb: "Biz bunun hüquqi bazasının əldə edilməsinə artıq çox yaxınlaşmışıq və bu qanun layihəsində ortaya qoyacağıq. Bundan başqa, qanun layihəsində beynəlxalq cinayətlərin törədənlərin ekstradiyası məsələsi də təsbit olunacaq, onların ikinci dövlətə, yaxud beynəlxalq tribunala verilməsi əksini tapacaq. Hətta qanun layihəsində o da əks olunacaq ki, yuxarıda göstərilənlər baş tutmayacağı təqdirdə Azərbaycanın bununla bağlı hansı cinayət təqiblərinin həyata keçirməsi və sair mümkün ola bilər".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev öz çıxışında Xocalı soyqırımı ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət olunmasının vacibliyini vurğulayıb.
Qüdrət Həsənquliyev qeyd edib ki, indiyə qədər Azərbaycanın Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq cinayət məhkəməsinə müraciət etməməsi düzgün olmayıb: "Mənim üçün hələ də qaranlıqdır ki, Azərbaycan niyə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etmir? Azərbaycanın bu quruma qoşulmamasının səbəbləri bəlli deyil. Azərbaycan mütləq BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir. Biz BMTTŞ sədri olduq, bu məsələ gündəmə gəlmədi. Mövcud qanunvericiliyimiz imkan verir ki, qiyabi məhkəmə keçirilsin. Bundan sonra sənədlər BMT baş katibinə təqdim olunmalıdır. Azərbaycan mütləq bu addımı atmalıdır. Soyqırım törədənləri yalnız Azərbaycan özü cəzalandırmalıdır. Biz reallıqları bilirik. Dünyada çox təəssüf ki, islamofobiya var. Ona görə də Azərbaycan özünə müttəfiqlər tapmalıdır. Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvüdür. Amma Azərbaycan bu barədə də ciddi şəkildə düşünməli, özünə hərbi-siyasi müttəfiqlər tapmalıdır".
Qüdrət Həsənquliyev təklif edib ki, qiyabi məhkəmələr qurulmalı və qəbul olunan qərarlar Xarici İşlər Nazirliyi vasitəsilə BMT baş katibinə təqdim edilməlidir.
MM Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov isə cavabında bildirib ki, Azərbaycan 1997-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin Romadakı toplantısında iştirak edib, ancaq sənədə imza atmayıb və onu ratifikasiya etməyib: "Mən açıq deməliyəm ki, bu məhkəmə yarandığı müddətdən bu günə qədər çox təəssüf ki, ona bəslənən ümidləri doğrultmur. Bu gün Beynəlxalq Cinayət Məhkəməsindəki işlərin hamısı Afrika ilə bağlıdır. Hətta belə fikir var ki, bu, regional xarakter daşıyan məhkəmədir və ancaq Afrika üçün yaradılıb. Bir neçə dövlət artıq məhkəməyə müraciət edib ki, onun nizamnaməsində iştirak etməyəcək. Bir sıra məhkəmə qərarları isə siyasi xarakter daşıyır".
Xocalıda törədilən soyqırımla bağlı beynəlxalq tribunalın yaradılmasına gəldikdə, Nozami Səfərov deyib ki, bu imkan həmişə mümkündür: "Belə cinayətlər törədildikdə bu kimi orqanlar yaradıla bilər. Ancaq mütləq və mütləq Təhlükəsizlik Şurasının razılığı olmalıdır. Yəni nəzəri cəhətdən bunu da istisna etmək olmaz".
Daha sonra çıxış edən millət vəkili Asim Mollazadə bildirib ki, Xocalı soyqırımını törədənlərin əksəriyyəti Rusiyada yaşayır və oranın vətəndaşlarıdır. Deputat qeyd edib ki, həmin cinayətkarlar Rusiyada yaşamaqla yanaşı iri bizneslə məşğuldurlar: "Xocalı soyqırımını törədənləri Rusiyadan mütləq almalıyıq. Biz beynəlxalq hərbi tribunala müraciət etməklə yanaşı Rusiyadan cinayətkarları tələb etməliyik. Beynəlxalq hüquqşünaslar səviyyəsində Rusiyadan Xocalı cinayətkarlarını aldıqdan sonra hərbi tribunal keçirə bilərik".
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov deyib ki, Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini davam etdirən Ermənistan rəhbərliyinin məhkəməyə çağırılması ilə bağlı konkret tələb qoyulmalıdır.
O xatırladıb ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesi gedir: "Biz bu gün şəhidlər veririk. Dağlıq Qarabağla bağlı qeyri-konstruktiv mövqedən çıxış edən Ermənistan bu gün beynəlxalq təşkilatların fəal üzvlərindən biridir. Görün, nə dərəcədə çətinlik var! Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini qoruyan ölkə məhkəməyə çağırılmalıdır. Biz heç nədə gecikməmişik".
Səməd Seyidovun fikrincə, gələcəkdə Azərbaycanın torpaqları danışıqlar prosesi, yaxud başqa bir yolla qaytarıldıqdan sonra mütləq bütün cinayətkarları məhkəməyə vermək lazımdır: "Amma bu gün reallıqdan çıxış edərək bildirim ki, BMT-nin 4 qətnaməsinin icrası ilə bağlı problemlər yaşadığımız bir halda beynəlxalq cinayət məhkəməsinə müraciət etmək və orada siyasi məsələləri tamamilə neytrallaşdırıb ədalət axtarmaq çox çətin və mürəkkəb bir məsələdir".
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev isə bildirib ki, Xocalı soyqırımına qiymət vermək üçün mütləq 3 mərhələdən keçmək lazımdır.
Azay Quliyev bildirib ki, Xocalı faciəsinə hüquqi qiymətin verilməsi bu gün çox mühüm məsələdir: "Təəssüflər olsun ki, biz bu gün hələ də Xocalı soyqırımı məsələsində ədalət axtarırıq. Xocalı faciəsini törədənlər azadlıqda gəzir, Xocalı şəhəri isə erməni işğalı altındadır. Ona görə də cəmiyyət üçün ən mühüm məsələ budur: Biz necə edək ki, Xocalı faciəsinə hüquqi qiymətin verilməsinə nail olaq?! Bu kimi soyqırıma qiymət vermək üçün biz mütləq 3 mərhələdən keçməliyik".
Azay Quliyev qeyd edib ki, ilk mərhələdə dünya ictiamiyyəti müfəssəl şəkildə məlumatlandırılmalıdır: "İkinci mərhələ beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrin parlamentləri tərəfindən həmin cinayətə siyasi qiymətin verilməsi, müvafiq qətnamələrin qəbul edilməsidir.
Üçüncü mərhələ isə faciəyə hüquqi qiymətin verilməsi, bu cinayəti törədənlərin ədalət mühakiməsinə cəlb olunmasıdır. Mən sizi əmin edirəm ki, biz 1-ci mərhələ üzrə xeyli işlər görmüşük. Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun çox böyük rolu var. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət beynəlxalq kampaniyası" öz müsbət nəticəsini verməkdədir. Bunun nəticəsidir ki, biz bir neçə ölkənin parlamentində və ayrı-ayrı beynəlxalq təşkilatlarda Xocalı soyqırımına ədalətli qiymətin verilməsdinə nail ola bilmişik. Əlbəttə, bu işlər davam etdirilməlidir".
Azay Quliyev sonda vurğulayıb ki, belə faciələrin dünyaya tanıdılması üçün ən yaxşı metodlardan biri mədəniyyət və incəsənət xadimlərinin bu proseslərdə iştirakını təmin etməkdir.
Millət vəkili Vüsal Hüseynov bildirib ki, Xocalı faciəsindən 25 il keçməsinə baxmayaraq, bu məsələ daim dövlət rəhbərinin, parlamentin və digər ictimai şəxslərin diqqət mərkəzindədir .
Deputatın qənaətinə görə, bu məsələnin həllinə nail ola bilməməyimizin bir sıra səbəbləri var: "Bu məsələ hüquqi müstəvidə həll olunsa da, bunun siyasi nəticələri var. Siyasi nəticələrlə bağlı diqqətli olmaq lazımdır. Nəzərə almalıyıq ki, hazırda biz müharibə şəraitindəyik".
Vüsal Hüseynov əlavə edib ki, bu cür cinayətlərdə müddət məhdudiyyəti yoxdur: "Cinayətdən nə qədər müddət keçməsinə baxmayaraq, bu şəxslər məsuliyyətə cəlb edilə bilərlər. Hesab edirəm ki, bu, nəzərə alınmalıdır. Digər bir tərəfdən nəzərə alınmalıdır ki, müddət uzandıqca sübutlar zəifləyir, şahid ifadələri azalır. Ona görə biz indiki mərhələdə maksimum çalışmalıyıq ki, sübutları gücləndirək. Avropa İnsan hüquqları Məhkəməsinə olan şikayətləri maksimum əldə edək".
Vüsal Hüseynov vurğulayıb ki, yeni hazırlanan qanun layihəsini dəstəkləyir və bununla bağlı öz töhvələrini verməyə hazırdır.