“Tərəflər razılaşmaya gəlməkdən hələ çox uzaqdır” Siyasət

“Tərəflər razılaşmaya gəlməkdən hələ çox uzaqdır”

Sergey Lavrov: "Yekun paket üçün əsas olan 2-3 konkret mövzu hələ müzakirə olunur"

"Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini davam etdirəcək".
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
O, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinin müzakirə olunduğunu söyləyib: "Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi həllə yönümlüdür. Məzmunlu prosesə başlamaq üçün ilk növbədə Azərbaycanla Ermənistan arasında inamsızlığın səviyyəsini azaltmaq lazımdır. Bu barədə uzun illər təmasların nəticələri deməyə əsas verir. Onların nəticələrinə əsasən, həll edilməli olan əsas məsələlərlə bağlı ümumi yanaşmanı hazırlamaq mümkün olub. Bu humanitar məsələlər,Dağlıq Qarabağ ətrafında olan və hazırda Azərbaycan tərəfindən nəzarət edilməyən rayonların qaytarılması ilə bağlı məsələlərdir. Eyni zamanda bura Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi daxildir. Sözsüz ki, orada yaşayan insanları nəzərə almaq şərti ilə. Həmçinin beynəlxalq sülhməramlı qüvvələrin parametrlərinin razılaşdırılmasıdır.
Nazir qeyd edib ki, bu aspektlərin əksəriyyəti ilə bağlı anlaşma var. "Lakin yekun paket üçün əsas olan 2-3 konkret mövzu hələ müzakirə olunur. Gizlətməyəcəyəm, tərəflər bu aspektlərə ümumi anlaşmaya gəlməkdən çox uzaqdır".
Lavrov bildirib ki, Moskvada müzakirə olunan Qarabağ nizamlanmasına aid 2-3 əsas məsələ əlavə səylər tələb edir.
Elmar Məmmədyarov isə İrəvanın münaqişənin həlli üçün siyasi iradəsi olmadığını vurğulayıb. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində başlıca şərt işğal altındakı Azərbaycan ərazilərinin geri qaytarılması və qoşunların çıxarılmasıdır.
Nazir Rusiyanın münaqişənin həlli istiqmətində ciddi səylər göstərdiyini də qeyd edib: "Bakının üzləşdiyi əsas problem Dağlıq Qarabağ münaqişəsidir. Rusiya bu istiqamətdə ciddi səylər göstərir. Biz bu məsələni bu gün də detallı müzakirə etdik.
İndiki halda hər şey təkcə Azərbaycandan asılı deyil, həmsədr kimi Rusiyadan da çox şey asılıdır. Təbii ki, burada erməni tərəfi də masa üzərində olan təklifləri qəbul etmək baxımından mühüm rol oynamalıdır".
Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllindən fərqli olaraq, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı daha optimist fikrlər səsləndirib: "Rusiya ümid edir ki, Xəzəryanı ölkələrin rəhbərlərinin görüşündə Xəzər dənizinin statusu ilə bağlı razılığa gəlmək mümkün olacaq".
O qeyd edib ki, görüşdə Xəzərin statusu problemləri ilə bağlı ətraflı söhbət aparılıb. "Güman edirik ki, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısında Xəzər dənizinin hüquqi statusuna dair konvensiya, habelə Qazaxıstanda Xəzər sammitini keçirilməyi planlaşdıran dövlət başçıları üçün bir sıra digər sənədlər üzərində işi yekunlaşdırmaq mümkün olacaq", - deyə o vurğulayıb.