

SOCAR-ın Karbamid zavodunda bu il 660 min karbamidin istehsal olunması planlaşdırılıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Milli Mətbuatın yaranmasının 150 illiyi münasibətilə təşkil olunmuş media-tur çərçivəsində zavodun istehsalat şöbəsinin rəisi Şöhrət Mirzəyev bildirib.
Onun sözlərinə görə, ötən il zavod 652 min karbamid istehsal edib və cari ildə qeyd olunan göstəricini üstələmək planlaşdırılır.
"Lakin biz istəyirik ki, layihə həcmlərinin üzərinə çıxaq, 660 min tondan daha artıq həcmlər istehsal edək", - şöbə müdiri bildirib.
Şöhrət Mirzəyev qeyd edib ki, zavodda istehsal olunan məhsul ölkənin karbamidə olan tələbatını tam ödəyir və məhsulun 20-30%-i daxili bazara yönəldilir.
Şöbə müdiri onu da vurğulayıb ki, hazırda zavodda istehsal olunan karbamid Gürcüstan, Türkiyə və bir sıra Qara dəniz və Avropa ölkələrinə ixrac olunur. Mütəmadi olaraq Azərbaycan istehsalı karbamid Şimali və Cənubi Amerika ölkələrinə də çatdırılır.
"Nəqliyyat xərclərinin azaldılması məqsədi ilə məhsulun daha yaxın ölkələrə ixrac olunmasına üstünlük verilir", - Şöhrət Mirzəyev qeyd edib.
Xatırladaq ki, Azərbaycanın karbamidə olan tələbatı SOCAR-ın Karbamid zavodu tərəfindən təmin edilir. Təməli 2011-ci ildə qoyulan Karbamid zavodunun açılış mərasimi 16 yanvar 2019-cu il tarixində baş tutub.
Zavod istismara verildiyi dövrdə ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə olub. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına həyata keçirilib. Daha sonra Cənubi Koreyanın İxrac-idxal Bankından (KEXIM), habelə “Societe Generale” (Fransa), “Deutsche Bank” (Almaniya) və “UniCredit” (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Həmçinin, layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədilə SOCAR tərəfindən, təxminən, 100 milyon avro məbləğində vəsait ayrılıb.
Karbamid zavodu il ərzində 435 milyon m³ təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücünə malikdir. Zavod istismara verilənədək azot gübrələri Azərbaycana idxal edildiyi halda, hazırda bu müəssisə həm daxili bazarın tələbatını tam ödəyə bilir, həm də istehsal etdiyi məhsulun 70%-dən çox hissəsini ixrac edir. Nəticədə daha əvvəl idxal üçün sərf edilən milyonlarla valyuta vəsaiti ölkədə qalır, eyni zamanda ölkənin qeyri-neft ixrac gəlirlərini artırır.