Türkiyə Ali Məhkəməsinin Baş prokuroru: Məqsədimiz Azərbaycan və Türkiyəni bölgənin sülh mərkəzinə çevirməkdir Siyasət

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru: Məqsədimiz Azərbaycan və Türkiyəni bölgənin sülh mərkəzinə çevirməkdir

Məqsədimiz Azərbaycan və Türkiyəni bölgənin sülh mərkəzinə çevirməkdir.

“Report”un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdən sonra mətbuata açıqlamasında bildirib.

Baş prokuror deyib ki, azərbaycanlı həmkarının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməkdən qürur duyur:

“Dəvətimizi qəbul edib gəldiklərinə görə öz təşəkkürümü bildirirəm. Ölkələrimiz bütün sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları üzrə sıx əməkdaşlıq edirlər. Türk milləti həmişə sülhün tərəfində olub. Məqsədimiz bu əməkdaşlıqları daha yüksək səviyyəyə çatdırmaq, hər iki ölkəni bölgənin mərkəzinə çevirməkdir”.

Baş prokuror deyib ki, Türk dövlətləri ilə əlaqənin qurulmasında Türkiyə və Azərbaycan aparıcı rol oynayır:

“Biz Türk milləti və Türk dövlətləri əslində 354 milyonluq bir ailəyik. Baxın, dünya birliyə, həmrəyliyə, ittifaqlara doğru gedir. Biz də eyni dili, eyni mədəniyyəti, eyni tarixi paylaşırıq. Ona görə də bizim möhkəmlənən əlaqələrimiz birliyimizi gücləndirir. Keçən il iki dəfə Azərbaycanda oldum və bizi çox yüksək qonaqpərvərliklə qarşıladılar. Mən qardaş Azərbaycana gedəndə özümü doğmalarımın arasında hiss edirəm. Ona görə də bu perspektivdə əlaqələrimiz günü-gündən inkişaf edir və bu bizə stimul verir”.

Qeyd edək ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyev Türkiyədə səfərdədir.