

Niyaməddin Orduxanlı: “Növbəti seçkilərdə Paşinyanın daha çox səs qazanacağı proqnozlaşdırılır”
“Simoyan birmənalı şəkildə haqlıdır. Xalq Köçəryan və Sərkisyan cütlüyündən 30 il ərzində çox ciddi narazı qalıb. Korrupsiya çirkabına bulaşmış bu cütlük Ermənistanda cinayətkar rejim qurmaqla yanaşı, dövlət büdcəsindən milyardlar oğurlayıb”.
“Xalq Cəbhəsi” xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq və Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Ermənistan parlamentinin spikeri Alen Simonyanın “Robert Köçəryan, Serj Sərkisyan və digər bənzər şəxslər qarşıdan gələn seçkilərdə bizə kömək edəcək. Onlar efirə çıxan kimi hakimiyyətin reytinqi yüksələcək”,- fikrini şərh edərkən deyib.
Onun sözlərinə görə, adıçəkilən hər iki şəxs xunta rəhbəri olub: “Onlar Qarabağ müharibəsinə görə və hər ikisi səhra komandiri olduqları səbəbindən prezident vəzifəsinə qədər qalxa biliblər. Təbii ki, həm də Rusiyanın dəstəyi ilə. Köçəryan hakimiyyətə gələn kimi Rusiyanın planı ilə spiker Dəmirçiyan və bır sıra vəzifəli şəxslər qətlə yetirildi. Sərkisyanın prezident seçilməsinə etiraz edən, dinc mitinqə çıxan onlarla şəxsi azadlıq meydanına qətlə yetirdilər. Bu və digər səbəblərə görə Köçəryan və Sərkisyan cütlüyü xalqdan səs qazana bilmir”.
Onun fikrincə, müharibədə uduzan Paşinyan növbədənkənar parlament seçkiləri keçirdi: “Halbuki Köçəryan və Sərkisyan cütlüyü də seçkiyə qatılmışdı. Növbəti seçkilərdə Paşinyan hakimiyyətinin daha çox səs qazanacağı proqnozlaşdırılır. Digər tərəfdən, bu gün Rusiyaya daha çox Paşinyanın hakimiyyətdə qalması sərf edir. Təsəvvür edin ki, Paşinyan hakimiyyətə gələndən sonra Rusiya-Ermənistan ticari əlaqələrinin həcmi 12 dəfə artıb. Hakimiyyətdə rusiyapərəst Köçəryan olsa idi, Qərb və ya ABŞ buna göz yumardı? Əlbəttə ki, yox. Çünki Paşinyanı hakimiyyətə Qərb gətirib. Putin bunları dəqiqliyi ilə hesablayır. Özünə sərf edən Paşinyanı öz məqsədləri üçün hələ ki istifadə edir”.