

“Dünya xəritəsinə baxdığımız və strateqlərin beynəlxalq münasibətlərlə bağlı fundamental kitablarını oxuduğumuz zaman Cənubi Qafqaz regionunun geosiyasi və geostrateji əhəmiyyətinə görə olduqca vacib bir coğrafiyada yerləşdiyini, məhz bu regionun düyün nöqtələrindən biri olduğunu görürük. Regionun gələcəyi ilə bağlı qarşıda dayanan iki yol mövcuddur. Bunlardan biri konfliktlərin davam etdirilməsi, siyasi maraqların dominantlıq təşkil etməsidirsə, digəri onların zamanla aradan qaldırılaraq bölgənin vermiş olduğu imkanlardan da yararlanaraq iqtisadi maraqların üstünlük təşkil etməsidir. Zənn edirəm ki, bölgəmiz nə qədər iqtisadi layihələrlə “hörülsə” anlaşmazlıqlar da silahlardan, güc amilindən aralanıb, masalar üzərində bir o qədər dayanıqlı qərar tutar. Bu çətin missiyanı isə üzərinə götürən Azərbaycan Lideridir. Bu məsələyə verilən önəmin də Azərbaycan Prezidenti olduğunu Rəcəb Tayyib Ərdoğan bir daha vurğuladı ki, dövlət başçımız məsələlərin tez bir zamanda icrasında və yekunlaşmasında maraqlıdır”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Deputat qeyd edib ki, istər Şimal-Cənub, istərsə də Şərq-Qərb marşrutlarının mərkəzi nöqtəsi məhz Azərbaycandır: “III Şuşa Qlobal Media Forumunda da dövlət başçımız bildirdi ki, sahib olduğumuz coğrafi mövqeyi yaxşı məqsədlər üçün istifadə etməliyik. Bu yola artıq çıxılıb. Azərbaycan, Mərkəzi Asiya və Avropa ölkələri arasında imzalanmış sənədlər artıq ondan xəbər verir ki, Azərbaycan qovşaq olacaq. Biz həm də Qlobal Cənub və Qlobal Şimal arasında körpü rolunu oynayırıq. Zəngəzur dəhlizi böyük bir layihədir. Burada sadəcə Azərbaycan və Türkiyənin maraqlı olmadığı kimi Ermənistan kimi dövlətin də onun qarşısını almaq cəhdləri minimaldır. Bəzi məsələlərdə gecikmənin özü belə Ermənistandan asılı deyil. Ermənistan burada lazımi məqamlarda istifadə edilən vasitələrdən sadəcə biridir. Dəhlizlə bağlı müraciət edilən tərəf Azərbaycandır. Zəngəzur dəhlizi sadəcə Naxçıvanın Azərbaycanın əsas hissəsinə birləşdirilməsi demək deyil. Cənab Prezident İlham Əliyevin də bildirdiyi kimi bu beynəlxalq tranzit dəhlizidir. Bu yolda tranzit daşımalarının həcmi artır, rəqəmsallaşma, gömrük inzibatçılığı prosesi davam edir”.
A.Badamovun sözlərinə görə, bu böyük arteriya bir çox dövlətlərin marağındandır və onların hər birini birləşdirəcək körpüdür: “Paralel olaraq Xəzər dənizinə çıxacaq Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu yenidən tikilir. Bir neçə qoldan ibarət olacaq Zəngəzur dəhlizinə gedən yolda Ermənistan son beş ildir ki, heç nə etmir. Ermənistana zamanında da Azərbaycan təklif etmişdi ki, tranzit imkanlarından yararlansın, indi də öz boş ambisiyalarını kənara qoyub fürsətdən yararlanmasa nəinki nəqliyyat, hətta siyasi təcridə də düşəcək. Dəhlizin potensialı ilkin etapda 15 milyon ton yük səviyyəsində dəyərləndirilir”.
Deputat həmçinin deyib ki, dəhlizdən uduşlu çıxacaq tərəflər sadəcə Azərbaycan və Türkiyə deyil: “Dəhliz Rusiyanın, İranın, Mərkəzi Asiyadan Avropaya, Avrasiyaya qədər böyük bir regionun önündə nəhəng persperktivlər açır, xalqların rifahının daha da yaxşılaşmasına xidmət edir. III Şuşa Qlobal Media Forumunda cənab Prezident İlham Əliyevin dəhlizlə bağlı məlum fikirlərindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bənzər fikirləri ondan xəbər verir ki, xarici siyasətimiz koordinasiyalı şəkildə davam etməklə yanaşı, qətiyyətimiz də eynidir. Bütün məsələlər razılaşma yolu ilə həll edilməlidir. Azərbaycanın da, Türkiyənin də mövqeyi məhz bundan ibarətdir”.
Röya İsrafilova