Deputat: Azərbaycanda öz vətənpərvərliyi ilə fərqlənən mətbuat formalaşıb Siyasət

Deputat: Azərbaycanda öz vətənpərvərliyi ilə fərqlənən mətbuat formalaşıb

“Azərbaycanda əsl jurnalistika dəyərlərinə söykənən, öz peşəkarlığı, vətənpərvərliyi və demokratikliyi ilə fərqlənən mətbuat formalaşıb”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat bildirib ki, müstəqil Azərbaycan mətbuatının tərəqqisi və inkişafı Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır: “1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı, həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində medianın inkişafında böyük uğurlar əldə olunub”.
O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin siyasətini davam etdirərək, medianın inkişafı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirib.

Millət vəkili bildirib ki, qloballaşma prosesinin özü ilə birlikdə gətirdiyi yeni reallıqlar, eyni zamanda, dünyada baş verən mürəkkəb proseslər medianın daha çevik fəaliyyətini zəruri edir. Süni intellektin tətbiqi, rəqəmsal texnologiyaların sürətli inkişafı, sosial medianın ictimai rəyə təsir imkanlarının güclənməsi kimi amillər mətbuatın tarixində yeni reallıqlara transformasiya dövrünün başladığını göstərir: “İndi medianın fəaliyyəti yalnız məlumatlandırma və maarifləndirmə kimi mühüm vəzifələri yerinə yetirməkdən ibarət deyil. Bir çox hallarda cəmiyyətin müxtəlif təbəqələri arasında konsensusun formalaşmasında, münaqişələrin və ziddiyyətlərin aradan qaldırılmasında kütləvi informasiya vasitələri fəal iştirak edir. Bu baxımdan, Azərbaycan jurnalistləri olduqca çətin bir missiyanı uğurla yerinə yetirirlər. 44 günlük Vətən müharibəsində media nümayəndələrinin göstərdiyi fədakarlıq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, Ermənistanın dinc sakinlərə qəddar hücumları barədə faktların təqdim olunmasında mühüm rol oynadı”.

Soltan Məmmədov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə mətbuatımızın fəaliyyətini yüksək qiymətləndirib: “Cənab Prezident forumda sualları cavablandırarkən qeyd etdi ki, bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Dövlət başçımız vurğuladı ki, mediamız lazım gəldikdə hücuma da keçir. Düşünürəm ki, bu, mediamızın, jurnalistlərimizin fəaliyyətinə verilən yüksək qiymətdir. Mətbuatın milli maraqlarımızın qorunmasında nə qədər mühüm rol oynadığını bir daha təsdiq edir. Ona görə də əminliklə demək olar ki, Azərbaycan mediası öz fəaliyyətini müasir dövrün çağırışlarına cavab verən, dövlətimizin, cəmiyyətimizin maraqlarına uyğun strateji xətt üzərində qurub”.