“Azərbaycan güzəştə gedə biləcəyi ən son nöqtəni belə göstərib” Siyasət

“Azərbaycan güzəştə gedə biləcəyi ən son nöqtəni belə göstərib”

Elçin Mirzəbəyli: "Bütün bunlardan sonra əgər danışıqlar prosesində irəliləyiş baş vermirsə, bu artıq həm də ATƏT-in Minsk qrupu həmsədrlərinin ikili standartdan çıxış etdiklərini göstərir"


"Son günlər keçirilən bir sıra yüksək səviyyəli görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir ümidverici fikir səsləndirilməyib". Bunu siyasi məsələlər üzrə ekspert Elçin Mirzəbəyli deyib. O bildirib ki, xüsusilə də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun tərəflərin razılaşmadan çox uzaq olduğunu bildirməsi danışıqlar prosesinin davam etdirilməsində müəyyən ciddi problemlərin olduğunu ortaya çıxardı: "Tərəflər arasında razılaşdırılmayan məsələlər fundamental xarakter daşıyır və tənzimlənmə prosesinin təməl sütununu təşkil edir. Əgər onlar ətrafında razılaşma yoxdursa, digər məsələlərin hamısı təfərrüatdır. Yəni xırda detallardır ki, bunlar da müəyyən qədər razılaşdırılıb.
Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb edən məsələlər ölkəmizin ərazi bütövlüyünün qeyd-şərtsiz təmin oluması, erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması, qaçqın və məcburi köçkünlərin öz yurd yuvalarına qayıtması və sonda Azərbaycanın sərhədləri çərçivəsində Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsi. Bu, bizim fundamental mövqeyimizdir. Cənab Prezident müxtəlif tədbirlərdə bu amili kifayət qədər qabardıb. Azərbaycanın güzəştə gedə biləcəyi ən son nöqtəni belə göstərilib".
Ekspert hesab edir ki, bütün bunlardan sonra əgər danışıqlar prosesində irəliləyiş baş vermirsə, bu artıq həm də ATƏT-in Minsk qrupu həmsədrlərinin zəifliyini, yaxud da ikili standartdan çıxış etdiklərini göstərir: "Lavrov tərəflər arasında məsələnin qoyulmasını müstəviyə gətirirsə, bu, kökündən yanlış yanaşmadır. Rusiyanın Ermənistana təsir imkanlarını hər kəs bilir. Həmçinin, nəzərə almaq lazımdır ki, Rusiya və digər həmsədr dövlərlər BMT Təhlkəsizlik Şurasının üzvləridir və veto hüquqları var. Onlar Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı 4 qətnamə qəbul ediblər və beş üzvdən heç biri bu qətnamələrə veto qoymayıb. Bu aspektdən həm Lavrov, həm digər həmsədr dövlətlərin rəsmiləri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə işğalçıya qarşı beynəlxalq hüquqdan irəli gələn müvafiq təzyiqlər və sanksiyalar həyata keçirməlidirlər. Əgər bi sanksiyalar yoxdursa, bu, qeyri-səmimiliyin və ikili standartların göstəricisidir".