Ordumuz mesajını verdi: İrəvan buna məcburdur Siyasət

Ordumuz mesajını verdi: İrəvan buna məcburdur

Ötən ay Minsk Qrupunun həmsədrlərinin regiona səfəri, Bakı və İrəvanda keçirdiyi görüşlər münaqişənin həllində hər hansı irəliləyişə səbəb olmasa da, münaqişə ətrafında diplomatik hərəkətliliyi artırıb.
Bu sözləri politoloq Məhəmməd Əsədullazadə aprelin 29-da Rusiyanın XİN rəhbəri Sergey Lavrovun təşəbbüsü ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskvada keçiriləcək görüşünü şərh edərkən deyib.
Politoloq bildirib ki, həmsədrlərin bu səfər çərçivəsində təklif etdiyi "üç hissəlik" təklifləri ictimaiyyət üçün konfedensiallğını saxlasa da, XİN rəhbərlərinin görüşündə bu həll variantının detalları müzakirə ediləcək:
"Bu üç hissəlik həll variantda Azərbaycanın maraqlarına uyğun olmayan təkliflər də var. Qeyd edim ki, bu ayın əvvəlində ATƏT sədrinin Moskva səfərində Qarabağla bağlı danışıqlar aparılmış, münaqişənin həllində əsas söz sahibi kimi Rusiyanın önəmi irəli çəkilmiş və Rusiyadan münaqişənin həllində səylərini artırması istənilmişdi. Görünür, 29 aprel görüşünün keçirilməsində bu təklifin önəmi olub".
Məhəmməd Əsədullazadə Ermənistan tərəfi danışıqlardan çəkilməklə, münaqişə ətrafında hərbi eskalasiyanın baş verməsinə şərait yaratdığını vurğualyıb:
"Ermənistanda keçirilən parlament seçkilərində Sərkisyan rejiminin hakimiyyətdə qalması danışıqlarda irəliləyişə mane olan əsas faktorlardan biridir. Ancaq Azərbaycan 30 minlik qoşun və böyük sayda hərbi texnikasının iştirakı ilə hərbi təlimlərlə rəsmi İrəvana danışıqlara başlamaq mesaj verdi. Çünki Azərbaycan hazırkı status-kvonun saxlanmasını mümkünsüz hesab edir".
Politoloq Moskvada baş tutacaq XİN başçılarının görüşündə hər hansı ciddi nəticənin olacağını proqnozlaşdırmır:
"Amma ortada müəyyən təkliflər var və mümkündür ki, tərəflər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti aylarda görüşü barədə müzakirə aparsınlar. Rusiya da Moskvada prezidentlərin görüşünü təşkil etməkdə maraqlıdır".