Azərbaycan hərbi dənizçiliyi inkişafın yeni mərhələsində... Siyasət

Azərbaycan hərbi dənizçiliyi inkişafın yeni mərhələsində...

Azərbaycan hərb tarixində çox qədim köklərə və ənənələrə malik hərbi-dənizçilik işləri mühüm yer tutub. Hələ Qobustan qayalarındakı gəmi şəkilləri Xəzər dənizinin sahillərində dənizçiliyin qədimdən mövcud olmasını təsdiq edir. Yaxın tariximizdə isə azərbaycanlılar Sovet Hərbi Dəniz Qüvvələrinin yaradılmasında, formalaşmasında və inkişafında mühüm rol oynayıblar. Elə bu səbəbdən də SSRİ-nin süqutu qısa müddətdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin formalaşmasına mane olmadı. Əksinə, milli hərbi-dənizçilik ənənəsinin möhkəmlənməsinə, müasirləşməsinə və inkişafına gətirib çıxardı.

"Bakılı" ilə başlayan yol...

SSRİ-nin süqutundan sonra Sovet Ordusundan miras qalmış texnika və gəmi parkı yeni yaranan müstəqil Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) istifadəsinə verildi. 26 iyul 1992-ci ildə "Bakılı" gözətçi gəmisində ilk dəfə olaraq müstəqil Azərbaycanın dövlət bayrağı qaldırıldı. Ötən 25 il ərzində HDQ bu maddi-texniki bazanı saxlamaqla yanaşı bir sıra islahatları da həyata keçirməyi bacardı. 2015-ci ilin iyulun 25-də yeni əsas bazasının açılışı ilə Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu bazada Azərbaycan HDQ-nın idarə olunması həyata keçirilir. Baza Xəzər dənizinin Azərbaycana məxsus sektorunda suüstü şəraitə nəzarət etməyə hərtərəfli imkan verir. Məntəqədə suüstü şərait haqqında operativ məlumatlar HDQ-ya məxsus sahil və ada radio-texniki postlarda yerləşən radiolokasiya stansiyaları vasitəsilə alınır. Aşkar edilən bütün hədəflər real vaxt rejimində monitorlarda əks olunur. Xəzər dənizinin Azərbaycana məxsus sektorunda suüstü şəraitlə bağlı Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsindən və Dövlət Dəniz Administrasiyasından alınan məlumatlar da Hərbi Dəniz Qüvvələrinin komanda məntəqəsində toplanır, təhlil olunur və müvafiq qərar qəbul edilir.
Sahilyanı və adalarda yerləşən postlardan "Erdops" sisteminə məlumatlar daxil olur. Bu sistem bütün Xəzər dənizini əhatə edir. Bütün məlumatlar canlı şəkildə bazaya daxil olur. Daha sonra HDQ Komanda Məntəqəsində təyin olunmuş Baş informasiya postunun operatorları tərəfindən məlumat analiz edilir. HDQ "Aist" sistemi vasitəsilə dənizdə hərəkət edən istənilən gəmi haqda müfəssəl məlumata malik ola bilir. Dənizdə radar görüntüləri ilə yanaşı HDQ-nın Xəzərin Azərbaycan ərazisində olan postlarında müşahidəçilər xidmət aparır. HDQ-nın radar sistemlərinə gəldikdə Komanda Məntəqəsinə sahil müşahidə sisteminin texniki və vizual müşahidəsi vasitəsilə görüntüləri daxil olur. Bununla da Xəzər dənizində əlverişli əməliyyat şəraitinin saxlanılması üçün informasiya əldə edilir. Radiotexniki müşahidə postları vasitəsilə həyata keçirilən proseslə dənizə nəzarəti təmin edilə bilir. HDQ-nın yeni hərbi bazasında infrastrukturun genişləndirilməsi işləri hələ davam etdirilir. Layihəyə əsasən, döyüş bacarığının yüksəldilməsi məqsədilə bazanın ərazisində çoxtəyinatlı təlim mərkəzi inşa ediləcək. Artıq ilkin belə addım atılıb. 2016-cı il mayın 7-də HDQ bazasında Dəniz hazırlığı və dalğıc poliqonu inşa edilərək, istifadəyə verilib. Ən yeni dalğıc texnikası nümunələri, suyadalma vasitələri, xüsusi avadanlıqlarla təmin edilmiş poliqonun infrastrukturuna gəmi və qayıq avadanlıqları kompleksləri, enerji, mühərrik sinifləri, barokamera və təlimatçı otaqları, tədris hovuzu, eləcə də digər inzibati və xidməti bölmələr daxil edilib. Onu da bildirək ki, Azərbaycan HDQ-nın gəmilərinin böyük hissəsi Sovet Ordusundan miras qalsa da bu gün onların sırada olması, daim döyüş tapşırığını yerinə yetirməsi üçün üzərilərində təmir-bərpa işləri həyata keçirilir. Təkcə 2015-ci il ərzində HDQ-nın Gəmi Təmiri Zavodunda 20-dən artıq gəmi və kater əsaslı təmir olunaraq, üzərilərində modernləşmə aparılaraq, sıraya qaytarılıblar. Ümumiyyətlə isə Azərbaycan hərbi donanmanın müasirləşdirilməsi və Xəzər dənizində hərbi imkanların artırılması ilə bağlı irimiqyaslı proqramın həyata keçirilməsi nəzərdə tutulur. Proqram çərçivəsində yeni döyüş və dəstək gəmilərinin, yüksək sürətli katerlərin, kiçik ölçülü dənizaltıların, insansız sualtı vasitələrin alınması, yeni bazaların yaradılması, hərbi donanmanın aviasiya dəstəyinin artırılması və s. həyata keçiriləcək. Artıq bu məqsədlə indidən bəzi sifarişlərin verilməsinə başlanılıb. Həmçinin, proqram çərçivəsində ölkədə gəmi inşası sənayesinin yaradılması, habelə bu sahədə istifadə olunan bir sıra avadanlıqların, silah sistemlərinin yerli müəssisələrdə istehsalı həyata keçiriləcək. Ümumilikdə Azərbaycan yaxın illər ərzində hərbi donanmanı yeni gəmilər hesabına gücləndirməyi, HDQ-nın inventarında olan, yaşı 40-ı keçmiş gəmiləri döyüş sıralarından çıxarmağı planlaşdırır.

Xəzərdəki sərhədlərimiz necə mühafizə olunur?

Azərbaycanın dənizdəki maraqlarını ölkənin Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi də təmin edir. Azərbaycan prezidentinin 2005-ci il fevralın 18-də imzaladığı sərəncam ilə Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin yaradılması sərhəd mühafizəsində tarixi addımlardan biri olub. Ötən illər ərzində DSX Sahil Mühafizəsi özünün texniki imkanları, peşəkarlığı və fəaliyyəti ilə regionun aparıcı qurumlarından birinə çevrilməyə nail oldu. 2002-ci ildə dövlət başçısının göstərişinə əsasən ARDNŞ-nin "Xəzərdənizneftdonanma" idarəsinin balansından 2 ədəd "Neftqaz" və 1 ədəd "Vixr" layihəli gəmi DSX-nin balansına verilib. Bu dövrdə kütləvi qırğın silahlarının (KQS) yayılmasının qarşısının alınması, dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi proqramı çərçivəsində ABŞ hökuməti tərəfindən 2002-2003-cü illərdə SGG briqadasına 3 ədəd gözətçi kateri hədiyyə edilib. 2008-ci il noyabrın 8-də Sahil Mühafizəsinin Türkanda yeni bazası istifadəyə verilib. 2010-cu ildə Sahil Mühafizəsinin Xaçmaz rayonunun Müxtədir qəsəbəsində Şimal divizionunun təməli qoyulub. Şimal divizionunun isə inşasına başlanılıb. Hazırda DSX Sahil Mühafizəsinin balansında B-92, V-98, 205 P, 205 R və Point Brower layihəli gəmilər, 13 metr uzunluğa malik "Safe Boat", 12 metrlik "Silver Ship", həmçinin "Turbotsan" şirkətinin istehsalı olan HDPE gövdəli katerlər daxildir. Bundan başqa, Sahil Mühafizəsi "Ribkraft", "Zodiak", "Ziphius" tipli sürətli katerlərə malikdir. Onu da qeyd etmək yerinə düşərdi ki, 2008-ci ildən ABŞ və Türkiyənin yardımı, eləcə də daxili imkanlar hesabına HDQ-nı və Sahil Mühafizəsini modernləşdirən Azərbaycan İsraildən açıqlanmayan sayda gəmi əleyhinə "Gabriel-5" qanadlı raketləri, dəniz və hava hədəflərinə qarşı hazırlanmış 1 ədəd "Barak-8" sistemi və 75 ədəd "Barak-8" raketi satın alıb. Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində 2014-cü ildən bu gündək 6 ədəd "Şahdağ" layihəli üçüncü dərəcəli və 1 ədəd "Tufan" layihəli ikinci dərəcəli sərhəd gözətçi gəmisi inşa edilərək döyüş sıralarına daxil edilib. Sərhəd gözətçi gəmiləri mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, raketlər və raket silahlarına qarşı komplekslər, gecə-gündüz görmə müşahidə sistemləri, hidroaküstik qurğularla təchiz olunublar. "Tufan" layihəli sərhəd gözətçi gəmisinin uzunluğu 62 metr, su basımı 470 tondur.
Hazırda Azərbaycan Silahlı Qüvvələrində özünün təchizatına görə ən müasir hərbi gəmi olan "Tufan"da 25 km atış mənzilinə sahib idarə olunan "Rafael" şirkətinin istehsalı olan "Spike-NLOS" raketləri tətbiq edilir. Gəminin göyərtəsinə hər cür hava şəraitində helikopterlərin enib qalxması mümkündür. Gəmidə əlavə olaraq, həm məsafədən idarə edilən, həm də mexaniki şəkildə atışların aparılmasına imkan verən bir ədəd 23 mm çaplı 2A14 topuyla silahlandırılmış "Typhoon", iki ədəd 12.7 mm çaplı M2HB pulemyotu ilə silahlandırılmış "Mini Typhoon" döyüş modulu, habelə iki ədəd "Negev" pulemyotu yer alır. Gəminin naviqasiya sisteminə "Elta EL/M-2228X" kombinə olunmuş radar, "Furuno" naviqasiya radarı, "Rafael" şirkətinin istehsalı olan "Toplite" elektro-optik sistemi, gəminin idarə olunan raketlərdə mühafizəsi üçün WIZARD (Wideband Zapping Advanced Radar Decoy) maneə, uzaq məsafədən su altı təhdidləri aşkarlamaq üçün ən müasir sonar sistemi qurulub. Gəminin radar sistemi uzaq məsafədən suüstü və 80 km məsafədən hava hədəflərini aşkarlaya bilir. Gəminin əsas raket silahı olan "Spike-NLOS" izləmə kamerası sayəsində atışdan sonra uçuş trayektoriyası üzrə bütün görüntüləri idarəetmə mərkəzinə ötürür. Bu informasiyalar əsasında, ehtiyac yarandıqda raketin hədəf bilgilərini dəyişdirmək mümkündür. "Şahdağ" layihəli üçüncü dərəcəli gəmilərin isə sürəti 50 dəniz mildir. Bu gəmilərin silahlanmasında bir ədəd 23 mm-lik "Typhoon", iki ədəd "Mini Typhoon", yüngül pulemyotlar, habelə "Spike ER" raketləri və "Toplite" elektro-optik sistemi yer alır.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan HDQ-ı Rusiyanın analoji qurumundan sonra Xəzərdə ən çox hərbi gəmiyə malik olan qoşun növüdür. Ən əsası isə Azərbaycan Xəzərdə hərbi-dənizçilik ənənəsinin bu torpaqlardan başlandığını qürurla bəyan edə bilər.

Ramil Məmmədli

"AzeriDefence" hərbi-texnoloji saytın redaktoru

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"