Tiflis sammitindən gözləntilər Siyasət

Tiflis sammitindən gözləntilər

Vasif Həsənli: "Türkiyə öz mövqeyini qəti olaraq bəyan edəcək ki, Cənubi Qafqaz regionun təhlükəsizliyinin təmin olunmasında onun böyük payı var"

Bu gün Gürcüstanın Milli kitabxanasında "Tbilisi sammiti 2014" adlı beynəlxalq forum keçiriləcək. Tədbiri Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri açacaqlar. Məlumatda qeyd edilir ki, Gürcüstanın dövlət başçısı Georgi Marqvelaşvili Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Abdulla Gülü şəxsən qəbul edəcək. Sammitdə son 20 ildə üç ölkənin iqtisadi, ticarət, nəqliyyat və energetika sahəsindəki əməkdaşlığının nəticələri müzakirə olunacaq. Azərbaycan, Türkiyə və Gürcüstan nümayəndə heyətləri hazırkı və gələcək üçün planlaşdırılan layihələri müzakirə edəcəklər. Sammit çərçivəsində prezidentlərin üçtərəfli və ikitərəfli görüşlərinin keçirilməsi də planlaşdırılır.
"Tbilisi sammiti 2014"ün keçirilməsi Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Bakı və Ankaraya səfərləri zamanı planlaşdırılıb.
Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin görüşünün region üçün önəmli olduğu bildirilir. Politoloqlar isə bu sammitin Gürcüstan üçün önəmli olduğunu bildirirlər.
Müstəqil Ekspertlər Klubunun prezidenti Soso Çiskarişvili "Bu görüş Bakı-Tiflis-qars dəmir yolu xəttinin inşasının sona çatdığı bir dövrə təsadüf edir. Və çox güman ki, prezidentlər bu görüşdə dəmir yolu xəttinin digər detallarını müzakirə edəcəklər. Çünki hazırda hər 3 ölkə üçün ən əhəmiyyətli məsələ budur. Amma prezidenlərin görüşü təkcə Bakı-Tiflis Qars dəmir yolu xətti mövzusunu əhatə etmir. Bu həm də Gürcüstan üçün iqtisadə baxımdan əhəmiyyətli görüşdür.
Bir neçə gün əvvəl Gürcüstanın Maestro telekanalına müsahibə verən Gürcüstan prezidenti də keçiriləcək sammit haqqında danışıb. Prezident Marqvelaşvili bu sammitin nəinki Gürcüstan üçün, hətta region üçün önəmli olduğunu vurğulayıb. O, sammitdə bir çox məsələlərin, o cümlədən təhlükəsizlik məsələlərinin müzakirə olunacağını bildirib.
Politoloq Natiq Miri bildirib ki, 3 ölkə prezidentlərinin Tiflis zirvə görüşü geostrateji nöqteyi-nəzərindən çox əhəmiyyətli və ciddi siyasi hadisədir: "Nəzərə almaq lazımdır ki, qeyri-rəsmi olsa da regionda bir Türkiyə-Azərbaycan-Gürcüstan ittifaqı mövcuddur. Bu ittifaq həm Azərbaycanı, həm Gürcüstanı Türkiyə vasitəsilə Qərbə, Avropaya daşıyır. Yəni bu bir pəncərədir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Xəzər hövzəsindən enerji daşıyıcılarının Avropaya çıxması üçün ciddi bir dəhlizdir. Ona görə də bu üçlüyün Tiflis zirvə toplantısı birmənalı olaraq geosiyasi tədbirdir. Bu görüşü birmənalı olaraq təhlükəsizlik görüşü adlandırmaq olar". Onun sözlərinə görə, əgər əvvəllər Qərb dünyası, xüsusilə də NATO Türkiyənin regionda dominantlığına qarşı müəyyən qısqanclıq nümayiş etdirirdisə, indi Rusiyanın Krımı işğal etməsi və separatizmi gücləndirməsi Türkiyənin əhəmiyyətini artırıb. Artıq NATO və Qərb Türkiyənin regionda bir çox məsələlərdə qarant rolunu tanımaq zorundadır. Enerji dəhlizini yeganə qoruya biləcək güc Türkiyə ola bilər: "Eyni zamanda Azərbaycan və Gürcüstanın kənar təhlükədən qorunmasında da Türkiyə mühüm dövlətdir. Bu üçlüyün birgə hərəkəti region üçün təhlükəsizliyi təmin edə bilər. Bu da təbii ki, hər üç ölkənin özünün maraqları ilə yanaşı Qərb dünyasının geosiyasi maraqlarına uyğun gəlir. Ona görə də Tiflis görüşü bilavasitə təhlükəsizlik məsələsidir. Hesab edirəm ki, artıq bundan sonra Türkiyənin çox aktiv fəaliyyətini, xüsusilə də hərbi yöndə aktiv fəaliyyətini müşahidə edəcəyik. Prezidentlərin Tiflis görüşü çox tarixi bir görüş olacaq. Ona görə də bu görüşü təqdir edirəm və bu zirvə toplantısından böyük ümidlər, gözləntilər var". Ekspert onu da vurğuladı ki, Tiflis zirvə toplantısı təkcə Gürcüstan prezidentinin təşəbbüsü ilə keçirilən tədbir kimi qəbul edilməməlidir: "İndiki dövrdə belə bir tədbirin keçirilməsi Qərblə razılaşdırılmış görüşdür. Düşünürəm ki, eyni zamanda bu tədbir həm də Rusiyaya bir mesajdır. O mənada ki, əgər Rusiya Azərbaycana və Gürcüstana müdaxilə iştahındadırsa, bu iki dövlətin tək olmadığının mesajıdır. Odur ki, bütün mənalarda üçlüyün görüşü çox mühüm əhəmiyyət daşıyır və təqdir olunmalıdır".
Araşdırmaçı jurnalist Vasif Həsənli hesab edir ki, Ukraynada baş verən son hadisələr göstərdi ki, Rusiya keçmiş SSRİ-ni bərpa etməkdə maraqlıdır: "Ona görə də keçmiş SSR ölkələri, o cümlədən Azərbaycan və Gürcüstan da bu məsələdə ehtiyatlı olmağı düşünür. Təbii ki, Ukraynada baş verənlərdən NATO üzvü olan Türkiyə də çox narahatdır və bu narahatçılığı rəsmi Ankara dəfələrlə bəyan edib. Mənə elə gəlir ki, Tiflis sammitinin də əsas təşəbbüskarı Türkiyədir. Təbii ki, Türkiyə Cənubi Qafqaz dövlətləri olan Azərbaycan və Gürcüstanın müstəqilliyinin qorunmasında maraqlıdır. Bu regionda baş verənlər Türkiyəni narahat etməyə bilməz. Düşünürəm ki, sammitin əsas müzakirə mövzusu regionun təhlükəsizliyinin və sabitliyin qorunması ilə bağlı olacaq. Bu sammitdə Türkiyə öz mövqeyini qəti olaraq bəyan edəcək ki, Cənubi Qafqaz regionun təhlükəsizliyinin təmin olunmasında Türkiyənin böyük payı var. Digər tərəfdən isə Ermənistan bu sammitin keçirilməsinə qarşıdır. Bu isə gözlənilən idi. Çünki Ermənistan Cənubi Qafqazda Rusiyanın maraqlarını həyata keçirir. Hesab edirəm ki, artıq Qərb dövlətləri də gözlərini açmalı və bunu görməlidirlər. Qərb bilməlidir ki, Ermənistan onun üçün heç zaman etibarlı tərəfdaş ola bilməz".

Əli