Həmsədrlərin növbəti səfəri Siyasət

Həmsədrlərin növbəti səfəri

Əli Həsənov: Mənasız səfərlərdən insan bezməlidir. Onlar bezmirlərmi?
Qabil Hüseynli: "Status-kvonun dəyişdirilməsi istiqamətində müəyyən təkidlər edildiyinin şahidi olmaqdayıq"

Mayın 17-də regionda növbəti səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağda olublar. Həmsədrlər Dağlıq Qarabağa Kəlbəcərdən gedib, orda sakinlərlə görüşüblər. Həmsədrləri qondarma Dağlıq Qarabağın xarici işlər naziri Karen Mirzoyan müşayiət edib. Həmsədrlər Laçın rayonunda da olublar. Onlar separatçıların lideri Bako Saakyanla da görüşüblər. Görüşün əvvəlində Saakyan fransalı yeni həmsədr Pyer Andrieni təbrik edərək onun Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak edəcəyin ümid etdiyini söyləyib.
Münaqişənin həllinə toxunan Saakyan qeyd edib ki, müstəqillik və azadlıq Dağlıq Qarabağ üçün müstəsna dəyərlərdir və həm status, həm də sərhədlər məsələsində keçmişə dönüş mümkün deyil.
Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsi tərəflərini su resurslarından birgə istifadə etməyə çağırıb. Uorlik öz "twitter" səhifəsində Sərsəng su anbarının şəklini paylaşaraq "Bu, Sərsəng su anbarıdır. Tərəflər su resurslarından birgə istifadə edə bilsəydilər, bu, müsbət addım ola bilərdi",- deyə qeyd edib.
Onu da əlavə edək ki, həmsədrlərə işğal altında olan Laçında ermənilər siyasi tamaşa göstəriblər. Ermənilər Ceyms Uorlikdən tələb ediblər ki, yenilənmiş Madrid Prinsiplərinə daxil olan qaçqınların öz yurd-yuvasına qayıtması ilə bağlı müddəa sənəddən çıxarılsın.
Səfər zamanı avtomobilinin qarşısını əllərində plakat tutmuş bir qrup erməni kəsib. Yolu bağlayan aksiyaçılar əllərində "Bura bizim torpağımızdır, onu heç kimə vermərik!", "Demokratik prinsiplərə hörmət edin!", "Bir qarış da torpaq vermərik!?, "Artsax torpağında xarici əsgərlərə yox!", "Biz öz seçimimizi 1991-ci ildə etmişik!" kimi şüarlar yazılmış plakatlar tutublar.
Ceyms Uorlikin Laçında ermənilərin təzyiqinə məruz qalmasına Azərbaycan XİN-dən də münasibət bildirilib.
XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev erməni tərəfinin dəfələrlə müxtəlif təxribatlara əl atdıqlarını söyləyib. O, qeyd edib ki, erməni tərəfi münaqişənin həll edilməsinin yubadılması və status-kvonun möhkəmləndirilməsi istiqamətində müxtəlif addımlar atmağa cəhd ediblər: "Beynəlxalq ictimayyət münqişənin həllinə mane olan tərəfin kim olduğunu daha yaxından görməlidir. Biz daimi olaraq Ermənistanın sülhə məcbur edilməsi ilə bağlı beynəlxalq ictimayyət qarşında məsələ qaldırırıq. Ermənistan sülhə məcbur edilməyənə qədər öz qeyri konstruktiv mövqeyində duracaq. Ermənilər özlərini məzlum göstərməyə çalışırlar. Əslində məzlum olan şəxslər öz tarixi torpaqlarından qovulan insanlardır. İnsanların öz ata-baba yurdlarına qayıtmaq haqqları var".
Baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin problemləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu səfərə münasibət bildirərkən "ATƏT-in Minski qrupunun həmsədrləri tez-tez qarşılıqlı etimadın zəruriliyindən danışırlar. Belə olan halda niyə bölgəyə səfər zamanı Azərbaycanda məcburi köçkünlərlə görüşmürlər?",- deyə bildirib. Əli Həsənov bildirib ki, işğal olunmuş ərazilərə məcburi köçkünlər qayıdacaqlar, ona görə də qarşılıqlı etimad məhz onlarla bağlı olmalıdır: "Həmsədrlər yalnız bir dəfə - 2001-ci ildə Ağdamdan olan məcburi köçkünlərlə görüşüblər. Ondan sonra bu yöndə hər hansı görüş olmayıb və bu, bir çox sual doğurur".
Baş nazirin müavini həmsədrlərin Laçın və Kəlbəcərə səfərlərindən hər hansı nəticə gözləmədiyini deyib: "2005 və 2010-cu illərdə ATƏT-in faktaraşdırıcı missiyalarının bölgəyə səfərləri olub və onlar yalnız işğal olunan ərazilərə ermənilərin köçməsi faktını qeydə almaqla kifayətləniblər. İndi də yəqin ki, gəlib həmin ərazilərdə Suriyadan ermənilərin köçürüldüyünü görəcəklər. Ancaq bu nəyi dəyişəcək? Mənasız səfərlərdən insan bezməlidir. Onlar bezmirlərmi? Həmsədrlər nəhayət ki, münaqişənin həlli istiqamətində qərar verməlidirlər".
Əli Həsənov bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səyləri səmərəsizdir: "Bəyəm qarşılıqlı etimad bizdə olmayıb ki, onlar yenidən bu məsələni ortaya atıblar. Ermənilər ən gözəl yerlərdə yaşayıb və bütün yüksək vəzifələrdə təmsil olunublar. Ermənilər azğın kimi bizə qonşu olan ölkələrin hər birində yaşayırlar, onlar Laçın rayonunu işğal edərək Dağlıq Qarabağa dəhliz açdıqlarını deyirlər. Bizim azərbaycanlılar dünyanın hər bir yerində yaşayırlar. Onda gərək bizdə onlardan humanitar dəhliz tələb edək? Bu gün Azərbaycan Prezidenti Dağlıq Qarabağla bağlı beynəlxalq iyrənc siyasəti görərək ölkəmizin rolunu müəyyənləşdirib. Bu iqtisadiyyatımızın inkişafı və ordumuzun gücləndirilməsidir. Bu gün dünyada ədalətsizliklər baş alıb gedir. Hər bir həmsədr sadəcə olaraq ölkəmizə turist səfəri edir. Onlardan uğurlu hansısa fəaliyyət gözləməyə dəyməz".
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev isə deyib ki, Laçında Minsk Qrupu həmsədrlərinə qarşı ermənilərin reaksiyası danışıqlara təsir edə bilməz. Həmin aksiyanı siyasi oyun adldaqdıran deputat bildirib ki, bu cür hərəkətlər dünya ictimaiyyətinə erməni yalanının göstərmək üçün idi: "Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasının üzvləridir. Dağlıq Qarabağın azərbaycanlı icması gələcəkdə orada bir yerdə yaşayacaq".
Politoloq Qabil Hüseynli ATƏT-in Minsk Qrupu həmsədrlərinin səfərinin perspektivini şərh edərkən deyib ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış status-kvonun dəyişdirilməsi istiqamətində müəyyən təkidlər edildiyinin şahidi olmaqdayıq: "ABŞ tərəfi bu məsələ ilə bağlı bəyanat verərək mövqeyini açıqladı və Dağlıq Qarabağdan kənardakı 7 rayonun Azərbaycana qaytarılmalı olduğunu bildirdi. Azərbaycanda Minsk Qrupunun həmsədrləri, xüsusilə ABŞ tərəfi 7 rayonun azad edilməsi məsələsini mütləq müzakirə obyektinə çevirməyə çalışacaq. Eyni zamanda, qondarma Dağlıq Qarabağ "respublikası"na keçici statusun verilməsini gündəmə gətirəcək". Ekspertin sözlərinə görə, bu cür açıqlamalar mühüm əhəmiyyətə malikdir. Məsələlərin "Madrid prinsipləri"ndə də öz əksini tapdığını bildirən politoloq indiki proseslər nəticəsində bunun daha da aktuallaşdığını qeyd edib.
Onun fikrincə, Bakıda 7 rayonun geri qaytarılması və Laçın dəhlizi üzərində Azərbaycan hakimiyyətinin nəzarətini bərqərar edilməsi şərti ilə Dağlıq Qarabağa keçici statusun verilməsi məsələsi müzakirə oluna bilər: "Azərbaycanın işğal altındakı rayonlarında Suriyadan gələn ermənilər məskunlaşdırılır. Bütün bunları nəzərə alaraq söyləmək mümkündür ki, həmsədrlərin üzərinə çox böyük vəzifələr düşür. Həmsədrlər, sadəcə vasitəçilik missiyası yerinə yetirməklə proseslərin axara düşəcəklərinə əmin ola bilməzlər. Onlar işğalçı dövlət Ermənistandan nəyisə tələb etməyi də bacarmalıdırlar".
Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin bir müddət əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli bəyanatlar səsləndirdiyini xatırladan Qabil Hüseynli sonradan onun mövqeyində dəyişiklik olduğunu bildirib. Analitik hesab edir ki, ABŞ-ın Dağlıq Qarabağa dair müəyyən korrektləri Uorlikə də təsirsiz ötüşməyib: "Bundan sonra ABŞ 7 rayonun qaytarılmasını tələb etdi və bu Ermənistanda panik bir əhval-ruhiyyə yaratdı. Minsk Qrupunun digər həmsədr ölkəsi Fransada Qarabağ problemində müəyyən tərəddüdlər var. Amma buna baxmayaraq o da bölgədə mövcud vəziyyətin dəyişməsində və sülhün yaranmasında maraqlıdır. Digər həmsədr dövlət Rusiyanın isə mövqeyində dəyişiklik edilməsi ilə bağlı Azərbaycan tərəfi müəyyən diplomatik danışıqlar aparır. Ancaq Rusiya və ermənilərin əhval-ruhiyyəsini tam dəyişdirmək və bu dəyişikliklər zəminində sülhyaratma prosesinə vüsət vermək zamanı hələ yetişməyib. Lakin bu prosesin faydalılıq əmsalını artırmaq üçün ilkin iqtisadi, siyasi şərtlər var".

Əli