Trampın planı nəyə hesablanıb?-ŞƏRH Siyasət

Trampın planı nəyə hesablanıb?-ŞƏRH

“ABŞ Prezidenti Donald Trampın İsrail–Fələstin münaqişəsinin həlli və girovların azad edilməsi ilə bağlı irəli sürdüyü planın ilk mərhələsinin başa çatması, şübhəsiz, regionda müəyyən dinamika yaradıb. Lakin bu təşəbbüsün Yaxın Şərqdə uzunmüddətli sülhün bərqərar olmasına real töhfə verib-verməyəcəyi məsələsi hələ də açıq qalır”.
Bu sözləri politoloq Vüqar Zifəroğlu məsələ ilə bağlı xalqcebhesi.az-a müsahibəsində deyib.
O qeyd edib ki, Trampın planı ilk baxışdan humanitar addım kimi təqdim olunsa da, onun arxasında daha çox siyasi məqsədlər dayanır: “Girovların mərhələli şəkildə azad edilməsi və atəşkəsin müvəqqəti təmin olunması beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanır. Amma bu, ABŞ-nin Yaxın Şərqdə öz diplomatik təsirini gücləndirmək və regional siyasətdə yenidən fəal oyunçuya çevrilmək cəhdidir.
Politoloqun sözlərinə görə, planın uzunmüddətli perspektivdə uğurlu olması üçün bir çox ciddi maneələr qalır: “Əvvəla, Trampın planı Fələstinin dövlət kimi tam müstəqilliyini tanımır. Bu isə “iki dövlət həll prinsipi”ni sual altına salır və fələstinlilər arasında dərin etimadsızlıq yaradır. Digər tərəfdən, İsrailin sağçı siyasi dairələri bu planın bir sıra müddəalarına qarşı çıxır”.

Günel Elxan