XİN: Türkmənistan və Azərbaycan arasında ikitərəfli dialoqun inkişafı önəm daşıyır Siyasət

XİN: Türkmənistan və Azərbaycan arasında ikitərəfli dialoqun inkişafı önəm daşıyır

Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Türkmənistan və Azərbaycan arasında ikitərəfli dialoqun inkişafı xüsusi önəm daşıyır.

Nazir müavini Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə birləşdirən ortaq cəhətlərdən, habelə energetika və mədəniyyət sahələrində əlaqələrin səviyyəsindən bəhs edib.

İyunun 9-da ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 33-cü il dönümünün qeyd edildiyinə toxunan diplomat Türkmənistan və Azərbaycanın qarşılıqlı olaraq ərazi bütövlüyü prinsipinə dəstəyini yüksək qiymətləndirib, eləcə də iqtisadi əlaqələrə toxunub:

"Xəzər dənizi vasitəsilə enerji resurslarının ötürülməsində ölkələrimiz mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev 2023-2024-cü illərdə Qazaxıstan və Tacikistana səfərlər edib. Bu, region ölkələri ilə uğurlu əməkdaşlığın məntiqi nəticəsidir. 2017-ci ildə ölkələrimiz arasında imzalanan Strateji Tərəfdaşlıq Haqqında Bəyanat strateji tərəfdaşlığa yol açıb. Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclaslarının mütəmadi olaraq keçirilməsi əlaqələrimizin daha da genişləndirilməsinə xidmət edir. Bu məqsədlə birgə fəaliyyətin gücləndirilməsi önəmlidir. Xəzər dənizi bizim ölkələrimizi birləşdirən faktordur. Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. İki ölkə arasında nəqliyyat sektorunda əməkdaşlıq uğurla genişləndirilir. Bu sahədə limanlar vasitəsilə yükdaşımalar həyata keçirilir. Dünyada enerjiyə artan ehtiyac mövcud potensialımızdan daha geniş istifadəni labüd edir. İqlim dəyişikliyi və alternativ enerji sahəsində əməkdaşlıq istiqamətində mühüm işlər görülür. Bizim iqlim dəyişikliyi ilə mübarizədə ortaq maraqlarımız əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək. Mədəniyyət sahəsində əməkdaşlıq davam edir. Beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığımız uğurla davam edir”.

Samir Şərif vurğulayıb ki, ölkələr arasında həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikitərəfli qaydada dialoqun inkişafı xüsusi önəm daşıyır.