Türkiyə-Ermənistan sərhədi minalardan təmizlənir Siyasət

Türkiyə-Ermənistan sərhədi minalardan təmizlənir

Azər Həsrət: "Bu, sadəcə sırf humanitar aksiyadır"
Üzeyir Cəfərov: "Qardaş Türkiyə məcburən bu addımı atmalı olacaq ki, öz milli maraqlarını təmin etsin"
Hasan Oktay: "Bu, Azərbyacan və Türkiyənin reallaşdırdığı enbarqo nəticəsində ermənilərin ölkəni kütləvi halda tərk edəcəklərinə də bir hazırlıqdır"

Türkiyənin şərqində sərhəd ərazilər minalardan təmizlənəcək. Bu barədə məlumatı Türkiyənin "Akşam" qəzeti yayıb. Məlumata görə, xərclərin 75%-ni Avropa İttifaqı öz üzərinə götürüb.
Bu barədə "Akşam" qəzetini məlumatlandıran mənbə bildirib ki, sərhəd ərazilərin minalardan təmizlənməsinə artıq başlanılıb. İşlər Türkiyə Baş Qərargahı və DİN-in birgə səyləri ilə həyata keçirilir. Nəticədə 11 milyon 665 min 641 kv. metr sahəd minalardan təmizlənəcək. Bundan sonra burada müasir xəbərdarlıq sistemi tətbiq ediləcək. Sərhəddin qanunsuz keçilməsi ilə bağlı istənilən halın qarşısı 26 axtarış-müşahidə avtomobilinin vasitəsilə alınacaq.
Layihənin büdcəsi 52 milyon 450 min avro təşkil edir. Məbləğin dörddə üç hissəsi Aİ-nin büdcəsindən daxil olacaq.
Qəzet "Minaların təmizlənməsindən sonra Ermənistanla sərhədlərin açılması gözlənilirmi" sualına da cavab verib: "Çox güman ki, sərhəd Ermənistanın, işğal etdiyi ərazilərin bəzisini Azərbaycana qaytardıqdan sonra açılacaq. Bundan sonra Türkiyə-Ermənistan arasında dəmiryolu daşımaları da mümkün olacaq".
Qeyd edək ki, bir müddət öncə "Haykakan jamanak" qəzeti də bu barədə yazmışdı. Qəzetə görə, bir neçə gün öncə Ermənistan - Türkiyə sərhədində hər iki ölkənin sərhədçilərinin gizli görüşü olub. Qəzetin internet saytında yerləşdirilmiş məqalədə qeyd olunub ki, hər iki tərəfdən xeyli sayda sərhədçinin qatıldığı görüşdə gələcək birgə fəaliyyət proqramları müzakirə olunub. Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin Ermənistan nümayəndəliyinin mətbuat katibi Sergey Qreçin isə bu görüşlə bağlı informasiya almağın mümkünsüz olduğunu deyib. Sergey Qreçin "Haykakan jamanak"ın əməkdaşının görüşlə bağlı sualını sərt şəkildə belə cavablandırıb: "Aydın deyirəm, bu görüş barədə məlumat ala bilməzsiniz". Qeyd edək ki, Ermənistanın Türkiyə və İranla sərhədləri bütünlüklə Rusiya FTX-nin Sərhəd Xidməti tərəfindən qorunur. Erməni hərbçiləri isə yalnız Azərbaycan və Gürcüstan sərhədində qulluq edirlər. Burada məsələnin maraq doğuran tərəflərindən biri isə iki ay əvvəl Türkiyə mediasında yayılan xəbərlərdir. Həmin məlumatlarda qeyd olunurdu ki, Türkiyə bu il Ermənistan və İranla sərhədlərinin bəzi hissələrini minalardan təmizləmək üçün işlər həyata keçirəcək. "Türkiye" qəzeti bununla bağlı yazırdı ki, hökumət Ermənistanla sərhədi açmağa hazırlaşır və mina təmizliyi də bu hazırlıqla əlaqədardır. Layihəyə Avropa Birliyindən maddi dəstək almağı planlaşdıran Ankara 11,6 milyon kvadratmetr minalanmış sahənin 4 milyonunu minalardan təmizləməyi planlaşdırır. Bunun üçün 52,4 milyon avro tələb olunur. Bu məbləğin 75%-ni AB, 25%-ni isə Türkiyə Müdafiə Nazirliyi verəcək. Layihə çərçivəsində sərhəd zastavalarını yeni texnika ilə təchiz etmək də nəzərdə tutulub. Bundan başqa, Ermənistanla sərhədə qədər dəmiryolu xətti bərpa olunub. Bütün bunlar sərhədlərin açılma ehtimalını artırır. Azərbaycanın isə məsələyə münasibəti kifayət qədər aydındır. Ötən ay Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bu məsələ ilə bağlı rəsmi Bakının mövqeyini yenidən təkrarlayıb. O deyib ki, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması üçün Azərbaycanın işğal olunmuş rayonlarının geri qaytarılması danışıqların mövzusudur. O bildirib ki, Azərbaycanın bu məsələdə mövqeyi aydındır: "Münaqişənin çözülməsi üçün Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, işğal olunmuş ərazilər problemi həllini tapmalıdır. Ermənistanın bu məsələdə mövqeyi qeyri-konstruktivdir. Ermənistan bu məsələnin həllinə hələ hazır deyil. Sülh prosesinin irəli getməməsinin səbəbi qarşı tərəfin siyasi iradəsinin olmamasıdır". Türkiyə Xarici İşlər Nazirliyi də bu günlərdə Ermənistanla sərhədin açılacağı barədə xəbərləri təkzib edib. XİN-in sözçüsü Ləvənt Gümrükçü bu barədə yayılan xəbərləri təkzib edib: "Türkiyə Qafqazda sülhün kompleks şəkildə inkişafını istəyir. Bu çərçivədə ölkəmiz Azərbaycandakı işğalın sona yetməsinə yönəlmiş addımlara paralel olaraq regional əməkdaşlığın inkişafına yönəlik hər cür addımı müsbət dəyərləndirəcəyini daha öncə dəfələrlə ifadə edib. Bu məsələdə Azərbaycanla əməkdaşlıq şəraitində və birgə hərəkət edirik. Hər məsələni hər səviyyədə ətraflı şəkildə müzakirə edirik. Bunu bir tərəfin digər tərəfi razı salmağa çalışması şəklində deyil, bərabər yapılan çalışma kimi görmək lazımdır. Azərbaycanı razı salmağa çalışdığımız yönündə mətbuatda yer alan xəbərlər doğru deyil. Ancaq Türkiyə bölgədə atılacaq hər addıma paralel olaraq əməkdaşlığın kompleks şəkildə inkişafına yönəlmiş hər addımı müsbət qiymətləndirəcək".
Türkiyənin Qars şəhərinin bələdiyyə başçısı Nevzat Bozkuş da Ermənistanla sərhəd qapısının açılması barədə suallara maraqlı cavab verib: "Qarabağ problemi həll edilmədikcə Ermənistanla sərhəd qapısının açılmasından söhbət gedə bilməz". Nevzat Bozkuş, həmçinin, ermənilərin Qarabağda soyqırım törətdiklərini və qardaş azərbaycanlıları diri-diri gözlərini oyaraq öldürdüklərini söyləyib.
Bəs ekspertlər bu barədə nə düşünürlər?
Siyasi şərhçi Azər Həsrət diqqətə çatdırdı ki, Minaların təmizlənməsi, özlüyündə, nəcib hərəkətdir: "Türkiyənin Ermənistanla sərhədindəki minaları təmizləməsi də o qəbildəndir. Qaldı ki, bunun hansısa siyasi nəticələrinə, düşünmürəm ki, nəsə fərqli bir şey baş verəcək. Mümkündür ki, ekspertlər bunu Ermənistanla sərhədlərin açılmasına hazırlıq kimi dəyərləndirsin. Ancaq mən o mövqeyi paylaşmıram. Bu, sadəcə sırf humanitar bir aksiyadır".
Hərbi ekspert Üzeyir Cəfərov vurğuldı ki, son vaxtlar mətbuatın diqqətini o qədər də cəlb etməyən bir proses sürət almaqdadır. Onun sözlərinə görə, bu, Türkiyənin Ermənistanla ilişkilərinin intensivləşməsi və Avropa İttifaqının rəsmi Ankaraya qarşı artan təzyiqlərindən ibarətdir: "Bütün bunlar onu deməyə əsas verir ki 2014-cü ildə iki dövlət arasında sərhəd qapılarının tam da olmasa, müəyyən hissəsinin, müəyyən məhdudiyyətlər çərçivəsində açılması gözləniləndir. Məhz bu məqsədlə də ərazilərin minalardan təmizlənməsinə artıq başlanılıb. Diqqət yetirdinizsə, işlər Türkiyə Baş Qərargahı və DİN-in birgə səyləri ilə həyata keçirilir. Bu isə o anlama gəlir ki, Türkiyə siyasi rəhbərliyi, artıq öz qərarını verib. Aydın məsələdir ki, indi burada ən müasir xəbərdarlıq sistemi tətbiq olunacaq. Sərhəddin qeyri-qanuni keçilməsi ilə bağlı istənilən halın qarşısının alınması üçün isə 26 axtarış-müşahidə avtomobili daim fəaliyyətdə olacaq. Göründüyü kimi, layihənin büdcəsi üçün də böyük maliyyə vəsaiti ayrılıb. Təqribən 53 milyon avro dəyərində bir rəqəm. Elə məbləğin dörddə üç hissəsinin Avropa İttifaqının büdcəsindən gələcəyi haqda bir fikir də kifayət qədər məsələnin hansı səviyyədə həl edilməsinə açıq dəlalətdir. İndiyə kimi Qarabağla bağlı Ermənistanın işğalçılıq siyasətinə qarşı çıxan qardaş Türkiyə məcburən bu addımı atmalı olacaq ki, öz milli maraqlarını təmin etsin. Bu isə, bizim üçün nə qədər acı bir xəbər olsa da, reallıqla barışmaqdan başqa yolumuz qalmır".
Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KafkasSAM) rəhbəri, politoloq Hasan Oktay isə bildirdi ki, 2015-ci il qondarma erməni soyqırımı ilə bağlı Türkiyəyə qarşı ermənilər və Ermənistan üzərindən həmlələri önləmək üçün beynəlxalq təşkilatlarla bağlı bir proses reallaşdırmaq istəyir: "Türkiyə almağı düşündüyü tədbirləri dərəcələndirib və bir sıralamaya qoyub. Xarici siyasətdə ortaya çıxan problemlərin çözüm yolları - ssenariləri üzərində çalışılır. Sərhəddə minaların təmizlənməsi 2015-ci il gözləntiləri gerçəkləşməyəcək ermənilərin ölkəni kütləvi halda tərk edəcəklərinə də bir hazırlıqdır. Yəni ermənilər 2015-ci ildən sonra Ermənistandan kütləvi surətdə qaçacaqlar. Bu olayı AKP iqtidarının erməni sevdası gimi qələmə verməkdənsə bölgədəki prosesləri daha dərindən izləmək gərəkdir. Qarabağ müharibəsinin başlamamsı belə Ermənistanda yaşayan xalqın oradan qaçması üçün səbəbdir. Müharibə başqa, insani yardım isə başqa anlayışlardır".
Politoloq Rasim Musabəyovun sözlərinə görə isə, Türkiyənin bu addımı atması normal haldır: "Rəsmi Ankaranın sərhədlərdən minaları təmizləyəcəyini bildirməsi normal haldır. Çünki necə ki, Türkiyə ilə digər ölkələr arasında mina yoxdur. Eləcə də Ermənistanla sərhədlərə mina düzmək mənasızdır". Türkiyənin xüsusi şərtləri müqabilində sərhədlərin açıla biləcəyini söyləyən politoloq inamsızlığını da vurğulayıb: "Ankara Ermənistanla sərhədi açacaq. Lakin bu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında geri çəkilməsindən sonra baş verəcək. Türkiyə öncədən bəyan edib ki, əgər Ermənistan Dağlıq Qarabağdan əl çəkərsə, o zaman aralarındakı sərhdləri aça bilər. Türkiyə həmişə Azərbaycanın yanında olub. Bundan sonra da mən hesab etmirəm ki, sərhədlərin açılması və yeni "Ankara Yol Xəritəsi" ilə bağlı olan fikirlər reallaşsın".

Əli