İranın şimal qonşuları enerji sahəsində əməkdaşlığı möhkəmləndirməyə çalışır Siyasət

İranın şimal qonşuları enerji sahəsində əməkdaşlığı möhkəmləndirməyə çalışır

Azərbaycanla Türkmənistan Avropaya enerji ixracı sahəsində əməkdaşlığa başlayıb. Aralarında mübahisəli karbohidrogen yatağı ilə bağlı fikir ayrılığının olmasına baxmayaraq, onlar strateji tərəfdaş olduqlarını bəyan edib.
ISNA agentliyinin məlumatına görə, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bu günlərdə Bakıya rəsmi səfər edərək, azərbaycanlı həmkarı İlham Əliyev ilə görüşüb. İki gün davam etmiş səfər zamanı Türkmənistan və Azərbaycan prezidentləri müxtəlif regional məsələləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası, Xəzər dənizində yeni limanların yaradılması, bu dənizdən hasil olunan qazın Avropa bazarlarına nəqli yollarının genişləndirilməsi üçün birgə səylər haqqında müzakirələr aparıblar.
Tərəflər strateji tərəfdaşlıq haqqında memorandum da imzalayıb. İlham Əliyev iki ölkə əlaqələrinin ən yüksək səviyyədə olduğunu bildirib. Prezidentlər Xəzər dənizinin geniş beynəlxalq əməkdaşlıq üçün əlverişli bölgə sayılan Avrasiya məkanında uzunmüddətli sabitlik mənbəyinə çevrilməsi məsələsində həmfikir olduqlarını vurğulayıblar.
Lakin bütün bunlarla yanaşı, Xəzər dənizində hələ də həllini tapmayan sərhədlərin delimitasiyası məsələsi, eləcə də Azərbaycanın "Kəpəz", Türkmənistanın isə "Sərdar" adlandırdığı bir karbohidrogen yatağı iki ölkənin sərhdində yerləşdiyindən mübahisəli məsələlər olaraq qalır. İndiyədək hər iki tərəf bu yataqdan yararlanmağa çalışıb. Azərbaycan Dövlət Neft Şirkəti ilə Rusiyanın "RosNeft" və "Lukoyl" şirkətlərinin bu yatağı istismar etmək səylərisə vaxtilə Bakı-Aşqabad əlaqələrinə kölgə salıb. Daha sonra Türkmənistan həmin yatağı "Exxon Mobil" şirkətilə birlikdə istismar etməyə cəhd göstərib. Lakin sonda Amerika şirkəti Azərbaycanla əlaqələrinə zərər gəlməməsi üçün geri addım atıb.
Nəhayət, tərəflərin 2008-ci ildə əldə etdiyi razılığa əsasən, Xəzər dənizinin hüquqi statusu müəyyən edilmədən qeyd olunan yataqdan istismar məqsədilə istifadə olunmayacaq. Amma bu da son olmayıb. 1 il sonra rəsmi Aşqabad məsələ ilə bağlı beynəlxalq arbitraj məhkəməsinə müraciət edə biləcəyini açıqlayıb. 2015-ci ildə isə sərhəd patrulu "Kəpəz" ("Sərdar") yatağının işlənməsi üçün oraya üz tutmuş Türkmənistan gəmisini saxlayıb.
Qafqaz regionu üzrə ekspert Sergey Markedonov hesab edir ki, iki ölkə başçısının indiki şəraitdə keçirilmiş son görüşü Azərbaycan-Türkmənistan əməkdaşlığını gücləndirə bilər. ABŞ tərəfindən Rusiya və İrana qarşı sanksiyaların tətbiq olunduğu şəraitdə Azərbaycanla Türkmənistan Xəzər dənizində Qərbin tərəfdaşlarına çevrilə, Rusiyanın neft və qazına alternativ yarada bilərlər.
Türkmənistan Avropaya təbii qaz tranziti məsələsində Rusiya ilə də problem yaşayıb. Aşqabad "Qazprom" şirkətinin Türkmənistan qazının Avropaya yenidən satışından böyük gəlir əldə etməsindən narazıdır. Qazın qiymətilə bağlı narazılıq 2016-cı ilin yanvarında "Qazprom"un Türkmənistan qazını almaqdan imtina etməsinə və rəsmi Aşqabadın yeni tərəfdaş axtarışına çıxmasına səbəb olub.
Bütüb bunlarla yanaşı, Azərbaycanla Türkmənistan arasında enerji sahəsində əməkdaşlığa maneələr də qalmaqdadır. Hər iki tərəf İran və Rusiyanın narazılığından ehtiyatlanır. Demək, onların əməkdaşlığı Moskva ilə Tehrana qarşı enerji müttəfiqliyinə çevrilməyəcək.
"Oil Prise" yazır ki, daha bir problem var. Türkmənistan Azərbaycandan Avropaya çəkiləcək "Cənub Qaz Dəhlizi" layihəsinə qoşulmaq istəyir. Bu boru xətti ilə bağlı ilk təşəbbüs hələ 1990-cı ildə irəli sürülsə də, o, hələ reallaşmayıb. Bakı ilə Aşqabad onun inşası üçün yalnız boru xəttinin keçdiyi ölkələrin razılığının vacib olduğunu vurğulayır. Rusiya ilə İran isə bununla qətiyyən razılaşmır. Onlar hesab edir ki, Xəzər dənizinin hüquqi statusu müəyyən edilənədək bu layihə 5 sahilyanı ölkə tərəfindən dəstəkləndiyi təqdirdə rellaşdırıla bilər.