“Layihələrin davamının gələcəyini gözləyirik” Siyasət

“Layihələrin davamının gələcəyini gözləyirik”

Bahar Muradova: "Yeniliklər cəmiyyətdə kök salmış bir sıra neqativ halların tədricən aradan qalxmasına çox gözəl şərait yaradacaq"

Prezident İlham Əliyev "The Business Year" nəşrinə müsahibəsində qarşıdakı dövrdə "ASAN xidmət"in funksiyalarının daha da genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib. Milli Məclis sədrinin müavini Bahar Muradova "Trend"ə açıqlamasında dövlət başçısının "ASAN xidmət" mərkəzi barədə fikirlərini şərh edib.
Onun sözlərinə görə, Azərbaycan çox qısa zamanda həm "ASAN xidmət"in daha geniş şəbəkəsinin, həm də buna bənzər yeni mexanizmlərin yaranmasına müəlliflik edəcək.
Bahar Muradova qeyd edib ki, "ASAN xidmət" Azərbaycan brendi, Azərbaycanın təqdim etdiyi yeni bir mexanizm, fəaliyyət sahəsidir: "Çox qısa zamanda fəaliyyət göstərməsinə baxmayaraq, "ASAN xidmət" Azərbaycan vətəndaşları arasında çox böyük populyarlıq əldə edib. Bu mərkəzə müraciət edənlər orada müəyyənləşdirilmiş xidmət sahələri üzrə hər hansı problemlə bağlı birmənalı olaraq müsbət əhval-ruhiyyə ilə ayrılırlar. İnsanlar burada bir sıra mövcud neqativ hallar və bürokratik əngəllərlə rastlaşmır, daha az vaxt itkisi ilə problemlərinin asan şəkildə həllinə nail olurlar. Müasir demokratik cəmiyyət quruculuğu ilə məşğul olan, vətəndaşların sosial rifahını, rahatlığını təmin etmək istəyən dövlətin hədəfləri də məhz budur".
Vitse-spikerin fikrincə, "ASAN xidmət"in tətbiqi təkcə Azərbaycan üçün deyil, bir sıra digər ölkələr üçün də mühüm əhəmiyyət kəsb edir: "Hesab edirəm ki, bu yenilik, bu xidmət "Asan hökumət" layihəsinin əsas nüvəsidir və bu brend region, eləcə də Avropa ölkələri üçün də çox böyük maraq kəsb edir. Bu mexanizm artıq Avropada da, regionda da çox böyük maraq və rezonans doğurub və bu təcrübədən yararlanmaq istəyənlərin sayı getdikcə artır".
B.Muradova hesab edir ki, bu xidmətin tətbiqi həm onun müəllifi olan Azərbaycan, həm də digər ölkələr üçün müsbət nəticə verə bilər: "Biz həmişə yeniliyi Avropadan, inkişaf etmiş ölkələrdən gözləməyə adət etmişik. Oradan bizim həyatımıza yeni nə daxil olursa, onun daha düzgün, daha müasir olduğu qənaətində oluruq. Amma indi hadisələr elə cərəyan edir ki, bu yenilik hazırda dinamik inkişaf yoluna qədəm qoymuş və heç bir kənar siyasi iradəyə, kənar dairəyə aid olmayan siyasət yeridən ölkədə - Azərbaycanda meydana gəlir və çox uğurla sınaqdan keçirilir. Bu, təkcə Azərbaycan üçün deyil, region ölkələri üçün də böyük maraq kəsb edir və təcrübədə çox müsbət nəticələr verə bilər".
Milli Məclis sədrinin müavinin fikrincə, belə proqressiv layihələrin və mezanimlərin həyata keçirilməsinin davamını da görmək mümkün olacaq: "Bu, həm də məmur-vətəndaş təmasının azalmasına, cəmiyyətdə kök salmış bir sıra neqativ halların və digər süni əngəllərin tədricən aradan qalxmasına çox gözəl şərait yaradacaq. Dünya ölkələrinin təcrübəsi göstərir ki, korrupsiya, rüşvət, bürokratik əngəlləri inzibati yollarla aradan qaldırmaq çətin olur. Belə yeni mexanizmlər isə öz-özünə bu problemləri istisna edib kənarlaşdırır. Ona görə də cənab prezidentdən belə layihələrin davamının gələcəyini də gözləyirik".