
Rusiyanın düşmənçilik siyasəti: şovinist kampaniya davam edir
13 Avqust 23:45
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində ABŞ Prezidenti Donald Trampla görüşün çox səmimi şəkildə keçdiyini bildirib. Prezident İlham Əliyev deyib: “Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir. Prezident Trampla görüşümüz çox səmimi şəkildə keçdi. Deyə bilərəm ki, dostluq şəraitində keçdi. Bir çox önəmli məsələlər müzakirə edildi. Eyni zamanda, bildiyiniz kimi, Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu da yaradılmışdır və əlbəttə ki, bu sənədin böyük əhəmiyyəti var. Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir. Yəni, sadəcə olaraq, bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır və artıq mənim göstərişimlə Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Biz öz təkliflərimizi irəli sürəcəyik. Artıq mənim səfərim çərçivəsində Amerikanın bir neçə aparıcı şirkəti ilə görüşlər keçirilmişdir. Yəni, biz vaxt itirmək istəmirik. Onsuz da əvvəlki administrasiya dövründəki dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm. Çünki əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik. Xüsusilə cənab Trampın və onun administrasiyasının nümayəndələrinin - komandasının Azərbaycana olan müsbət münasibətini, yəqin ki, tamaşaçılar da bizim keçirdiyimiz görüşlərdən və mətbuat konfransındakı ab-havadan hiss ediblər”.
Prezident İlham Əliyevin müsahibəsində toxunduğu məsələlər, ikitərəfli əməkdaşlıq, həmçinin Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması və digər məqamlar haqqında politoloqlar fikirləri “Xalq Cəbhəsi” ilə bölüşüb.
Azərbaycan–ABŞ münasibətlərində yeni strateji mərhələnin başlanğıcı
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri, Azərbaycan–ABŞ münasibətlərində yeni strateji mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər: “ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutan görüşlərdə ikitərəfli əməkdaşlıq yalnız siyasi müstəvidə deyil, iqtisadi, texnoloji və təhlükəsizlik sahələrində də genişləndirildi. Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması barədə əldə olunan razılaşma gələcək illər üçün konkret fəaliyyət çərçivəsi təqdim edir. Enerji, nəqliyyat, süni intellekt, müdafiə sənayesi və digər istiqamətlər üzrə əməkdaşlıq Azərbaycanın regional və qlobal mövqeyini gücləndirəcək. Səfərin simvolik məqamlarından biri, uzun illərdir Azərbaycana qarşı tətbiq olunan “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin Prezident Tramp tərəfindən ləğv edilməsidir. Bu, həm ədalətin bərpası, həm də ABŞ-nin Azərbaycanla strateji tərəfdaşlıq niyyətinin açıq ifadəsidir”.
“Vaşinqton görüşü regionda yeni siyasi və iqtisadi nizamın əsasını qoydu”
Z.Qarayeva bildirib ki, eyni zamanda, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması və Minsk Qrupunun ləğvi üçün birgə müraciət razılaşdırıldı: “Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılması öhdəliyinin qəbul edilməsi, prosesin davamı olaraq sülh müqaviləsinin rəsmi imzalanmasına yol açır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz quru əlaqə təmin edəcək “Tramp Marşrutu”nun ABŞ qarantlığı ilə reallaşması isə həm geosiyasi, həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Beləliklə, Vaşinqton görüşü Azərbaycanın 2020-ci ildən sonra hərbi müstəvidə qazandığı uğurları diplomatik sahədə də möhkəmləndirdi, regionda yeni siyasi və iqtisadi nizamın əsasını qoydu”.
“Cənab İlham Əliyev ən dəyərli resursumuzdur”
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, tarix kitablarına və siyasi nəzəriyyələrə baxarkən hər bir siyasətçinin özünə verdiyi bir cavab olur ki, sanki o kitabların bütün səhifələrini də, nəzəriyyələrin təcrübəsini də tətbiq edən Azərbaycan xalqının əvəzsiz Lideri cənab İlham Əliyevdir: “Xatırladığımız, gözümün önündən film kimi keçən səhnələrin başında isə dayanan yəqin ki, zənnimcə isə elə ən birinci məqam cani Robert Koçaryanla əbədi Liderimiz Heydər Əliyev arasında baş tutan dialoqlardır. Bu gün isə o səhnənin sonunu görürük. Gələcəyi ümidlərlə dolu olan sonunu. “Ona özüm qədər inanır, gələcəyinə böyük ümidlər bəsləyirəm” fikrinə xor baxanların baxışlarını yanıldan Müzəffər Liderimiz cənab İlham Əliyev Cənubi Qafqaza heç zaman qismət olmağa icazə verilməyən bir ab-hava gətirir. “Erməni-müsəlman davası” deyə yaddaşlara hopdurulan o kirli süngər süzülür. Tarixin keşməkeşi qədər, həm də xalqımızın zəfər tağlarından keçərək. ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş tavtologiyasız tarixidir. Tavtologiya olmayan, qürur duyula-duyula, üzərinə basıla-basıla təkrar edilməyə layiq, sinəmizi şişirdən başqa bir məqam cənab İlham Əliyev kimi bir resursa sahib olmağımızdır. Bəli, dövlət başçımız resursdur, siyasət dünyasının bütün yeraltı və yerüstü sərvətlərindən daha çox ehtiyac duyduğu Lider resursudur”.
“Hər iki tərəf siyasi iradə nümayiş etdirir”
Politoloq əlavə edib ki, Trampın dəvəti ilə reallaşan bu görüş, dövlət başçımızın, xalqımızın ünvanına səsləndirilən müsbət fikirlərin bir müəllifi var: “Azərbaycanın milli maraqlarını ən yüksək səviyyədə realizə edən bu müəllif Azərbaycanı dünyaya tanıdır. ABŞ ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə münasibətlərin inkişafına böyük və fərqli impuls verəcək Strateji Tərəfdaşlıq Xartiyası sadəcə iki ölkə qarşısında deyil, regionumuz qarşısında böyük imkanlar açır. Dövlət başçımızın da bildirdiyi kimi itirilən dörd ili bərpa etmək üçün zaman itirmədən işlərə başlanılmalıdır. Bu istiqamətdə hər iki tərəf siyasi iradə nümayiş etdirir”.
“Bu, Müzəffər Liderimizin yaratdığı reallıqdır”
Ş.Həsənovanın sözlərinə görə, bir gün düşünsəydik ki, Azadlığa Dəstək Aktına 907-ci düzəliş ləğv olunacaq, yəqin ki, o da yuxu kimi gələrdi bizə: “Lakin bu da reallıqdır. Bu da məhz Müzəffər Liderimizin yaratdığı reallıqdır. Azərbaycan Prezidenti zamanın fövqündə dayanmağı bilən, praqmatik siyasəti ilə seçilən dünya səviyyəli siyasətçidir. Bu baxımdan deyə bilərik ki, dövlət başçımız çox əvvəl Trampa dəstəyini ifadə etmişdi. Vaxtilə Azərbaycanın əleyhinə işləyən Menendez, Şiff, Pelosi, Şerman, Markey, Kristofer Smit və başqalarının Azərbaycan əleyhinə bütün narrativləri yerlə bir oldu. Tökülən pullar bir gecədə göyə sovruldu. Çünki Ermənistan tərəfi özü bildirir ki, Konstitusiya dəyişikliyi qaçılmazdır. Bütün ermənipərəst təşkilatların da, media resurslarının da üstündən xətt çəkildi. Bu xətti çəkən də Müzəffər Liderimizdir. Beynəlxalq sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) tarixi nailiyyətdir. Bu, bütün region ölkələrinin xeyrinə olacaq. Vaşinqtonda imzalanan sənəd Azərbaycanın sülh niyyətini bir daha bütün dünyaya sübut edir. Azərbaycan olmadan Ermənistanın tranzit ola bilməyəcəyi sübut edildiyi kimi. Cənubi Qafqazın xoşbəxt gələcəyinin Müzəffər Liderimiz İlham Əliyevdən başqa müəllifi olmadığı kimi”.
Röya İsrafilova