Avropa Parlamentinin üzvləri Ermənistandan tələb ediblər Siyasət

Avropa Parlamentinin üzvləri Ermənistandan tələb ediblər

"Mülki əhalini hədəfə almağı tez bir zamanda dayandırın"

Avropa Parlamentinin üzvləri fransalı Rəşidə Dati, sloveniyalı İvo Vayql və latviyalı İveta Qriqule Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat barədə mətbuata açıqlama veriblər.
Parlamentarilər Ermənistandan zorakılığı dayandırmağı və mülki şəxsləri hədəfə almamağı tələb ediblər:
"Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində iki mülki şəxs həlak olub. Biz qurbanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir və bütün Azərbaycan xalqına dəstəyimizi bəyan edirik".
Qeyd olunur ki, günahsız insanların ölümü, qeyri-insanı akt dayandırılmalıdır. Münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmalıdır. Zorakılıq heç vaxt həll yolu ola bilməz.
Açıqlamada bildirilir ki, ATƏT-in Minsk qrupu tərəflərdən hərbi aktları dayandırmağı tələb edir: "Biz isə ATƏT-dən mülki əhalinin müdafiəsi, eləcə də Azərbaycanın ərazi bütövlüyünə riayət edilməsi istiqamətində daha konkret öhdəlik götürməsini tələb edirik".
Parlamentarilər Ermənistandan əsassız və qeyri-qanuni siyasi tələblər üçün mülki əhalini hədəfə almağı tez bir zamanda dayandırmağı tələb ediblər.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.