

Elman Nəsirov- 57
Bu bir həqiqətdir ki, respublikamız totalitar sovet rejimindən qurtlulan ölkələrdən biri olsa da, hələ də tam demokratikləşməyib. Bizdə bu ənənə əvvəllər olmadığından demokratiya deyəndə, məcbur olub özümüzü qərb ölkələri ilə müqayisə edirik. Və istəyirik ki, bu sahədə yüz illiklərlə ənənsi olan amerika-avropa ölkələrini də ötüb keçək. Bu isə belə qısa zamanda heç vaxt baş verə bilməz. Bunun üçün zaman tələb olunur...
Bəli, hər bir məmur, iş adamı, eləcə də digərləri yaşayıb çalışdığı sistemin bir “diyircəyidir”. Əgər bu “diyircək” sistemin- işlək mexanizmin çalışmasına mane olursa, onu yenisi ilə əvəzləmək məcburiyyəti yaranır. Haqqında danışmaq istədiyim iki sahə üzrə- siyasi və fəlsəfə elmləri doktoru Elman Nəsirov da bu sistemin “diyircəklərindən” biri- parlamentin üzvüdür. O, öz təyinatını icra edir...
Elman Nəsirov 23 may 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində dünyaya gəlib. 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil aalaraq, oranı fərqlənmə diplomu ilə bitirib. 1995-2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olub. Eyni zamanda həmin kafedrada çalışıb. 2001-ci ildə "Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. 2011-ci ildə isə "ABŞ və beynəlxalq terrorizm problemi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və siyasi elmlər doktoru elmi dərəcəsinə yüksəlib. Rus, türk və ingilis dillərini bilir...
Bir insan kimi səmimi və mehribandır. Bəzən səmimiyyəti ona elə bir güc gəlir ki, söylədiklərini kontekstdən çıxarmağa səy göstərənlərə şərait yaradır. “Əsgərlərimizdən qorxduğu üçün, ermənilər səngərlərində əyilib gəzirlər.”- bu sözlər ona məxsusdur. Şahidi olmamışam, amma eşitmişəm. Bəlkə də, o bununla demək istəyib ki, düşmən Azərbaycan əsgərindən qorxub təlaşa düşür. Amma fikirini dolğun ifadə etmədiyi üçün qınaq hədəfinə çevrilib. Doğrudur, onun barəsində buna bənzər bir sıra söhbətlər də var, amma bu o demək deyil ki, o pis adamdır. Necə deyərlər, çoxları elə bilir ki, qaranlıqda işıq olmur. Qaranlıqdakı işığı görmək üçün bir qədər səbirli olmaq lazımdır. Bəli, səbir edən qaranlıqda da işığı görə bilir...
Deyir ki:- “Sosial şəbəkə istifadəçilərinə üzümü tutub demək istəyirəm: bir özləri fikirləşsinlər ki, gün ərzində boş yerə nə qədər vaxtlarını sərf edirlər. Bir onun hesabatını aparsınlar. Görəcəklər ki, saatlarla klaviratura arxasında ona bir söz yazırlar, buna bir söz yazırlar. Onunla, bununla bağlı qanunazidd hərəkətlər edirlər. Yəni, çox dərinə getmək istəmirəm. Ancaq bunun qarşılığında saat yarım vaxt ayırmaq lazımdır. Biz deputatlar fəal həyat tərzi keçiririk. Bir sıra tədbirlərimiz olur, seçiçilərimizlə görüşürük və sair. Bəzən fəal həyat tərzinə orqanizm dözmür. İnsan çox yorulur, əzgin olur...”
Tələbə vaxtlarında trenajor zallarına gedib, son illər isə üzgüçülüklə məşğul olur. Sağlamlığına ciddi yanaşır.
“Milli mətbəximizin yağlı yeməklərinə, kabablarına maksimum iki həftədə bir dəfə özümə icazə verirəm. Günorta saatlarında yağlı yeməklər yeyirəm, ancaq axşam yemirəm. Çünki yeyəndə özümü pis hiss edirəm. Yuxum da qaçır, normal yata da bilmirəm. İçkilərə gəldikdə isə ancaq qazsız su içməyə üstünlük verirəm. İdman sağlamlıqdır. İdmanla məşğul olandan sonra insanın sanki ruhu təmizlənir. Sanki insanın potensialı, imkanları genişlənir. İdmanla məşğul olan insanlar həm də təbiətən sakit olurlar. İdman sanki insanı neqativ hərəkətlərdən çəkindirir, insanı mənən tərbiyə edir, özünə güvəncli edir. Ümumiyyətlə, pis adətlərdən, vərdişlərdən uzaq durmaq lazımdır. Çünki son nəticədə o insanı məhvə aparır. Cəmiyyətdə də, ailədə də hörmətsiz edir. Əyyaş həyat tərzi keçirən insanın gələcəyi necə ola bilər? Gənclərə xitabən söyləyirəm ki, mənim kimi siz də idmana gəlin. İdmanla məşğul olun. Bu, həm də sizin fəaliyyətinizdə ciddi nailiyyətlər qazanmağınız üçün çox önəmli məsələdir.”- söyləyir.
Mübahisə etməkdən xoşu gəlməsə də, bəzən televiziyalarda siyasi polimikalara qoşulur. Bir çox deputatlar kimi, müxalifətdə olan siyasilərlə çəkişmədən qorxmur. Bacardığı, bildiyi qədər təmsil etdiyi sistemi müdafiə edir. Ümumiyyətlə çox sadə adamdır. Təkəbbürdən, dikbaşlıqdan uzaqdır. Dərin savadı var, araşdırmaçı olduğundan çox məsələdən halidir...
Seçicilərindən biri mətbuatda yazır: ““Elə insanlar var ki, onlar haqqında yazmaq, söz demək çox çətindir. Çətinlik ondadır ki, bu insanların fəaliyyət dairəsi, gördüyü işlər, vətənə, xalqa xidmətləri elə ölçüdə, elə yüksəklikdədir ki, bütün bunları əhatə etmək, göstərmək müşkül məsələdir. Belələri az zaman kəsiyində elə dəyərli, elə qiymətli işlər görürlər ki, bu, kimdəsə təəccüb, kimdəsə də qibtə hissi yaradır. Təbii ki, belə insanlar çox azdır. Belə insanlardan biri də Elman Nəsirovdur. Azərbaycanda bu gün onu hamı tanıyır. Hər kəs televiziya, radio dalğalarında, mətbuat səhifələrində onun çıxışlarını dinləyir və ya oxuyur. Həm də təkcə ölkəmizdə deyil, vətənimizin sərhədlərindən çox-çox uzaqlarda da onu tanıyır, sevir və qiymətləndirirlər. Onu sevənlər və ona rəğbət bəsləyənlər uzun illərdir ki, bu adamı istər peşəkar alim kimi məşğul olduğu sahədə- müəllimlikdə, istərsə də siyasətşünas, beynəlxalq icmalçı kimi fəaliyyət göstərdiyi ictimai-siyasi prosesdə aparıcı şəxslərdən biri kimi dəyərləndirirlər. Bəli, bu şəxs çox gənc yaşlarından ali məktəb auditoriyasında geniş ictimaiyyət qarşısında çıxışlar edən, mühazirələr söyləyən siyasi elmlər doktoru, professor Elman Xudam oğlu Nəsirovdur...”
Nə isə, onun haqqında bir söhbətdə geniş məlumat vermək çətin olduğundan vaxta qənaət edib söhbətimi burada yekunlaşdırıram. Məqsəd təbliğ etmək yox, onu yeni yaşı münasibətilə təbrik etməkdir. Axı, mayın 23-də professorun 57 yaşı tamam olur. Təbrik edirəm!
Hörmətlə, Elman Eldaroğlu