“ABŞ-ın yüksəksəviyyəli rəsmilərinin açıqlamalarında diqqətçəkən bir ifadə var” Siyasət
Əli Zülfüqaroğlu: “Bu o anlama gəlir ki...”
ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, Vaşinqtonun bu məqsədə nail olunması üçün səylərini əsirgəməyəcəyini bildirib.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Birləşmiş Ştatların sülh danışıqları prosesi ilə bağlı mövqeyi konstruktiv deyil:“Ona görə də Blinkenin zəngi Birləşmiş Ştatların sülhün tez bir zamanda imzalanması, yaxud ABŞ-ın bölgədə sabitliyin təmin olunması istəyinə bağlı deyil. Bilirsiniz ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfər etdi. Həmçinin Moskva Zəngəzur dəhlizinin açılması ilə bağlı aktivlik nümayiş etdirir. Moskvanın buna məcbur olması da Azərbaycanın uğurlu diplomatik gedişi ilə bağlıdır. Yəni Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistanın qeyri-konstruktiv yanaşmasına son qoyulması, revanşizm və separatizm meyillərinin kökünün birdəfəlik kəsilməsi üçün İrəvana təzyiq edilməlidir. Amma Rusiya səssiz qalır, ABŞ və digərləri isə İrəvana dəstək nümayiş etdirirdilər. Azərbaycanın Zəngəzur dəhlizini sülh sazişindən sonraya saxlayacağını bəyan etməsindən sonra Rusiya aktivləşməyə və Ermənistana təzyiqlərini artırmağa başladı. Bu, uğurlu diplomatik gediş idi və effektli oldu.
Təbii ki, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı fəaliyyəti Vaşinqtonu narahat edir. Ona görə də biz Birləşmiş Ştatların aktivləşməsinə Rusiya ilə rəqabət mühiti fonunda baxmalıyıq. Bu isə təbii ki, sülh danışıqlarına maneə törədən əsas amillərdəndir. Vaşinqton Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmir. Eyni zamanda seçkidə erməni lobbisinin dəstəyini qazanmaq üçün onun maraqlarına qarşı çıxmır və Ermənsitan konstitusiyasının dəyişdirilməsi ilə bağlı İrəvana nəinki təzyiq edir, ümumiyyətlə, bu məsələnin sülh sazişindən sonraya saxlanılmasına çalışır. Çünki Ermənistan konstitusiyasında erməni kilsə və lobbisinə müstəsna hüquqlar verilir. Bilməliyik ki, erməni lobbisinin əsas ideoloji xətti “Böyük Ermənistan” kimi xəstə ideologiyadır. Konstitusiya dəyişilərsə, o zaman erməni lobbisinin ayaqda qalma səbəbləri də aradan qaldırılır”.
Ə.Zülfüqaroğlu əlavə edib ki, Birləşmiş Ştatlar yalnız öz maraqları kontekstində çıxış edir, ədalətli mövqe sərgiləmir və Ermənistanın silahlandırılmasına dəstək verir. “ABŞ-ın yüksəksəviyyəli rəsmilərinin açıqlamalarında diqqətçəkən bir ifadə var. Fikir vermisinizsə, təkrar-təkrar “ləyaqtəli sülh” ifadəsi işlədirlər. ABŞ Prezidenti Bayden başda olmaqla dəfələrlə bu ifadə işlədilib və təsadüfi deyil. Bu o anlama gəlir ki, guya Azərbaycan qələbəsindən, hərbi və diplomatik gücündən istifadə edərək, Ermənistana qarşı əzici mövqe nümayiş etdirir, əlavə tələblər irəli sürür, Ermənistanın daxili işlərinə qarışır, ərazi iddaları ilə çıxış edir və s. Bütün bunları rəsmi şəkildə açıq formada dilə gətirməsələr də, eyham vururlar. “Ləyaqətli sülh” anlayışı da bu deməkdir. Yəni buna işarə edirlər ki, Azərbaycan Ermənistana hörmətlə yanaşmalı və tutaq ki, Zəngəzur dəhlizi, konstitusiya dəyişikliyi məsələsində israrlı mövqe ortaya qoymamalı, yerləşdiyi strateji mövqelərdən geri çəkilməli, sovet dönəmində qanunsuz olaraq Rusiya tərəfindən Ermənistana verilən tarixi Azərbaycan torpaqlarından imtina etməlidir.
Halbuki uzun illər işğala, soyqırımına məruz qalan, şəhər və kəndləri talan edilən, yüz milyardlarla zərərə uğrayan da məhz Azərbaycandır. Amma o zaman nəinki “ləyaqətli sülh”dən danışılırdı, əksinə işğala hər vəchlə dəstək verilirdi.
Azərbaycanın sülh sazişi ilə bağlı şərtləri ədalətlidir, beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə uyğundur. Ona görə də Ermənistan əlavə və qanunsuz tələblər irəli sürməməli, Azərbaycanın şərtlərinə adekvat mövqe nümayiş etdirməli və sülhə mane olmamalıdır. Bununla da ləyaqətli sülh əldə oluna bilər”.