“Şefer münaqişə tərəflərinin dövlət başçılarına deyil, ABŞ prezidentinə müraciət etsin” Siyasət

“Şefer münaqişə tərəflərinin dövlət başçılarına deyil, ABŞ prezidentinə müraciət etsin”

Mübariz Əhmədoğlu: "İndiyə qədər ABŞ prezidentinin iştirakı ilə prezidentlərin görüşü baş tutmayıb"

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şefer Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yenilik gətirə bilər. Onun sələfi Riçard Hoqland da yenilik gətirə bildi. Amma Şeferin gətirəcəyi yeniliyin çərçivəsi ABŞ Dövlət Departamenti tərəfindən müəyyənləşəcək.
Bu fikirləri politoloq Mübariz Əhmədoğlu bildirib. O qeyd edib ki, Hoqland münaqişənin tənzimlənməsinə iqtisadi məsələləri gətirdi, Nyu-Yorkda BMT rəhbərliyi ilə danışıqlar apardı və dəstək aldı. Lakin sonra Dövlət Departamenti Hoqlandı Uorlikin variantına qaytardı.
Politoloq bildirin ki, Şefer 3 fərqli cəhəti var: "Birincisi, o ABŞ-ın Rusiyadakı səfirliyində çalışıb. Minsk qrupunun amerikalı həmsədrləri arasında Rusiya səfirliyində çalışan olmayıb. Şefer Rusiyanın ictimai-siyasi mühitini bilir. İkincisi, Şefer ATƏT haqqında da məlumatlıdır. Çünki o ABŞ-ın Vyanada beynəlxalq təşkilatlardakı təmsilçisi olub. Digər tərəfdən o həm də hüquq müdafiəçisidir. Şefer Vyanada qadın haqlarını müdafiə edib. Bizdə də əsas problem insan hüquqları sahəsindədir. Çünki 1 milyondan artıq qaçqın və məcburi köçkünün bütün hüquqları pozulub. Şefer hüquq müdafiəsi sahəsində təcrübəsini üstün götürəcəksə, qaçqınların hüquqlarının müdafiəsini ön plana çıxaracaq".
Politoloq təklif edib ki, Şefer münaqişə tərəflərinin dövlət başçılarına deyil, ABŞ prezidentinə müraciət etsin: "Şefer ABŞ prezidenti Donald Trampa müraciət etsin ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etsin. ABŞ prezidenti kim olmasından asılı olmayaraq Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edərsə, özü də bu görüşdə iştirak edərsə, bu görüşün münaqişənin həllində böyük rol oynayacağı böyük ehtimallıdır. Bu günə qədər Fransa, Rusiya prezidentləri Azərbaycan və Ermənistan prezidentlərini görüşdürə bilib. Lakin Dağlıq Qarabağ münaqişəsinin tarixində ABŞ prezidentinin iştirakı ilə prezidentlərin görüşü baş tutmayıb".