“Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların başlaması hər iki tərəf üçün vacibdir” Siyasət

“Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların başlaması hər iki tərəf üçün vacibdir”

Rasim Musabəyov: "Daha əvvəl gündəmdə olan assosasiya sazişi standart bir sənəd idi"

Asim Mollazadə: "Avropa İttifaqı ölkələri Azərbaycanın inkişafına mühüm töhfələr verəcək"

Prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsində Avropa İttififaqı Şurasının prezidenti Donald Tuskla görüşdən sonra keçirilən mətbuat konfransında "çox şadam ki, sabah biz Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlara başlayırıq", - deyə bildirib.
O deyib, Aİ-Azərbaycan əlaqələri çox məhsuldardır və yüksək səviyyədədir: "Əməkdaşlığımızı genişləndirmək üçün böyük potensial var. Aramızda çox aktiv siyasi dialoq mövcuddur, mütəmadi görüşlər keçirmişik. Ölkəmizdə siyasi məsələlər və siyasi islahatlarla bağlı müzakirələr aparırıq. Azərbaycanda demokratik islahatların inkişafına sadiqik".
Dövlət başçısı Azərbaycanın Aİ ilə birlikdə Cənubi Qaz Dəhlizi layihəsində aktiv iştirak etdiyini qeyd edib. "Bu, ən böyük enerji layihələrdən biridir, dəyəri 40 milyard dollardır. Bu, enerji təhlükəsizliyi və enerji diversifikasiyası layihəsidir. Bu, nəinki dəhlizlərin, həm də mənbələrin diversifikasiyası deməkdir. Cənub Qaz Dəhlizi layihəsinin icrası müvəffəqiyyətlə davam edir. Avropa əsas investorumuzdur və əsas ticarət tərəfdaşımızdır. Biz Avropada bəzi ölkələri neftlə təmin edirik. Ümid edirik ki, tezliklə qazla da təmin edəcəyik".
Prezident İlham Əliyevin Brüsseldə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə də görüşü olub. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqdan məmnunluq bildirildi, əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Vurğulanıb ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni əməkdaşlıq və tərəfdaşlıq sənədi üzərində iş gedir və bu sənəd imzalanandan sonra münasibətlərimiz bütün sahələrdə daha da möhkəmlənəcək və genişlənəcək.
Söhbət zamanı Azərbaycanın dünya ölkələri, o cümlədən Avropa İttifaqı ilə sivilizasiyalar və mədəniyyətlər arasında dialoq sahəsində çox yaxşı əməkdaşlıq əlaqələrinin olduğu qeyd edilib.
Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə, eyni zamanda, təhsil və humanitar sahələrdə də yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğu bildirilib.
Söhbət zamanı Azərbaycanda iqtisadiyyatın və ixracın şaxələndirilməsinin prioritet məsələ olduğu diqqətə çatdırılıb, enerji və nəqliyyat sahələrində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Politoloq, millət vəkili Rasim Musabəyov deyib ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların başlaması hər iki tərəf üçün vacibdir. O xatırladıb ki, daha əvvəl gündəmdə olan assosasiya sazişi standart bir sənəd idi: "Faktiki olaraq bu sənəd əsasında Avropa İttifaqı özünü bir müəllim kimi və sanki şagirdi ilə saziş bağlayırdı. Həmçinin, Aİ bu sazişdə bizim üçün əsas məsələ olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqe əks etdirməkdən boyun qaçırırdı. Bundan əlavə, sənəd Azərbaycan, Ukrayna və digər ölkələr üçün Rusiya, İran ilə münasibətlərdə müəyyən məhdudiyyətlər qoyurdu. Ukrayna assosasiya sazişini imzalamaq istədi, sonra geri çəkildi, ölkədə inqilab baş verdi. İndi görün nə vəziyyətdədir. Ermənistan ora-bura vurnuxdu və sonda Rusiyanın təzyiqi ilə assosasiya sazişindən imtina etdi. Azərbaycan isə əvvəlcədən gördü ki, burda böyük qazancı yoxdur, assosasiya sazişi ancaq başağrısı gətircək, ona görə bu sənəddən imtina etdi. Amma bu o demək deyil ki, bizim Aİ ilə əlaqələrimiz saziş əsasında nizamlanmamalıdır. Çünki bu əlaqələr həm Azərbaycan, həm Avropa İttifaqı üçün olduqca vacibdir".
Politoloq əlavə edib ki, Aİ ilə energetika, mədəniyyət, təhsil, turizm, biznes sahələrində əlaqələrimizn olması vacibdir: "Avropa İttifaqı Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır, ordan bizə investisiya, texnika, texnologiyalar gəlir. Ona görə də təklif olundu ki, ikitərəfli strateji saziş əsasında münasibətlərimiz nizamlansın. Əvvəlki sənəd 1996-cı ildə qəbul olunmuşdu, təbii ki, hazırkı şərtlərə cavab vermir. İndi yeni sənəd üzrə danışıqlar başlayır. Həmin sənəddə həm Azərbaycanın, həm də Aİ-nin istəkləri əks olunmalıdır. Amma burda hansısa ideoloji istəklər kənara qoyulmalıdır".
R.Musabəyov hesab edir ki, nə Ukraynanın, nə Gürcüstanın vizasız sazişdən başqa Azərbaycanın Aİ ilə münasibətlərindən heç bir üstünlükləri yoxdur: "Sadəcə olaraq bu ölkələr Aİ qarşısında əllərini açıb hansısa pul yardımı alırlar. Onlar üçün bu vacibdirsə, Azərbaycan o pula görə Aİ-nin qarşısında başıaşağı durmaq niyyətində deyil. Xüsusilə nəzərə alsaq ki, bizim çox ağrılı bir problemimiz var və onun həlli üçün prinsipial mövqe istəyirik. Bizə verilən 50 milyon avro qarşılığında bu məsələnin üstündən təbii ki, keçən deyilik. Bu mənada Azərbaycan ikitərəfli münasibətləri bərabər şəkildə qorumağın tərəfdarıdır və bu, vacibdir . Qarşılıqlı maraqlar var, energetika sahəsində layihələr həyata keçirilir. Bu layihələr Azərbaycan qədər Aİ üçün də vacibdir. Cənub Qaz Dəhlizi imkan verir ki, Avropanın Rusiyadan, Yaxın Şərqdən enerji asıllığı aşağı düşsün. Bizim üçün də Aİ bazardır, texnologiyadır. Vizasız rejimllə bağlı da danışıqlar gedir və bu, Azərbaycan üçün vacibdir. Amma qeyd edilən məsələ də qarşılıqlı maraqlar əsasında həllini tapsın".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Asim Mollazadə isə hesab edir ki, Azərbaycan Prezidentinin Brüsselə səfəri ölkəmizin və Avropa İttifaqının çoxşahəli münasibətlərini əhatə edən yeni saziş üzərində əməkdaşlığın ilk mərhələsidir. Azərbaycan Avropa İttifaqı arasında enerji sahəsində tərəfdaşlıqla bağlı müvafiq sazişin imzalandığını xatırladan millət vəkili söyləyib ki, imzalanacaq yeni saziş iki tərəf arasında əməkdaşlığı daha da möhkəmləndirəcək: "Bilirsiniz ki, sazişin üzərində iş başlayıb. Düşünürəm ki, Azərbaycanla Avropa İttifaqı arasında həm iqtisadi, həm humanitar, həm də siyasi sahədə tərəfdaşlıq hər iki tərəfə ciddi uğurlar gətirəcək. Azərbaycan üçün Avropa İttifaqı ölkələri ticari nöqteyi nəzərdən əsas tərəfdaşdır. Ölkəmizin Avropa İttifaqı ilə ticari dövriyyəsi demək olar ki birinci yerdədir".
A. Mollazadənin sözlərinə görə, Azərbaycanın modeli, tolerantlığı, tarixən ilk dünyəvi dövlət, eləcə də böyük əməkdaşlıq təcrübəsiə malik olması Avropa İttifaqı üçün çox mühüm amildir. Bundan əlavə, ölkəmiz Şərqlə Qərbi birləşdirən İpək Yolu nəqliyyat sistemini formalaşdırır ki, bunun özü də Avropa İttifaqı üçün çox önəmlidir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan prezidentinin Brüsselə səfəri münasibətlərin yeni mərhələsi istiqamətində ciddi addımdır. Mən əminəm ki, bu əməkdaşlıq həm Avropa İttifaqı ölkələri, həm də Azərbaycanın inkişafına mühüm töhfələr verəcək".
Millət vəkili əlavə edib ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafı ora daxil olan ölkələr tərəfindən ölkəmizə qarşı olan informasiya müharibəsinin qarşısının alınmasında da böyük rol oynaya bilər: "Avropa İttifaqı Azərbaycana qarşı olan təcavüz, eləcə də beynəlxalq hüquq normalarının pozulması ilə bağlı səsini ucalda bilər. Bu bizim üçün əhəmiyyət kəsb edir. Bundan başqa, bir sıra Avropa ölkələri ölkəmizə qarşı informasiya müharibəsi aparır, çox zəngin və təşkilatlanmış erməni diasporası Azərbaycan haqqında yalan, iftiralar yayır ki, sözügedən əməkdaşlığın genişləndirilməsi bunun qarşısının alınması üçün çox ciddi addım sayıla bilər".

Əli