Vaşinqton Qarabağa diqqətini artırır Siyasət

Vaşinqton Qarabağa diqqətini artırır

Amma ABŞ ənənəvi olaraq münaqişə tərəflərinə eyni prizmadan yanaşmaqla Cənubi Qafqaz siyasətini təhlükə altına alır

Cavid

Dağlıq Qarabağ probleminin həll perspektivinə Qərb siyasi dairələrinin ənənəvi yanaşma tərzində tədricən təbəddülatlar özünü göstərməkdədir. Bunu son zamanlar tanınmış amerikalı və avropalı siyasilərin, diplomat və konfliktoloqların rəylərindən açıqca görmək mümkündür.
Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının prezidenti və ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar da bəyan elədilər ki, Ukrayna olayları Qərb üçün Qarabağ məsələsinin həllini sürətləndirmək imperativi yaradıb. Yəni tələsmək zamanı yetişib.
ABŞ Siyasi Elmlər Assosiasiyasının üzvü, Amerika və İsrail alimi Brenda Şafferin bu xüsusda qeydləri də diqqət çəkir. Birləşmiş Ştatlarda nəşr olunan nüfuzlu "Foreign Affairs" jurnalındakı son məqaləsində Şaffer Güney Qafqazın ən qanlı, üzücü və açar konflikti ilə bağlı bir sıra məqamlara toxunaraq yazır: "Mayın əvvəllərində Obama administrasiyası Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ konfliktinin həlli üzrə yeni həll təşəbbüsünü elan edəcək. Bu, analoji qəbildən ilk belə səy deyil. Yəqin ki, axırıncı da olmayacaq. Ancaq Krımın Rusiya tərəfindən ilhaqından sonra Birləşmiş Ştatlar heç vaxt olmadığı qədər köhnə mübahisəni - Moskvanın regionda öz təsirini saxlamaq üçün süni şəkildə yaratdığı konflikti çözməyə çalışacaq. Həlli tapılmayan konflikt yüz faizli zəmanət verir ki, Ermənistan Rusiya qoşunlarının bölgədən getməsini istəməsin, bunu ağlına belə gətirməsin. Və nə qədər ki, rus qoşunları Ermənistandadır, Kreml İrəvana təzyiq edə biləcək ki, sonuncu Qərbdən kifayət qədər uzaq dursun".
Konfliktoloqa görə, Dağlıq Qarabağa dair sülh səyləri indiyədək o səbəbdən uğur gətirməyib ki, ABŞ mübahisəli məsələdə Azərbaycanla Ermənistana əsas tərəflər kimi baxıb və Kremlin konflikti uzatmasında roluna diqqət yönəltməyib: "Amerikanın dövlət katibləri və xüsusi elçiləri Azərbaycan və Ermənistan prezidentlərini zaman-zaman tənqid ediblər ki, "onlar öz xalqlarını sülhə hazırlamırlar". Hecə ki, Minsk qrupu həmsədrləri də ötən il onlara bu iradı tutublar. Elə Ağ Ev də prezidentləri razılığa gəlməməkdə qınayıb. Amerika iki icma arasında əlaqələrin qurulmasına milyonlarla dollar xərcləyib, di gəl, heç vaxt Moskva ilə nə etməklə bağlı strategiya formalaşdırmayıb, çünki Krıma qədər Vaşinqton heç zaman Rusiyanın etnik münaqişələrdən bölgədə təsir rıçaqı kimi nə dərəcədə yararlandığının fərqinə varmayıb, bu amili etiraf eləməyib".
Bir il öncə isə rusiyalı politoloq, beynəlxalq siyasət üzrə ekspert, Qloballaşma və Sosial Hərəkatlar İnstitutunun Beynəlxalq Siyasətin Analizi Mərkəzinin rəhbəri Mixail Neyjmakov deyib: "Mümkündür ki, ABŞ Qarabağ ixtilafı üzrə özünün yeni planını təqdim edəcək".
Onun sözlərinə görə, Birləşmiş Ştatlar üçün Qarabağ konflikti bir növ Ermənistan və Azərbaycana açar tapmaq, onları öz təsir dairəsinə salmaq, Rusiya və İranın regionda təsirini azaltmaq vasitəsidir: "Azərbaycanın Rusiya ilə münasibətləri son zamanlar onsuz da soyuyub, İranla münasibətlərində isə daha qabarıq mürəkkəbliklər var. Ermənistan hələ ki Rusiya və İrana sıx bağlıdır. O üzdən ABŞ ciddi səylər göstərir, o sırada Qarabağ məsələsindən də yararlanır ki, Azərbaycanla Ermənistanı öz orbitinə gətirsin".
ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin Türkiyə-Ermənistan sərhədlərini heç olmasa Suriya erməniləri üçün açmaq təklifi ilə bağlı bəyanatını xatırladan politoloq Vaşinqtonun İrəvana Qarabağ məsələsində də reveranslarını istisna eləmir. Eyni zamanda hesab edir ki, Amerika Ermənistana münasibətdə ənənəvi "qamçı və kökə" siyasəti həyata keçirir: "Yada salın, 4 il əvvəl Ağ Ev Türkiyəni Ermənistanla sərhədləri açmağa sürükləyirdi. Obama isə 2009-cu ilin aprelində erməni xalqına müraciətində "mets eqern" ("böyük faciə") ifadəsi işlətmişdi. Lakin həmin ildəcə ABŞ Administrasiyası 2010-cu il üçün Ermənistana maliyyə yardımının azaldıldığını bəyan elədi, Dağlıq Qarabağa isə ümumiyyətlə, humanitar yardım ayırmaqdan imtina etdi. Bu mənada Amerikanın Ermənistanla işi onun Güney Qafqaz siyasətində birtərəflilik anlamına gəlməməlidir. ABŞ yəqin ki münaqişə tərəfləri arasında daim balans yaratmağa çalışacaq - gah bir, gah da o biri tərəfə yaxınlaşmaqla. Odur ki, ABŞ-ın Qarabağ üzrə yeni nizamlama planı hazırlayacağı barədə deyilənlər tamamilə əsaslıdır..."
Politoloq Vəfa Quluzadənin fikrincə, Krımdan sonra Qarabağ məsələsində problemlər var. O, bildirib ki, ATƏT-in Minsk qrupu münaqişəni Dağlıq Qarabağda referendum keçirməklə həll etmək niyyətindəydi: "Amma indi anlayırlar ki, referendumlar saxta olur. Krımdakı saxta referendum böyük bir problem yaratdı və bu məsələ hələ uzanacaq. Azərbaycanlıları etnik təmizləmə ilə Dağlıq Qarabağdan çıxarandan sonra orada heç bir referendum keçirmək olmaz. Ona görə həmsədrlər bu barədə düşünüb yeni təkliflər verməlidir. Mən deyə bilmərəm ki, Obama hansı addımları atacaq, nə iş görəcək. Amma mütləqdir ki, problemin həlli istiqamətində hansısa təklif verilsin, həllinə çalışılsın. İkinci məsələ isə Rusiyanın qrupda həmsədrliyidir. Rusiya qrupda qalacaqsa, münaqişə onun kefi istədiyi kimi həll olunacaq. Burada heç bir beynəlxalq hüquq, ya qanun işləməyəcək".
V.Quluzadə hesab edir ki, əvvəlcə Rusiyanın Minsk qrupuna daxil edilməsini yada salmaq lazımdır: "Rusiya Budapeşt sammitində Dağlıq Qarabağı sülhməramlı adı altında işğal etmək üçün BMT-nin mandatını istəyirdi. Lakin ABŞ buna etiraz etdi. Onda Rusiyaya regionun ən böyük dövləti olduğuna görə daimi həmsədrlik təklif etdilər. Moskva da buna razılaşdı. Daimi həmsədr də o deməkdir ki, onun razılığı olmadan digər həmsədrlər - ABŞ və Fransa heç nə edə bilməzlər. Ona görə Rusiya Minsk qrupunda olana qədər Dağlıq Qarabağ məsələsi ya həll olunmayacaq, ya da ki, Krımdakı kimi nəticələr verəcək. Rusiya Dağlıq Qarabağda baş vermiş hansısa "fakt" prinsipi ilə məsələni öz xeyrinə həll edəcək. Krım göstərdi ki, Rusiya bütün regionlara təhlükədir. Məsələn, Dağlıq Qarabağ münaqişəsindən məkrli planları naminə istifadə edər, Qazaxıstana qoşun yeridə bilər, Dnestryanı bölgəni tərkibinə qatar. Yəni Rusiya istədiyini edə bilər. Çünki Rusiya Ukraynanı işğal edib, bir hissəsini tərkibinə qatdı, Qərb isə bunun qarşısında susur. Sanksiyalar Rusiyaya təsir etmir. Putinin fikirlərini səsləndirmək üçün ortalığa Jirinovskini buraxıblar. Hamı da deyir ki, o, bir təlxəkdir. Məncə o, təlxək-zad deyil. Jirinovski Putinin fikirlərini səsləndirir, ondan sonra bu fikirlər həyata keçir".
Onu da vurğulayaq ki, son günlər ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar mütəmadi olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışlar edir. Səfir Vaşinqtonda keçirilən "ABŞ-Azərbaycan: gələcəyə baxış" forumunda çıxışı zamanı bildirib ki, Ukraynadakı vəziyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyini göstərdi. Bu münaqişə regionda qeyri-sabitlik yaradır və heç kəsə üstünlük vermir. Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həlli məqsədilə konkret addımların atılması üçün birgə işləməlidirlər.
Politoloq Leyla Əliyeva bildirib ki, bu bəyanat Birləşmiş Ştatların ölkəmizə olan marağının göstəricidir: "Lakin ABŞ rəsmiləri Rusiyanın Krımla bağlı bəlli siyasətindən sonra ehtiyatlı davranmağa və daha çox düşünməyə üstünlük verirlər. Qarşı tərəfdə münaqişənin həlli üçün istək var. Ancaq 20 illik təcrübə göstərdi ki, münaqişənin həllində məsuliyyət daşıyan ATƏT-in Minsk qrupu üzərinə düşən işin öhdəsindən gələ bilmir. Yəni bu mexanizm effektiv deyil. Buna görə də münaqişənin həllini sürətləndirmək üçün alternativ yollar irəli çəkilməlidir".
Politoloq hesab edir ki, atəşkəs sazişinin vaxtının bitməyinə günlər qalsa da, yeni addımlar atılmır: "Çünki hazırda Ukrayna hadisələri Qərbin diqqətini tamlığı ilə özünə cəlb edib. Rusiyanın separatizm siyasəti nəticəsində yaranan siyasi mühit, ABŞ-ın regionda nüfuzunu itirməmək üçün hərəkətə keçməsini tələb edir. Lakin ABŞ rəsmiləri hələ ki, hesablamalar aparmaqla məşğuldurlar. Onlar Rusiyanın regionda daha nələrə əl ata biləcəyini müzakirə edirlər. Eyni zamanda, Ukraynadan sonra Rusiya siyasətçilərinin digər postsovet ölkələri ilə bağlı səsləndirdikləri fikirlər də, ABŞ-ı götür-qoy etməyə məcbur edir. Lakin hazırkı məqamda gələcəklə bağlı konkret nələrsə demək olmaz. Rusiyanın ambisiyaları dəqiq bəlli olduqdan sonra hesab edirəm ki, Qərb də buna cavab addımlar atacaq. Düşünürəm ki, strateji hesablamalar başa çatdıqdan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də bağlı konkret qərarlar qəbul oluna bilər".
Digər bir məqam isə Misnk qrupunun amerikalı həmsədrinin Tvitterdə Qarabağla bağlı yazdığı fikirlərə rəsmi Bakının reaksiyasıdır. Qeyd edək ki, Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun sərt bəyanatından sonra ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik qondarma Dağlıq Qarabağ respublikasının nümayəndələri ilə görüşdən imtina edib. Buna baxmayaraq ekspertlər Uorlikin Tvitterdə yazdıqlarından və Azərbaycan tərəfinin buna rəsmən etiraz bildirməsindən sonra Qarabağ münaqişəsinin tənzimlənməsi sahəsində Bakı ilə Vaşinqton arasında soyuqluğun olduğu qənaətindədirlər.
Ceyms Uorlikin tvitter yazılarına Azərbaycanın belə sərt cavab verməsini tam haqlı hesab edən politoloq Rasim Musabəyov münaqişənin həllində belə mövqedən çıxış edən həmsədrlərin geri çağırılmasının doğru qərar olduğunu deyir.