İşğalın, yoxsa çarəsizliyin etirafı? Siyasət

İşğalın, yoxsa çarəsizliyin etirafı?

Tofiq Abbasov: "ATƏT və onunla bərabər digər beynəlxalq institutlar öz təsir qüvvəsini itiriblər"
Zəlimxan Məmmədli: "ATƏT razılaşdırılmış məzarət modelidir"
Vasif Həsənli: "Münaqişənin konkret həll yolları var"

ATƏT-in Minsk Qrupunun atəşkəs sazişinin imzalanması ilə bağlı yaydığı son bəyanat Azərbaycanda birmənalı qarşılanmadı. Bu bəyanata sərt reaksiyalar da oldu.
Ümumiyyətlə bu bəyanat nəyin əlamətidir? İşğalın, yoxsa çarəsizliyn etirafı?
Politoloq Tofiq Abbasov bildirdi ki, bu bəyanat sadəcə müvəqqəti sülhün 20-illiyi ilə əlaqədardır və onun arxasında heç bir fiziki təşəbbüs dayanmır: "Problem ondadır ki, həmin bu bəyanat verildiyi məqamda Ermənistanın hərbi xuntası Şuşada şadyanalıq edib, "qaytarılmış torpaqların" Azərbaycana verilməyəcəyi barədə bəyanatlar səsləndirdi. Əgər ATƏT rəsmiləri, o cümlədən həmsədrlər özlərini görməməzlik və eşitməməzliyə vurublar, bu o demək deyil ki, heç nə baş vermir. Baş verənlər isə ondan ibarətdir ki, erməni millətçi və separatçı qüvvələri yeni istila planlarını nəzərdən keçirirlər. Hazırda onlar tez-tez Naxçıvan mövzusunu gündəmə gətirib birliyi bu problem barədə agah edirlər... Əlbəttə ki, indi onlar Azərbaycana qarşı hər hansı bir iyrənc planı həyata keçirməyə başlasalar, tutarlı cavablarını alacaqlar. Lakin məsələ başqa şeydədir - niyə birlik bu millətin dəlisov zümrəsinin şıltaqlıqlarına göz yumub zərərçəkən Azərbaycanın haqlı tələblərinə biganə qalır?! O ki, qaldı Ukrayna probleminə, ATƏT və onunla bərabər digər beynəlxalq institutlar öz təsir qüvvəsini itiriblər. İkinci dünya müharibəsindən sonra işlənmiş idarəetmə mexanizmləri artıq müasir tələblərə cavab vermir. Ona görə də hazırda yeni yanaşma və dünyanı idarə edə biləcək nizamın işlənməsinə ehtiyac duyulur. 5-6 altı qüdrətli dövlət artıq digər inkişafda olan məmləkətlərin artan gücünü görüb böyük bölgələri münaqişələr vasitəsi ilə idarə etmək fikrinə düşüblər. Lakin belə gedişin perspektivi sıfıra bərabərdir. Əgər 20-lik varsa, deməli ən azı 20 ölkə yetkinlik işartıları ifadə etməklə həm də dünyanın idarə olunmasında söz sahibinə çevrilib... Odur ki, dünyanın 5-6 məmləkətin inhisarında olması daha aktual deyil. Deməli mövcud vəziyyəti münaqişə, istila və müharibələrlə deyil, ağıl-zəka ilə nizamlamaq lazımdır...".
"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "ATƏT-dən bizim əvəzimizə döyüşüb torpaqlarımızı azad edəcəyini gözləməkyanlışdır",- deyə bildirdi. Onun fikrincə, ATƏT razılaşdırılmış məzarət modelidir və o bunu uğurla həyata keçirir: "O baxımdan onların bəyanatı başadüşüləndir. Qarabağ probleminin həllini yadlara, bəzi hallarda isə o problemi yaradanlara tapşırmışıq. Nə qədər ki, bu tip problemləri - Qarabağ, Güney Azərbaycan, demokratiya problemlərinə milli namus prizmasından yanaşmamışıq, bu dəyərləri əlimizdın alıb bizi məğlub edəcəklər. Bu situasiya mütləq mənada dəyişməlidir".
Araşdırmaçı jurnalist Vasif Həsənli vurğuladı ki, ATƏT ilk növbədə Dağlıq Qarabağ məsələsinin həllinə səy göstərməlidir: "Artıq 20 ildən çoxdur ki, bu münaqişə həllini tapmamış qalır. Bu na görə isə ən böyük məsuliyyəti bəlkə də ATƏT daşıyır. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi artıq səbr kasamızı daşdırıb. Münaqişənin konkret həll yolları var. Bu, BMT-nin 4 məlum qətnaməsinin tələbləridir. ATƏT Ermənistandan bu qətnamələrin tələblərinə əməl etməyi tələb etməlidir. Hesab edirəm ki, ATƏT Ermənistanı qorumaq əvəzinə, işğalçı ölkəyə təzyiqlərini artırmalıdır. Məsələyə ikili standartlarla yanaşılmamalıdır. Ukrayna böhranı dünən yaranan problemdir. Ancaq ATƏT və digər beynəlxalq təşkilatlar nədənsə bu məsələdə fəallıq göstərirlər. Bu, ikili standartların ən son nümunəsidir. Axı nə üçün Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ATƏT-in və digərlərinin yadına düşmür? Minsk qrupunun fəaliyyəti indiyədək bizə quru bəyanatdan savayı nə verib? Kim ixtiyar verir ki, Ermənistan işğalçılıq siyasətini hələ də davam etdirir? Bu gün Qərb dövltləri və beynəlxalq təşkilatlar beynəlxalq hüququn, haqqın-ədalətin, ərazi bütövlüyünün pozulmasından dəm vururlar. Məgər Azərbaycanın hüquqları pozulmayıbmı? Ərazi bütövlüyümüz pozulmayıbmı? Bütün bunlar bir daha onu göstərir ki, beynəlxalq hüququn özü bu gün qərəzli fəaliyyət göstərir". Onun sözlərinə görə, Qərbin nə zaman maraqları pozulursa, o zaman da beynəlxalq hüquq dərhal yada düşür: "Əəgər belə olmasaydı, o zaman indiyədək Qərbin aparıcı güc dövlətləri və beynəlxalq təşkilatlar Ermənistana səmərəli və ciddi təzyiqlər göstərərdilər. Çox təəssüf ki, biz bunu hələ də açıq formada müşahidə etmirik.
Ancaq münaqişənin vaxtının yubanması əslində Azərbaycan dövləti üçün müəyyən mənada sərf edir. Çünki Azərbaycan dövləti və ordusu ildən ilə daha da güclənir, inkişaf edir. vaxt bizim xeyrimizə, Ermənistanın isə əksinə işləyir. İşğal olunmuş ərazilər Azərbaycanın tarixi torpaqları olub və belə də davam edəcək. Azərbaycanın Ali Baş Komandanı, prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, biz öz torpaqlarımıza gec-tez qayıdacağıq. Bu sıradan bir söz deyil. Ermənistan rəhbərliyi bunu anlamalıdır. Anlamalıdır ki, ən yaxın zamanda işğal etdiyi torpaqlar geri qayıdacaq. Haqq-ədalət də məhz o zaman bərqərar olacaq".
Politoloq Elşad Mirbəşiroğlu isə hesab edir ki, "Bişkek protokolu"nun imzalanmasından 20 il ötməsi münaqişənin tənzimlənməsinə müsbət və ya mənfi bir təsir göstərmir: "Bu protokol hüquqi qüvvəyə malik olmayan, sadəcə tərəfləri bir növ sülhə çağırış xarakteri daşıyırdı. Atəşkəs rejiminin əldə olunmasına baxmayaraq Ermənistan tərəfindən dəfələrlə bu rejim pozulub. Azərbaycan tərəfində itkilər olub. 1994-cü ildə Azərbaycanda vəziyyət o qədərdə ürək açan deyildi və ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinədək Azərbaycanda siyasi kataklizmlər dövrü idi və həmin dövrlərdə Azərbaycanın qeyri sabitlikdən yeni çıxıb. Yeni-yeni inkişaf xəttinə qədəm qoyan Azərbaycan üçün müharibə aparmaq məqbul bir hal deyildi. Buna baxmayaraq, ordu müvəffəqiyyətli əməliyyatlar aparmışdı, hətta bu Ermənistanda böyük təşviş də yaratmışdı. Belə vəziyyəti görən Rusiya özü atəşkəs rejiminin əldə olunması istiqamətində fəaliyyətə keçdi. Bu, Azərbaycanın da maraqlarına cavab verirdi. Nəfəs almaq, keçmiş dağıdıcı vəziyyətin elementlərini aradan qaldırmaq üçün zaman lazım idi. Həmin dövrdə atəşkəsin imzalanması Azərbaycanın bugünkü inkişafında mühüm rol oynamışdı. Zaman keçdikcə Azərbaycan artıq özünün tam şəkildə siyasi stabilliyinə çatdıqdan, hərbi qüdrətini bərpa etdikdən sonra təbii ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək gücü mövcud idi. Amma, buna baxmayaraq Azərbaycan tərəfi beynəlxalq hüquq prinsiplərinə sadiqliyini nümayiş etdirərək münaqişənin dinc yollarla tənzimlənməsi istiqamətində öz səylərini, fəaliyyətini davam etdirməyə başladı. Azərbaycan gücləndikdən sonra atəşkəs rejiminin münaqişənin tənzimlənməsi istiqamətində hər hansı bir rolu olmayı".
Onun fikrincə, tərəflərdən hər hansı biri bu razılaşmadan imtina etmədiyi təqdirdə onun müddəti avtomatik olaraq uzanır: "Ona görə də bu gün "Bişkek protokolu"nun müddətinin sona çatması haqqında fikirlər səsləndirmək tezdir: "Atəşkəs davam edir, çünki nə Azərbaycan, nə də Ermənistan rəsmi şəkildə razılaşmadan imtina etməyib. Bu gün atəşkəs rejimi sona çatdı, müharibə başlayacaq, bu yanlış yanaşmadır. Formal olsa da, atəşkəs rejimi davam edəcəkdir. Nəyə görə formal? Çünki, Ermənistan tərəfi bu razılaşmanın şərtlərinə əməl etmir. Təbii ki, bizim tərəfimizdən arzu olunandır ki, ATƏT-in Minsk qrupu artıq ölüm nöqtəsindən tərpənsinlər, münaqişənin tənzimlənməsi istiqamətində bir addım atsınlar. Bizim arzumuz da ola bilər ki, bu formatda dəyişiklik olsun, ona dinamiklik gətirəcək yeni üzvlərin cəlb olunması Azərbaycanın maraqlarına cavab verən hal olardı".
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri atəşkəs haqqında sazişin 20 illiyi ilə bağlı bəyanatla çıxış ediblər. Bəyanatda bildirilir ki, saziş müharibəyə son qoyub və faciəvi zorakılığı dayandıraraq danışıqlara yol açıb: "Sülhün sayəsində erməni və azərbaycanlıların yeni nəsli müharibənin dəhşətlərini görmədən böyüyüblər. Tərəflər gələcək nəsilləri də bu cür dəhşətlərdən xilas etmək üçün hər şeyi etməlidir. Lakin bütün bunlara baxmayaraq, atəşkəs haqda saziş münaqişəni həll etməyib. Dağlıq Qarabağ ətrafındakı ərazilər işğal altında qalır, Dağlıq Qarabağın statusu isə müəyyənləşməyib...".

Əli