“Oyunların ölkəmiz üçün siyasi və iqtisadi əhəmiyyəti var” Siyasət

“Oyunların ölkəmiz üçün siyasi və iqtisadi əhəmiyyəti var”

Rövşən Rzayev: "Azərbaycan bütün İslam dünyasını öz paytaxtında bir araya gətirə bildi"

Sahibə Qafarova: "Azərbaycan növbəti dəfə öz gücünü, təşkilatçılıq bacarığını nümayiş etdirdi"

Vüqar Bayramov: "Ərəb və körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı daha da artacaq"

Bu həftənin əvvəlində - mayın 22-də Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları başa çatdı. Ekspertlər hesab edirlər ki, bu tədbir Azərbaycana bir sıra divident qazandırdı. Azərbaycan tədbiri yüksək səviyyədə ətşkil etməklə daha böyük turnirlərə ev saibliyi edə edə biləcəyini sübut etməklə yanaşı, eyni zamanda ölkənin tanıdılmasında əhəmiyyətli addım atdı. Həmçinin iqtisadi, siyasi cəhətdən də uğurlu olan IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın islam ölkələri arasında aparıcı, nümunəvi bir dövlət olduğunu sübut etdi.
Millət vəkili Rövşən Rzayev bildirib ki, Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ölkəmizin inkişafından xəbər verir: "Bu Azərbaycan tarixinə uğurlu gün kimi yazıldı". O qeyd edib ki, oyunların ölkəmiz üçün siyasi və iqtisadi əhəmiyyəti var: "Siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan bütün islam dünyasını öz paytaxtında bir araya gətirə bildi. Biz ünsiyyətin kütləvi idman formasının şahidi olduq. Qərblə İslam dünyasının bir olmasını, İslamın dünyaya sülh, barış, uğur gətirən bir din olduğunu nümayiş etdirdik". Deputatın fikrincə, Azərbaycanın bu oyunlara ev sahibliyi etməsi siyasi və iqtisadi cəhətdən güclü dövlət olmasının nəticəsidir. O vurğulayıb ki, Azərbaycan iqtidarı insanların sağlam həyat sürməsindən ötrü şərait yaradıb, oyunlar zamanı idmançılarımız böyük uğurlar əldə edib: "Burada məşqçilərin və idmançıların böyük zəhməti var. Bu qələbələr hər kəs kimi məni də sevindirir. Mən bütün dövlətlərə, dinlərə, xalqlara hörmətlə yanaşıram. Amma 280 milyon əhalisi olan İndoneziya ilə Azərbaycan idmançılarının uğurlarını müqayisə, nəticə Azərbaycanın inkişafından xəbər verir".
O qeyd edib ki, bu bir dəfə olan hal deyil, mütəmadi xarakter daşıyır: "Rio olimpiya oyunlarında da Azərbaycan idmançıları islam dünyasında birinci olub. İslam Həmrəylik Oyunlarında idmançılarımız öz sözünü deyə bilib, imkanlarını göstərə bilib. Xüsusilə qeyd etmək istərdim ki, təşkilat komitəsinin əməyi, diqqəti birinci vitse-prezident Mehriban Əliyevanın yanaşmasının yüksək səviyyədə olması bizi sevindirir".
Deputat, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova deyib ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə və yeni standartlar tətbiq edərək keçirməklə növbəti dəfə öz gücünü, təşkilatçılıq bacarığını nümayiş etdirdi: "Ölkəmiz bununla həm öznünün müasir tarixinə, həm də İslam Həmrəyliyi Oyunlarının tarixinə növbəti parlaq səhifəni yazdı". Onun sözlərinə görə, iki il ərzində həm Avropa Oyunlarının, həm də İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bir daha Azərbaycanın dünya miqyasında böyük hörmətə, həmçinin müsəlman aləmində böyük rəğbətə malik ölkə olduğunu təsdiq edir: "Azərbaycan öz təcrübəsində sübut edib ki, tolerantlıq, milli və mənəvi dəyərlərə qarşılıqlı hörmət, fərqli dinlərin nümayəndələrinə və onların ənənələrinə ehtiram sülh və təhlükəsizlik şəraitində yaşamağın ən uğurlu yoludur. Bu gün hər birimiz böyük fəxrlə Azərbaycanda multikulturalizmin, tolerantlığın həyatın bütün sahələrində nailiyyətlərin əldə olunmasına, müxtəlif xalqların və fərqli dinlərin nümayəndələrinin sülh və əmin amanlıq şəraitində birgəyaşayışına imkan verdiyini deyirik. Bu həm də onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin, humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir. IV İslam Həmrəyliyi Oyunlarının belə yüksək səviyyədə təşkili də Azərbaycanın tolerantlıq, multikulturalizm, dinlər arasında sülhün möhkəmlənməsinə necə böyük dəstək verdiyini ortaya qoyur. Azərbaycanın müsəlman aləmində siyasəti də məhz ondan ibarətdir ki, ölkələrimiz, xalqlarımız arasında həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi problemlərə son qoyulsun".
Sahibə Qafarova həmçinin deyib ki, Azərbaycan Oyunların açılış və bağlanış mərasimlərini, yarışları belə yüksək səviyyədə təşkil etməklə, həm xalqımızın sahib olduğu zəngin tarixi, mədəni dəyərləri, həm də müasir dövrdə yüksək inkişafını sübuta yetirdi: "Bu günə qədər bir çox beynəlxalq yarışlara, dünya və Avropa çempionatlarına, humanitar, iqtisadi, siyasi tədbirlərə yüksək səviyyədə evsahibliyi edən ölkəmiz bir daha göstərdi ki, Azərbaycan istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirə və eyni zamanda, öz standartlarını tətbiq edə bilər".
Azərbaycan idmançılarının "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında qazandığı yüksək nailiyyətlərə də toxunan millət vəkili hesab edir ki, idmançılarımızın yarışları birinci sırada başa vurması heç də təsadüfi deyil: "54 ölkənin iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarında 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanmaq həqiqətən böyük və qürurduyulası uğurdur. "Bakı-2017"də qazanılan uğurlar Azərbaycan idmançılarının tarixi qələbəsidir. Mən bu uğurları Azərbaycan dövlətinin uzun illərdir ardıcıllıqla, planlı şəkildə həyata keçirdiyi işlərin, idman sahəsində atılmış addımların məntiqi nəticəsi hesab edirəm. Azərbaycan artıq dünyada həm də güclü idman ölkəsi kimi tanınır. İdmançılarımızın adları dünyanın ən güclüləri sırasında çəkilir. Əminəm ki, bu gün əldə olunan möhtəşəm qələbələr gələcək yarışlarda da artaraq davam edəcək".
Ekspert Tamerlan Vahabovun fikrincə, ümumiyyətlə Azərbaycanın keçirdiyi idman oyunlarının hamısına nəzər salanda görərik ki, burada zəncirvari bir məntiq var: "Məsələn, biz 2015-ci ildə Bakıda I Avropa Oyunlarını keçirdik. Daha sonra bu il IV İslam Həmrəyliyi Oyunlarını təşkil etdik. Yəni bu, Azərbaycanın sadəcə oyunları keçirmək xatirinə təşkil etdiyi bir oyunlar deyildi. Beləki bu oyunların siyasi əhəmiyyəti də var". Onun sözlərinə görə, Azərbaycan özünü xarici siyasətdə, həm də mədəniyyətinin müxtəlif sahələrdə nümayiş etdirir: "Azərbaycan müsəlman ölkəsidir. Eyni zamanda İslam dünyası ilə də konstruktiv əlaqələri var. Bununla belə ölkəmizin Avropa kimliyi də var. Ona görə də Azərbaycan qərb və şərqin kəsişdiyi bir yer olaraq həm xarici siyasətində, həm də təşkil etdiyi bütün tədbirlərdə öz sözünü deyir. Bu Azərbaycanın ilk növbədə tanıtımı üçün böyük bir platformadır. Azərbaycanın xarici siyasətindəki əsas məqamlarından biri də ölkə özü haqqında güclü tərəflərini təqdim etməsidir. Təbii ki, ölkəmizdə də bunu bacarır və biz bunu görürük".
İqtisadçı ekspert Vüqar Bayramov diqqətə çatdırıb ki, IV İslam Həmrəyliyi Oyunları başa çatdıqdan sonra da ərəb və körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı daha da artacaq: "Çünki bu cür idman yarışlarının turizm sektoruna müsbət dividentləri uzunmüddətli olur". Vüqar Bayramovun sözlərinə görə, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarından birmənalı şəkildə ən çox qazanan turizm sahəsi oldu. Çünki bu oyunlardan əvvəl və oyunlar sırasında faktiki olaraq şəhərdəki və şəhərətrafı bütün otellər bron edilmişdi: "Hazırda turizmin inkişafı Azərbaycan üçün pioritet məsələlərdəndir. Turizmin özəlliyi ondan ibarətdir ki, dolayı ixrac deməkdir. Ölkəyə təşrif buyuran hər bir turist dövlətə valyuta gətirir. Bu da həmin oyunları izləmək üçün paytaxtımıza gələnlərinin sayının çox olması ilə əlaqədardır. "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarını izləmək üçün ölkəyə təşrif buyuranların çoxu ərəb dövlətlərinin vətəndaşları idi. Əsas artımlar ərəb ölkləri və körfəz dövlətlərinin payına düşür. Bu cür artım tempi əvvəlki dövrlərdə də müşahidə olunurdu. Əksər ərəb və körfəz ölkələrinə Azərbaycan vizasız gəliş-gediş üçün şərait- hava limanında viza lamaq üçün imkan yaradıb.
ASAN viza xidmətinin bu il yanvarın 1-dən fəaliyyətə başlaması da Azərbaycan vizasının daha tez və asan yolla alınmasına gətirib çıxarıb. Nəticədə viza rejiminin sadələşdirilməsi ölkəyə gələn turistlərin sayının artmasına səbəb olub. Gürcüstanda Batumi şəhərinin turist bölgəsinə çevrilməsində ərəblərin investisiyasının, ərəb turistlərin sayı mühüm rol oynayıb. Eyni zmanda Azərbaycana gələn turistlərin sayında da ərəb turistlərin sayı çoxdur. Analoji hal Türkiyədə də mövcuddur.
Region ölkələri ərəb və körfəz ölkələrindən turist cəlb etməyə çalışırlar. Bu konteksdən baxdıqda IV İslam Həmrəyliyi Oyunlarını izləmək üçün körfəz və ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayını artırmaq baxımdan vacib idi. Nəticə etibarı ilə ölkəyə gələn turist oteldə qalmaqla kifayətlənmir, restoranlara gedir, müxtəlif alış-veriş edirlər. Bundan da turizm sektoru faydalanmış olur".

Əli