“İranın bu siyasəti onun gerçək bir islam dövləti olmadığının sübutudur” Siyasət

“İranın bu siyasəti onun gerçək bir islam dövləti olmadığının sübutudur”

Fazil Mustafa: "Ermənistana hər cür dəstək verməsi İranın islama səmimi yanaşmadığının bir göstəricisidir"

Tahir Rzayev: "İran prezidentinin belə bir ölkəyə səfəri və onunla əməkdaşlıq etməsi İslama ziddir"

İsrailin baş naziri Netenyahunun Azərbaycana səfərini qəbuledilməz sayan və bunu İslamla əlaqələndirən İran prezidenti Ruhani Xocalı soyqrımını törədən, müsəlman qanı axıdan Ermənistana səfər edib. Və soyqırım aktının törədilməsi üçün keçirilən əməliyyatlarda şəxsən iştirak edən Ermənistan prezidenti Sarkisyanla görüşüb və üstəlik Qarabağla bağlı da açıqlama verib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolu yoxdur: "Biz inanırıq ki, bölgədə sülh və sabitliyin şahidi olacağıq. Biz münaqişənin dinc yolla həllini görmək istərdik. Bu bölgənin xeyirinə olacaq". H.Ruhani qeyd edib ki, Azərbaycan və Ermənistan İran üçün dost dövlətlərdir.
Millət vəkili Fazil Mustafa bildirib ki, İslam prinsipləri ilə idarə olunduğunu iddia edən bir ölkə hər hansı dövlətə münasibətdə müəyyən dərəcədə islam prinsiplərindən kənara çıxmamalıdır: "Amma İranın Ermənistanla münasibətləri istisnadır". O deyib ki, İranın bu siyasəti onun gerçək bir islam dövləti olmadığının sübutudur: "Çünki hər hansı bir şəkildə müsəlman torpaqlarını qəsb etmiş bir dövlətlə qəsbkar kimi davranmaq zorunda olan bir ölkə tamamilə başqa prinsiplərlə davranır. Ona görə də İranın Ermənistana maddi, iqtisadi, siyasi - hər cür dəstək verməsi İranın islama səmimi yanaşmadığının bir göstəricisidir. Bunu dəfələrlə qeyd edirdik, lakin ən gözəl nümunəsi artıq burada üzə çıxdı".
F. Mustafanın fikrincə, bütün hallarda İranın Ermənistanla münasibətlərinin bu qədər inkişaf etməsi Azərbaycan əleyhinə olan bir mövqeyin göstəricisidir: "Çünki bu kimi məsələlərdə birinci növbədə İran tərəfindən Azərbaycanın maraqlarının nəzərə alınması vacib idi. Həm Azərbaycanda, həm də İranda bu ölkəni ideallaşdıran insanlar utanmalıdır. İslam dininə mənsub olduqlarını bir az utanaraq deməlidirlər. Bizlər bu məsələdə ümumi mövqe nümayiş etdirərək İranın bu siyasətinə qarşı sərt etirazlarımızı ortaya qoymalıyıq".
Millət vəkili Tahir Rzayev deyib ki, İran prezidenti Həsən Ruhaninin Ermənistana səfərini yaxşı qiymətləndirmir: "Ona görə ki, İslamda, islami dəyərlərdə təcavüzkar, əli insan qanına batan, insanlara zülm edən adamlar həmişə lənətləniblər". Deputatın sözlərinə görə, hər kəs də bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və yüz minlərlə insan şikəst olub, öldürülüb: "Bu gündə bunlar davam edir. Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmir. İran prezidentinin belə bir ölkəyə səfər etməsi və onunla əməkdaşlıq etməsi islami dəyərlərə, İslama ziddir. O "Qurani-Kərimdə", dində, İslamda şərh olunan müddəalara tamamilə əksdir. Bu baxımdan da səfəri yaxşı qiymətləndirmirəm. Ola bilər ki, Ermənistana kimsə gedə bilərdi amma İran prezidentinin bütün çıxışlarında islami dəyərləri yüksək qiymətləndirməsi və buna rəğmən ora səfər etməsi, əməkdaşlıq etməsi qəbul olunmazdır".