

“Şuşa Qlobal Media Forumunda vacib məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı oldu. Cənab Prezident bu dəhlizin regionda sülhə, iqtisadi inkişafa töhfə verməklə yanaşı, bir çox ölkələri birləşdirən bir körpü olacağını da dedi. Prezident bildirdi ki, həm dəmir yolu, həm avtomobil yolunun keçəcəyi dəhliz təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini nəzərdə tutmur, həm də özündə Orta dəhlizin və eləcə də Şimal-Cənub dəhlizinin vacib komponentini birləşdirən beynəlxalq tranzit dəhlizini ehtiva edir. Azərbaycan olaraq bu istiqamətdə xeyli işlər görüldüyü məlumdur”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
Onun sözlərinə görə, ölkəmiz nəqliyyat və logistika infrastrukturuna çox fəal şəkildə sərmayə qoyub və qoymaqda davam edir: “Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib. Onun yükqaldırma qabiliyyəti 25 milyon tona çatdırılır. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir”.
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev Forumdakı çıxışında Ermənistanla sülh prosesinə dair mövqeyini də bir daha diqqətə çatdırmış oldu: “Ölkə başçısı bir daha açıq şəkildə bəyan etdi ki, sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməli və Azərbaycana qarşı ərazi iddialarına son verilməlidir. Eyni zamanda, artıq funksiyasını itirmiş ATƏT-in Minsk qrupunun da ləğvi zəruridir. Hesab edirəm ki, bunlar gələcəkdə iki ölkə arasında etimad mühitinin yaranması üçün mühüm addımdır. Dövlətimizin başçısı bildirib ki, sülh sazişinin əsas mətni artıq razılaşdırılıb və bu sənədin paraflanma mərhələsi də Azərbaycan tərəfindən təklif olunub. Bu isə onu göstərir ki, Azərbaycan tərəfi regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın bərqərar olması üçün səmimi şəkildə sülhə çalışır”.
Röya İsrafilova