Ermənistanın növbəti uğursuz bəhanəsi Siyasət

Ermənistanın növbəti uğursuz bəhanəsi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkə konstitusiyasında dəyişikliyin edilməsi ilə bağlı fikirləri ərazi iddialarının hüquqi-normativ aktlarlardan çıxarılması ilə bağlı məsələni yenidən müzakirələrin əsas predmetinə çevirdi və təbii ki, proses Azərbaycan mediasının gündəmindən də yan keçmədi...

Mirzoyan “dəyişiklərin qarşılıqlı şəkildə həyata keçirilməsi”ndən söz açsa da, Azərbaycan Konstitusiyasında və digər hüquqi-normativ sənədlərində Ermənistan da daxil olmaqla hər hansı bir ölkənin suverenliyini, ərazi bütövlüyünü şübhə altına alan məqamın yer almaması, xarici siyasət idarəsinin rəhbərinin “qarşılıqlı” ifadəsini işlətməklə, sadəcə daxili ictimai rəydə balans yaratmaq niyyətindən xəbər verir.

Mövzu haqqında həm İkinci Qarabağ müharibəsinə qədər, həm də sonra dəfələrlə yazmışamn və danışmışam. Amma sosial şəbəkə istifadəçilərinin müxtəlif telekanallara mövzu ilə bağlı verdiyim açıqlamalara yazdıqları rəylərdən belə başa düşdüm ki, əksəriyyətin məsələnin mahiyyətindən xəbəri yoxdur. Çünki ciddi araşdırma və təhlilləri oxumurlar, bu mövzuda aparılan müzakirələri dinləmirlər, bir neçə dəqiqəlik videoşərhlərdə də suallarına tutarlı cavab tapa bilmirlər. Çünki bu, sadəcə mümkün deyil.

Bu səbəbdən “təkrar biliyin anasıdır” deyimini xatırlayıb, Ermənistan konstitusiyasında yer alan ərazi iddialarına yenidən qayıtmaq məcburiyyətindəyəm...

Öncə qeyd edim ki, Ermənistanın Azərbaycana qarşı birbaşa, Türkiyəyə münasibətdə isə dolayısıyla irəli sürdüyü əraz iddialarının yer aldığı sənədlərdən, BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd məqamların aradan qaldırılması üçün, bu ölkənin konstitusiyasına əlavə və dəyişikliklərin edilməsinə ehtiyac yoxdur. Çünki sözügedən qanunsuz iddialar Ermənistanın konstitusiyasında deyil, müstəqillik haqqında bəyannaməsində yer alıb. Konstitusiyada isə müstəqillik haqqında bəyannaməyə ümumi, “milli hədəflər” adı altında istinad var.

Ermənistanın müstəqillik bəyannaməsinin preambula hissəsində Ermənistan Ali Sovetinin və “Dağlıq Qarabağ”ın milli şurasının” “Dağlıq Qarabağ”ın “Ermənistan SSR-ə birləşdirilməsi” haqqında “birgə qərarı”na istinad olunur. Bu isə, şübhəsiz ki, Azərbaycan torpaqlarının ilhaqı, həm indiki Ermənistan, həm də artıq işğaldan azad etdiyimiz ərazilərdə Ermənistan dövlətinin formalaşdırılması niyyətinin vurğulanması deməkdir.

Onu da qeyd edim ki, Ermənistan Ali Sovetinin və “Dağlıq Qarabağ”ın “milli şurası” adlanan qondarma təsisatın 1 dekabr 1989-cu il tarixli “qərarı” həmin dövrdə mövcud olan SSRİ konstitusiyasına zidd olduğu üçün yuxarı orqan – SSRİ Ali Soveti tərəfindən ləğv edilib. Bu baxımdan, Ermənistanın müstəqillik bəyyanəməsində yer alan iddiaların, hətta hüquqa zidd olsalar da belə, ləğv olunduqları üçün faktoloji əsası yoxdur. İndiki halda, qanuni və faktoloji əsasları olmayan ərazi iddialarının tamamilə aradan qaldırılması, ilk növbədə Ermənistanın özünə lazımdır. Çünki beynəlxalq hüququn müstəqil subyekti olan bir dövlət heç bir halda BMT Nizamnaməsinin müddəalarına zidd olan iddialarla çıxış edə bilməz. BMT Nizamnaməsinin 2 maddəsinin 4-cü bəndində qeyd olunur ki, “Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri beynəlxalq münasibətlərində hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı və ya Birləşmiş Millətlər Təşkilatının Məqsədlərinə uyğun olmayan hər hansı digər şəkildə güc tətbiq etmək hədəsindən və ya güc tətbiqindən çəkinməlidirlər”.

Ermənistanın müstəqillik bəyannaməsində yer alan ərazi iddiaları və Ermənistan konstitusiyasında bu müstəqillik bəyannaməsindəki “hədəflərə” istinad olunması Azərbaycan ərazilərinin işğalını və ilhaqını nəzərdə tutan güc tətbiq etmək hədəsidir.

Ermənistanın müstəqillik bəyannaməsində yer alan bu qanunsuz iddiaların aradan qaldırılması üçün isə, rəsmi İrəvanın iddia etdiyi kimi mövcud kostitusiyaya əlavə və dəyişiklik edilməsi, yaxud yeni konstitusiyanın qəbulu məqsədilə referendum keçirməsinə ehtiyac yoxdur. Özünü, həm də Ermənistan SSR-nin hüquqi varisi elan edən Ermənistan Respublikasının parlamenti bəyannamədən ərazi iddiaları ilə bağlı məqamları, onların Ermənistan Respublikasının beynəlxalq öhdəliklərinə zidd olduğunu əsas gətirərək çıxarmaqla bu problemi aradan qaldıra bilər. Bunun üçün Ermənsitan parlamentində, hətta 3/5 səs çoxluğunun əldə olunmasına da ehtiyac qalmır. Ermənistan konstitusiyasında qeyd olunur ki, “Parlamentin reqlamenti, Seçki Məcəlləsi, Məhkəmə-Hüquq Məcəlləsi, Konstitusiya Məhkəməsi, Referendum, Partiyalar və insan hüquqlarının müdafiəsi haqqında qanunlar konstitusiya qanunları olduğu üçün deputatların ümumi sayının ən azı 3/5 hissəsinin səsi ilə qəbul olunur”. Ermənistanın müstəqillik bəyannaməsi isə konsitusiya aktı olmadığı üçün sadə səs çoxluğu ilə qəbul oluna bilər.

İndi yenidən Ermənsitan konstitusiyasına qayıdaq... Beləliklə, Ermənistan konstitusiyasının preambula hissəsində sözügedən sənədin müstəqillik bəyannaməsində yer alan “milli hədəf”lərin həyata keçirilməsi məqsədilə qəbul edildiyi qeyd olunur. Bəs Ermənistanın “milli hədəfləri” hansılardır?

Ermənistanın müstəqillik bəyannaməsinin preambula hissəsində qeyd olunur:

“Ermənistan SSR Ali Soveti… Ermənistan xalqının vahid iradəsini ifadə edərək, Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının birgə qərarı əsasında xalqların öz müqəddəratını təyin etmək hüququnu həyata keçirərək, Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-nin və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” birgə qərarına əsaslanaraq, 1918-ci il mayın 28-də yaradılmış müstəqil Ermənistan Respublikasının demokratik ənənələrini inkişaf etdirərək demokratik hüquqi cəmiyyət yaratmaq məqsədi ilə müstəqil dövlətçiliyin qurulması prosesinin başlanğıcını elan edir.

Göründüyü kimi, Ermənistanın müstəqillik bəyannaməsində Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsi, yəni ilhaq edilməsi ilə bağlı imperativ niyyət yer alıb. Ermənistan Konstitusiyasında isə bu niyyətin həyata keçiriləsinin Ermənistan Respublikasının və erməni xalqının milli hədəfi olduğu vurğulanır.

Bəyannəmanin ikinci hissəsində isə “qondarma qoyqırım” iddialarına istinad olunaraq, Türkiyə Respublikasının indiki Ermənistanla həmsərhəd əraziləri “Qərbi Ermənistan” adlandırılır.

Türkiyəyə qarşı növbəti ərazi iddiası isə, Ermənistan konstitusiyasının 21-ci, dövlət rəmzləri ilə bağlı müddəasında isə, dövlət gerbinin üzərində “Ararat” (Ağrı) dağının şəklinin olduğu vurğulanır ki, bu da dolayısıyla sözügedən əraziyə iddia edildiyi anlamına gəlir.

Azərbaycan Respublikasının Konstitusiyasında isə heç bir ölkəyə, o cümlədən Ermənistana ərazi iddiaları yer almayıb və alması da mümkün deyil.

Doğrudur, Azərbaycan Respublikasının Konstitusiyasında da dövlət müstəqilliyi haqqında sənədə istinad edilir və qeyd olunur ki, “Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

- xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;

- ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq sәsvermәsi - referendum yolu ilə bu Konstitusiya qəbul edilir”.

“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında isə hazırda mövcud olan hər hansı bir ölkəyə münasibətdə nəinki ərazi iddiaları, hansısa iradlar da yer almayıb. Ermənistanı, sözügedən tərəfin iddialarına görə narahat edən Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının 2-ci maddəsidir. Sözügedən maddədə isə qeyd olunur ki, “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”.

Xatırladım ki, eyni istiqamət, yəni 1918-20-ci illərdə mövcud olmuş respublikanın varisliyi məsələsi Ermənistanın müstəqillik bəyannaməsində də yer alıb. Lakin Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında, Ermənistanın eyni mahiyyətli sənədindən fərqli olaraq, hansısa ölkənin ərazisinin özünə birləşdirilməsi, ilhaq edilməsi ilə bağlı sənəd yoxdur. Bu baxımdan, Ermənistan tərəfinin iddiaları, sadəcə prosesdən yayınmaq və uğursuz paritet yaratmaq cəhdindən başqa bir şey deyil.

Elçin Mirzəbəyli